Mərhum üçün çətinliklər bitir, qohumları üçün isə başlayır " />

Azərbaycanda ölmək: qiymətlər, mərasimlər, qaydalar

Mərhum üçün çətinliklər bitir, qohumları üçün isə başlayır

Azərbaycanda bir çox yaşlı adamlar hələ həyatdaykən özlərinin dəfn və yas mərasimləri üçün pul yığmağa başlayır, çünki bu tədbirlər baha başa gəlir. Ölüm sosial mərasimlər arasında xüsusi yer tutur; toy və ya doğum gününə münasibətdə müəyyən səhlənkar yanaşma yolverilən sayıla bilər, məhrum qohumlar qarşısında isə borcunu ödəmək lazımdır: dəfn, yas mərasimi – hər şey yüksək səviyyədə olmalıdır, hətta borca girməli olsan belə.

Ölüm bürokratiyası

Bakıda mərkəzi məscid Təzə Pir məscididir. Ərazisində məscidin özündən, mədrəsə və Qafqaz Müsəlmanları İdarəsindən başqa mərasim xidmətlərinin göstərildiyi bina yerləşir.

Sütunlu geniş zal orta səviyyəli Şadlıq evini xatırladır: sıra ilə düzülmüş uzun masalar, süfrədə çay, halva, konfet, zalın yuxarı başında molla və mərhumun yaxın qohumları üçün kiçik masa yerləşir: indi orada İradənin anası – sarı saçlı və qara şallı arıq qadın oturub; vaxtaşırı başından sürüşüb düşən şalı düzəldir.

Atasının sağalmaz xəstəliyə tutulduğunu İradə ilə anası çoxdan bilirdi, bununla belə onun belə tez, qəfil, infarktdan öləcəyini gözləmirdilər. “Bir gün əvvəl ürəyi bərk ağrıyırdı, xəstəxanaya apardıq, oradan da qayıtmadı”, – İradə danışır.

Azərbaycanda ölüm bürokratiya ilə müşayiət olunur. İradənin “bəxti gətirdiyini” demək olar, atası xəstəxanada dünyasını dəyişdiyi üçün, ölüm haqqında sənədi həkim yerindəcə verib. “İnsanların ölüm haqqında şəhadətnamənin necə çətinliklə, məhkəmə yolu ilə aldığı barədə eşitmişəm, – İradə danışır. – Adam evdə keçinibsə, buna qədər də uzun müddət poliklinikaya baş çəkməyibsə, orada sənədi verməkdən imtina edə bilərlər, onda da şəhadətnaməni məhkəmə vasitəsiylə almalı olursan”.

Bəzən ölümün səbəbi aydın olmayanda həm də polis çağırmalı olursan.

Mustafanın anası tək yaşayırdı. İki gün idi ki, zənglərə cavab vermirdi; kiçik oğlu anasını yoxlamağa gəlir və evə girmək üçün pəncərəni sındırmalı olur. Təcili tibbi xidmət maşını vaxtında gəlir, həkimlər ölüm faktını təsdiqləyir, amma bildirirlər ki, polisə xəbər verməlidirlər – prosedur qayda belədir.

Ananın ölümündə heç bir kriminal əlamətlər olmasa da (xroniki xəstəliklər fonunda ürək çatışmazlığı) Mustafa cinayət işinin açılmaması üçün rüşvət verməli oldu.

Qəbiristanlıq – rəsmi və real

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənovun bildirdiyinə görə, ümumilikdə Bakıda və şəhər ətrafında yüzdən çox qəbiristanlıq var. Onlardan cəmi 32-si trestin nəzdindədir. Yerdə qalanı bələdiyyəyə və icra hakimiyyətinin yerli orqanlarına tabedir. Baş mühəndisin sözlərinə görə, dövlət preyskurantına əsasən bir adamın dəfni, vətəndaş üçün 63 manata ($33), əcnəbilər üçün isə 79 manata ($41) başa gəlir.

“Kimdir deyən ki, qəbirin qiyməti bir neçə mindir? İnternetdə? İnternetdə çox şey deyirlər! Göstərin mənə həmin adamı!” – Sabir Həsənov əsəbi şəkildə deyir. Bu zaman da əlavə edir ki, qəbri “sifariş” edərkən düz preyskurantın asıldığı qəbiristanlıq direktorunun kontoruna getmək, daha böyük məbləğ tələb olunduğu halda isə dərhal qaynar xəttə, (012) 501 83 08 nömrəsinə zəng etmək lazımdır. Yeri gəlmişkən, baş mühəndisin sözlərinə görə, rəsmi məbləğə ancaq məzarın hazırlanması daxildir, çünki torpaq “pulsuz düşür”. Məzarın hazırlanması üçün ayrıca pul ödəmək lazımdır – 2-3 kisə sement, 50-60 daş, qum – təxminən 75 manat ($40).

“Hər ölü dəfn ediləcək, heç kim torpağın üzündə qalmayacaq”, – o bildirir.

Qanunla hər kəsə dəfn olunmaq üçün 5 kvadrat metr torpaq düşür. Həyat yoldaşına yerin saxlanması üçün ərizə də yazmaq lazımdır. Eyni zamanda da mühəndis deyir ki, şəhərin mərkəzində artıq yer azdır, ona görə də şəhər ətrafındakı qəbiristanlıqlara müraciət etməyi məsləhət görür.

“Mən elə də etdim, düz direktorun kontoruna getdim, – İradənin əmisi oğlu, yasla bağlı bütün qayğıları öz üzərinə götürən Samir danışır, – düzdür, preyskurant var, bizə hətta dövlət rüsumunun ödənilməsi barədə qəbz də verdilər. Amma yerin özü xeyli daha bahadır. Əmimi Razin qəbiristanlığında (Bakıxanov qəsəbəsində) dəfn etdik. Direktor özü səninlə gedib, münasib yerlər təklif edir, abadlaşdırılması mümkün olan yaxşı sahə bahadır, bir az pis yer də ucuz. Əmimin məzar yeri (qonşu sahələr arasında keçiddə kiçik sahə) 600 manat ($314) idi. İki nəfərlik yaxşı, hasarlanmış yer 1200 manat idi, buna da pulumuz çatmadı.

“Qəbir bazarında” qiymətlər ən aşağı 140-150 manatdan şəhərin mərkəzində, prestijli “Qurd qapısı” qəbiristanlığında 7000 manata qədər dəyişir.

“Ayağını dirəyib desən ki, rəsmi qiymətdən artıq verməyəcəksən, deyəcəklər ki, qəbiristanlıqda yer yoxdur. Razılıq verməli olursan”.

Bakının köhnə Yasamal qəbiristanlığı rəsmi olaraq bağlı sayılır. Amma istəsən, orada da məhrum qohumun üçün yer tapmaq olar. Onun bir hissəsi köhnə rus qəbiristanlığıdır, lap köhnə, ot basmış qəbirlər də var. Çoxları, başında ulduz olan qəbirlər hələ sovet dövründən qalıb, daha təzələri isə xaçlarladır. Qəbiristanlığın yanından vaxtaşırı bahalı xarici maşınlar ötüb keçir – qohumlar ölənlərin xatirəsini yad etməyə gəlir.

Arxasında qəbir plitələri yığılan tozlu kontorda gənc oğlan deyir ki, yer yoxdur. “Başqa qəbiristanlıqlarda axtarın”, – deyə o məsləhət görür.

Baş daşlarının qiymətlərinə gəlincə, ən bahalıları qara qranit daşlardır, qiyməti də 2000 manatdan ($1050) başlayır; mərmər daha ucuzdur – 1000 manatdan ($523) başlayır. Ən ucuzu adi daşdan yonulmuş heykəllərdir, 500 manata da ($261) başa gələ bilər. Patamdart qəbiristanlığında baş daşları 800-1200 manatadır ($420-628).

“Burada ancaq rus qəbiristanlığı hissəsində yerlər var, – yolun kənarında oturan molla deyir, – rusların çoxu köçüb axı, heç kim qəbirlərə baş çəkmir, orada da dəfn etmək olar”. Qiymətlə bağlı sualdan sonra molla gözlərini yerə dikir: “Mən hardan bilim, adi mollayam, yasin oxuyuram, qəbir satmıram”. Yeri gəlmişkən, yasin oxumaq o qədər də baha deyil, adətən molla qiymət qoymur, nə qədər versələr götürür.

Sovet dövründə sahə alanların bəxti gətirib: adətən artıq hasarlanmış ərazidə bir neçə nəfər üçün yer olur. Bəziləri deyir ki, o vaxt yerlər dövlət tərəfindən pulsuz verilib. Nataliya Qaraxanova:

“Ulu nənəm sovet dövründə dünyasını dəyişib. Bizə eyni vaxtda iki nəfərlik yer verdilər. Sonra nənəmi yanında dəfn etdik, babam üçünsə sadəcə bir az hasarı çəkməli olduq”.

Qəbiristanlıqlar haqqında yeni qanun

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Səyavuş Novruzov bildirib ki, “Məzarlıqlar haqqında” yeni qanun layihəsi artıq Milli Məclisə təqdim edilib. Bu qanuna əsasən, yeni yaradılacaq qəbiristanlıqlarda vahid standart olacaq: bütün qəbirlər eyni ölüdə, baş daşları eyni olacaq. Hər şeyin qiyməti 300 manatdan ($157) baha olmayacaq, bura qəbirin qazılması və baş daşının qoyulması da daxildir. İnsanlar qəbir üçün yeri əvvəlcədən almağa çalışdıqları üçün, xüsusən də mərkəzi qəbiristanlıqlarda yerlər get-gedə azalır.

Regionlarda dəfnlər

Hər il Azərbaycanda təxminən 25 min adam dünyasını dəyişir. Bu, gündə təxminən 70 nəfərdir. “Son mənzil” üçün torpaqla bağlı gərgin vəziyyət və bundan çıxan çox bahalı dəfnlə əlaqədar olan problemlər əsasən Bakıya aiddir. Paytaxtda çox sayda rayondan gəlmələr yaşadığı üçün çoxlarını dəfn etmək üçün doğma torpağına aparırlar.

Rayon qəbiristanlıqlarında torpaqla bağlı problem olmur. Samirə Məmmədova danışır: “Qohumlarımızın hamısı Şamaxıda, atamın kəndində dəfn edilib. Özü də bu çox qədim bir qəbiristanlıqdır, burada hətta VII-VIII əsrə aid qəbirlər var. Hamıya yer çatır, həm də qohumları bir qəbirdə dəfn etmək adəti var, misal üçün nəvəni babanın qəbrində dəfn edirlər. Beləliklə, yerə də qənaət edilir; halbuki yer də almamışıq”.

Bakı kəndlərində də vəziyyət eynidir. Orxan Sultanov: “Özümüz Nardarandanıq, kənddə yerlilər üçün həmişə yer tapılır”. Qəbirin qazılması və divarın hörülməsi 200 manata ($105) başa gəlir. Ağ daşdan olan adi baş daşı 400-600 manatdır.

4

 

Yas mərasimi

Həm varlı, həm də kasıb adam yas mərasimi keçirməli, ehsan verməlidir.

Kənddə ehsan vermək daha asandır: orada yenə də köhnə vaxtlarda olduğu kimi, bütün qadın qohumları yığışıb, halva, yemək hazırlayır, çadırı düz həyətin ortasında qurmaq olar, evin ölçüləri və ya hava imkan verirsə, çadırsız da keçinmək mümkündür.

Beş il əvvəl İradənin qayınatası dünyasını dəyişəndə çadır kirayə ediblər. Çadırın ölçüləri insanların sayından asılı olaraq dəyişir – yüz nəfərin də, iki yüz əlli nəfərin də yerləşə bildiyi çadırlar var.

Yük maşını gəldi, bir neçə cavan oğlan tez və cəld şəkildə həyətdə əsas çadırı qurdular. Bu çadırın pəncərələri, qapısı, qışda qaz plitəsi, yerdə kovrolini də var. Çadırda plastik masa və stullar düzürlər.

Yanında mətbəx çadırı da quraşdırılır. Burada yemək hazırlayır, tərəvəz düzür, çay süzürlər – mətbəxin yanında samovar tüstüləyir. Ərzaqları mərhumun ailəsi alır, qonaqlara qulluq etməyə isə “Kirayə çadır”in oğlanları kömək edir.

VIP çadırlar da olur, onların kirayəsinin qiyməti 1000-1500 manata ($785) qədər ola bilər. Bu, əməlli-başlı döşəməsi, kondisioneri, sobası olan çadırdır.

Daha bir variant “Mərasim evi”dir. Burada hər qonağa görə müəyyən məbləğ ödəmək lazımdır, 10 manatdan 15 manata qədər (təxminən $6).

Bəzən “Mərasim evi”nin xidmətlərinə tədbiri “aparan” molla da daxildir, onunla əvvəlcədən razılaşmaq lazımdır. Düzdür, adətən belə mollalar o qədər də canfəşanlıq göstərmir – tələsik yasin oxuyur və yaranan fasilələri ürək dağlayan söhbətlərdə doldurmurlar. Belə hesab olunur ki, tanış, on-on beş qohumunu yola salan mollanı gətirmək daha yaxşıdır.

 

Düzgün mərasim

– Getdi, balam, getdi, vay!
Yazda sevinc, yayda vay!
Bizə od qoydun,
Anası iyini cəmi dörd ay alıb! – molla uca səslə mərsiyə deyir. Mərsiyə məclisə yığışanları ağlatmalıdır.

Molla süfrə başında əyləşən hicablı kök qadındır. Kürklü ətirli xanımlar gizlicə mollaya baxa-baxa pıçıldaşırlar. Molla yasin oxuduğu zaman kiminsə söhbət etdiyini eşidən kimi acıqla səsini qaldırır.

Dinləyicilər göz yaşlarını silir – ürəkdən oxunan mərsiyə məclisə yığışanları öz ölən qohumlarını yada salmağa məcbur edir. Kürklü xanımlar süfrəyə baxır, amma mollanın icazəsi olmadan yeməyə əl uzatmaq olmaz. Zalın o başında əllərində sini ilə oğlanlar dayanıb, onlar da molladan siqnal gözləyir.

Molla tələsmir. Vicdanla işini görür, Buzovnada yaşayan bu molla üçün 50 manat çox da yaxşı puldur.

Həzrəti Fatimə, Hüseyn, Əlinin həyat hekayələri nəzmlə oxunur. Sonra da lirikaya keçirlər (“Əziz xalam, öldüm mən, təkcə sənsən yanımda, gəl, məni kəfənlə”), ritm tutmaq üçün dizlərinə və ya sinələrinə döyürlər.

Rayonlarda yas mərasimləri xeyli daha “emosional” keçir, mərsiyə özünəməxsus qrup terapiyası seansına çevrilir, qadınlar birlikdə ağı deyir, yırğalanır və hönkürə-hönkürə ağlayırlar. Bəzi kəndlərdə hətta üz-gözünü cırmaq adəti də qalıb.

Fərqi yoxdur – ölən uşaq, qoca, gənc qız və ya orta yaşlı kişi idi – molla hər kəs üçün deməyə söz tapır.

“İxtisasca ərəbşünas olan rəfiqəmin anası dedi – gəl başını bağlayaq, yas yerlərində dua oxuyub, pul qazanarsan, – Leyla danışır, – amma belə görürəm ki, burada ancaq ərəb dilini bilməklə kifayətlənmək olmur, bu cür məclisləri keçirmək üçün ilham lazımdır”.

Yaxşı molla mütləq oxunmalı olan dualardan başqa, həm də bir neçə indiki vəziyyətə uyğun hədis bilməli, dünyada baş verən son hadisələrdən xəbərdar olmalı, (“Allah bu amerikalılara lənət etsin!”), mütləq müharibə şəraitində olduğumuzu xatırlatmalı və Allahdan döyüş meydanında həlak olan şəhidlərimiz üçün rəhmət diləməlidir.

Ananaslar

Və nəhayət molla işarə edir ki, yeməyə başlamaq olar. Süfrədə turşular, tərəvəz, halva var, ofisiantlar ətli isti aş gətirir. Hamı da ədəblə yeməyə başlayır, əvvəl sakitlik hökm sürür, amma artıq 10-20 dəqiqə sonra qadınlar yavaş səslə qeybət edir və gülüşürlər.

Belə bir adət olmasa da, mərhumu daha böyük dəbdəbə ilə son mənzilinə yola salmaq istəyi yavaş-yavaş varlı bakılıların yas süfrələrində yeməklərin sayını artırdı. Artıq süfrəyə ekzotik meyvə və konfetlər də qoyulmaya başlayandan sonra müsəlman ruhaniliyi işə qarışdı.

2014-cü ilin payızında Qafqaz Müsəlmanları İdarəsi dəbdəbəli yas mərasimi keçirməmək tövsiyəsi ilə çıxış edib. Yas süfrəsinə ancaq çay, şəkər, halva, xurma qoymaq məsləhət görülürdü. “İslam qanunlarına görə, yas mərasimində zəngin süfrə bədxərclikdir, bədxərclik də haram sayılır, insanlar söhbət zamanı mərhuma dua oxumağı unudurlar”, – Zaqatalada Cümə məscidinin imamı Hacı Fərhad Əfəndi izah edir. Tövsiyə əslində könüllü xəbərdarlıq xarakteri daşımalı idi – buna yerli hakimiyyət orqanları və ruhanilər nəzarət etməli, tabe olmayanlar isə cərimə olunmalı idi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı heç bir qadağanın olmadığını bildirsə də, internetdə tez-tez ölkənin bu və ya digər rayonunda hakimiyyət nümayəndələri, polisin yas yerinə gələrək, orada olan yeməkləri aparması haqda məlumatlar yayılıb. Maraqlıdır ki, bu qadağa “Mərasim evləri”nə aid edilmir.

Görünür, qanuna riayət edilməsi mexanizmi tam işlənib hazırlanmamışdı. Məsləhət də sonda ancaq məsləhət olaraq qalıb.

16650622_1533825463312385_1962825485_o


More on JAMnews