192 milyon dollara yaxın vəsait kosmosa uçub " />

Azərbaycanın üçüncü peyki kosmosda – qələbə, yoxsa bədxərclik?

192 milyon dollara yaxın vəsait kosmosa uçub

Azərbaycanın növbəti telekommunikasiya peyki “Azerspace-2” Kuru (fransız Qvineyası) kosmodromundan kosmosa uçub. Bu, 2013-cü ildən bəri kosmosa buraxılan “Azerspace-1” və “Azersky” məsafədən müşahidə peykindən sonra Azərbaycanın sayca üçüncü peykidir.

“Azerspace-2” peyki 15 il müddətində istismar ediləcək. Avropa, Mərkəzi və Cənub-Şərqi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edərək Azərbaycanın Azerkosmos peyk operatoruna geniş coğrafiya imkanı verəcək, həmçinin “Azerspace-1” üçün orbitdə ehtiyat olacaq.

Layihə Azərbaycana demək olar ki, 192 milyon dollara başa gəlib və Kanadanın İxracın İnkişafı Agentliyinin (Export Development Canada, EDC) uzunmüddətli və güzəştli kredit xətti ilə həyata keçirilir.

Prezident İlham Əliyev xalqı təbrik edib və peyk istifadəsinin faydaları haqda danışıb:

  • Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilir;
  • kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlıq dərinləşəcək;
  • yalnız Azərbaycanda yox, dünyanın istənilən nöqtəsində hadisələri izləmək mümkün olacaq;
  • yeni peyk hərbi potensialı gücləndirəcək

və sairə.

“ ‘Azerspace-2’ telekommunikasiya peykinin orbitə çıxarılması bizim tarixi qələbəmizdir. Azərbaycan indən belə də yalnız uğur və qələbə yolu ilə gedəcək”, – prezident bildirib.

Sosial şəbəkələrdə həm sadə istifadəçilər, həm də mütəxəssislər əsasən məsələnin maliyyə tərəfini müzakirə edir.

Məsələn iqtisadçı Natiq Cəfərli layihənin səmərəsinə şübhə ilə yanaşır. O hesablayıb ki, peyklərin inşaatına xərclənən vəsaitdən başqa hər bir peykə göstərilən xidmət ildə 5-10 milyon manat (3-6 milyon dollar) “yeyir”. Halbuki ilk peyk ildə yalnız 10 milyon manat gəlir gətirir və maksimum 15 ildən sonra yararsız hala gələcək.

“Bu peyklər hərbi məqsəd daşısaydı, yenə anlamaq olardı, bu günə qədər peyklərlə bağlı ən “effektiv” əməliyyat o olub ki, Şəkidə 33 hektar istifadə olunmayan əkin sahəsi “tapıb”, Şəkidə çobanlardan birinə 100 manat versəydilər, istifadə edilməyən 500 hektar torpağın yerini Azərkosmosa deyərdi”, – iqtisadçı yazır.


More on JAMnews