“Atam bizimlə gedəcəksə, qoy, polis də bizimlə gəlsin”" />

Azərbaycanda boşanma: uşaqları necə qorumalı?

“Atam bizimlə gedəcəksə, qoy, polis də bizimlə gəlsin”

Sığınacağın həyətində qaçdı-tutdu oynayan uşaqların hay-küyü ilə qarşılanırıq. Darısqal həyətdə oynayan, anasının ətəyindən dartıb, nə isə istəyərək, ağlayan bu uşaqlar bura niyə gəldiklərindən xəbərsiz görünürlər.

Buraya fiziki və mənəvi zorakılığa məruz qalmış qadınlar üz tutur. İkimərtəbəli evin dəhlizlərində var–gəl edən bu qadınların hər biri üzləşdiyi ağır və mürəkkəb həyat hekayəsini nəql edə bilər.

Azərbaycanda zorakılıq qurbanı olmaq ayıbdır?

Azərbaycanda erkən nikahlar: hansı həyat hekayəsi daha qorxuncdur?

Onlardan biri də iki uşaq anası 31 yaşlı Aydan Əliyevadır [ad şərtidir-red.]. Əynində önlüyü, üzündə vaxtsız qırışları. İki aydır (boşanma ərizəsi verəndən sonra) sığınacağa gəldiyini deyən bu qadın buranın aşpazlığını öz boynuna götürüb. Beləcə ona və uşaqlarına göstərilən qayğının əvəzini verməyə çalışır.

Rəsmi məlumata görə, 2015-ci ildə Azərbaycanda 68773 nəfər nikaha girib, 12764 nəfər boşanıb. Mütəxəssislər deyir ki, ölkəmizdəki boşanmalar inkişaf etmiş ölkələrdəki boşanmalardan kəskin fərqlənir. Ekspertlərə görə, Azərbaycanda iki insanın mədəni şərtlərlə boşanmasına az rast gəlinir. Nəticədə isə uşaqlar psixoloji travma alır, hüquqları pozulur.

Uşaqların xətrinə

Aydan Əliyeva danışır ki, onun özü və uşaqları da boşanma prosesində böyük stress keçiriblər. Deyir ki, sığınacaqdakı psixoloqun sayəsində indi özlərini nisbətən yaxşı hiss edirlər.

“Çox qayğıkeş ata idi. Məni də, uşaqlarını da çox sevirdi. İki il əvvəl həyatına bir qadın girdi. Sonra başladı içki içməyə. Məni döyüb, uşaqların yanında təhqir edirdi. Mən də əvvəllər dözürdüm. Sonra birdəfəlik o qadının yanına köçdü. Narkotik üstündə həbs olundu. Məhkəməyə ərizə verdim. O, həbsxanada olanda, boşandıq. Mən boşanandan bir neçə ay sonraya qədər də onu sevmişəm. Hətta məhkəmədə də gözlədim ki, boşanmaq istəmədiyini desin. Amma demədi”.

Azərbaycanda nikahdankənar uşaqlar

Azərbaycanda selektiv abortlar: heç vaxt doğulmayacaq qızlar

Aydan danışır ki, məhkəmə uşaqların atalarıyla görüşdürmək haqqını ananın seçiminə buraxıb: “Həbsxanada olanda, görmək istədi. Uşaqları 3 günlük yolladım, görüşdülər…”.

Uşaq psixoloqu Nurlanə İsmayılova deyir ki, uşaqların əziyyət çəkməməsi üçün boşanma qarşılıqlı razılıq əsasında olmalıdır:

“Uşağa izah olunmalıdır ki, bu qərar ona istədiyi vaxt valideynlərini görməyə mane olmayacaq. Boşanmada uşağın da fikri nəzərə alınmalıdır. Valideynlər bu qərarı uşağa zamanla bildirməlidirlər. Boşanma vaxtı ata və ya ananın digər valideyni görmək qadağasıyla rastlaşan uşaqlarda stress yaranır. Belə uşaqların vəziyyətini normallaşdırmaq üçün əvvəlcə stress uşaqlardan çıxarılmalıdır. Bunun hansı üsulla olacağını isə uşaqlarla söhbətdən sonra müəyyənləşdirmək olur”.

“Həbsxanadan çıxanda da görüşmək istədi, – Aydan danışır. – Yenə yolladım. Amma bu dəfə məni aldatdı. 4 ay uşaqlarımı mənə göstərmədi. Həyatımın ən ağır günlərini onda yaşadım. Yoldaşımın qohumları deyirdi ki, qızın “ana” deyib, şam kimi əriyir. Qızımın 6, oğlum isə 5 yaşı vardı o vaxt. Axır ki, vəkil tapıb, məhkəmə yolu ilə uşaqlarımı geri aldım”.

Aydan Əliyeva söyləyir ki, uşaqlarını geri aldıqdan sonra keçmiş ərinin israrı ilə onunla barışıb:

“Uşaqlarımın xətrinə elədim. Amma yenə eyni şeyləri təkrarladı. Mən də uşaqlarla Bakıya gəlib, bu sığınacağı tapdım. Boşanandan sonra yanında qaldığımız ayları çıxsam, mənə bir qəpik də aliment ödəməyib. Ümumiyyətlə, indi bircə istəyim uşaqlarımı götürüb, Ukraynaya, xalamın yanına getməkdir. Orda xalam bizə şərait yaradacaq. Onun da icazəsi lazımdır deyə, işimiz məhkəmədədir. Deyir ki, mən də sizinlə gedəcəm. Uşaqlar ondan çəkinirlər. Qızım burdakı işçilərdən birinə deyib ki, əgər atam bizimlə gedəcəksə, olar ki, yanımızda polis də getsin? Vallah, mən heç vaxt uşaqlarımın yanında onu pisləməmişəm. Amma başqa əlacım yoxdur. Hətta onunla da olsa, uşaqları Ukraynaya aparacam. Bilmirəm, bəlkə də orada həyatımızı sıfırdan başlaya bildik”.

8 yaşlı Aliyə və qardaşı 7 yaşlı Kamal (adlar şərtidir – red.) artıq iki aydan çoxdur ki, məktəbə getmirlər. Aliyə danışmaq istəməsə də, qardaşı tez-tez anası ilə oturduğumuz otağın qapısını açıb, söhbəti kəsir. Qadın 7 yaşlı oğlundan müsahibəni nəzərdə tutaraq “Kamal, danışmaq istəyirsən?” deyə soruşanda, uşaq “Atamla? Anam da yanımda olacaqsa, danışaram. Anam da gəlsə, atamı görməyə gedərəm”, cavabını verir.

Qanun və icra mexanizmi

Hüquqşünas Fariz Əkbərov bildirir ki, boşanma vaxtı uşağın kimlə qalması Rayon İcra Hakimiyyətlərinin Qəyyumluq Komissiyasının verdiyi rəyə əsasən müəyyənləşdirilir:

“Bu komissiyada isə bir psixoloq var. Məsələn, 100 minlik bir rayondur, bu rayonu bir psixoloq əhatə edir. Bizdəki mexanizm budur ki, psixoloq məhkəmədə iştirak edir, gedir evdə bir akt tərtib edir.

Valideynin evinə baxır: ev var, əmək fəaliyyəti var, bir dəfə də uşaqla danışır. Uşaq da atası və ya anasıyla qalmaq istədiyini deyir. Vəssalam, psixoloq bunu yazıb, məhkəməyə göndərir. Beləcə məhkəmə qətnamə çıxarır.

Psixoloji məsələlər dərindən araşdırılmır. Bu mexanizm effektsizdir. Heç məhkəmənin Qəyyumluq Komissiyasının rəyini gözləməyə də məcburi deyil. Sadəcə alternativ olmadığı üçün məhkəmə bu rəyə əsaslanır.

Bu problemin effektli həlli budur ki, məhkəmə qanunvericilikdə boşanma üçün nəzərdə tutulan 3 ayı ata-ananı və uşağı birlikdə psixoloji ailə terapiyasına yönləndirsin. Bizdə bunu həyata keçirmək üçün dövlətin reabilitasiya mərkəzləri yoxdur”.

Azərbaycanda cəmi bir psixoloji mərkəzin olduğunu deyən ekspert məhkəmələrin bura sorğu göndərmədiyindən şikayətlənir:

“Məhkəmə-tibbi ekspertizasının tərkibində uşaqlar üçün psixoloji şöbə var. Ailə problemləri burada müəyyənləşdirilir. Bundan da çox adam xəbərsizdir. Çünki demək olar ki, heç bir məhkəmə ora sorğu göndərmir. Həm də bu mərkəz Bakıda olduğundan rayonlardan insanların bura gəlməsi onlar üçün əlverişsizdir. Qanunvericilikdə bunlar var. Amma mexanizm yoxdur. Psixoloji yardımla bağlı qanun layihəsi Milli Məclisə çıxarılıb. Görək, nə vaxt qəbul olunacaq”.

Fariz Əkbərov bildirir ki, boşanma zamanı adətən 10 yaşına qədər uşaqlar anaları ilə qalır. 10 yaşdan yuxarı uşaqların isə ata və ana arasında seçim etmək hüququ var:

“Qanunvericiliyə görə, uşaq hər iki valideynini, qohumlarını görmək hüququna malikdir. Valideynlər də həmçinin. Təəssüf ki, bizdə uşaq kimdə qalırsa, onun təsiri altında olur. Boşanmaların 70 faizində qətnamədə uşağın atayla ünsiyyəti göstərilmir. Bu da vəkil və ya hüquqşünasın vaxtında vəsatət qaldırmaması ilə bağlı olur. Qarşı tərəf də bundan istifadə edib, uşağı ataya göstərmir”.

“Onu bircə dəfə vurmuşam”

Uşaqları haqda danışanda, səsində xüsusi emosionallıq hiss olunan Aydan Əliyevanın keçmiş əri Taleh Əliyev (ad şərtidir – red.) haqqında deyilənlərin yalnız bir qismini qəbul edir:

“Mən onu döyməmişəm. Məni o həbs elətdirmişdi. Biz barışandan sonra bəzən bu hadisə yadıma düşürdü. Onda bir dəfə vurmuşam. Başqa qadın da olub. Amma həyatdır da. Hamının başına iş gəlir.

Boşanandan demək olar ki, yanımda olublar. Aliment vermədiyim düzdür. İndi işsizəm. Ona görə verə bilmirəm. Sizə bir şeyi deyim ki, mən hələ də yoldaşımı sevirəm. Uşaqlarım üçün ürəyim partlayır. Bu gün düz iki ay, 4 saatdır ki, onların üzünü görmürəm. Yoldaşım və uşaqlarımı Ukraynaya tək buraxa bilmərəm. Mən də onlarla gedəcəm. Bundan sonra əvvəlki səhvlərimin heç birini təkrarlamayacam. Çünki mən onlardan ayrı yaşaya bilmərəm”.

Sivil boşanma və beynəlxalq təcrübə

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Taliyə İbrahimova:

“Bizim qurum ilk növbədə qanunvericiliyi təkmilləşdirmək, həmçinin əhalinin maarifləndirilməsi istiqamətində işlər görür. Bizim 11 rayonda uşaqlara dəstək mərkəzlərimiz var. Oradakı mütəxəssislərimiz beynəlxalq ekspertlər tərəfindən sertifikatlar almış işçilərdir. Aidiyyəti qurumların uşaqların hüquqları ilə bağlı problemi olanda, həmin mərkəzlərə müraciət edirlər”.

“Yəqin ki, Nuray hadisəsi yadınızdadır. Burada boşluq beynəlxaql təcrübənin bizdə olmaması idi”.

Azərbaycanda 10 yaşlı uşağın ətrafında qalmaqal

Bir neçə ay öncə bir ailə qalmaqalı Azərbaycan ictimaiyyətinin diqqətini məşğul etmişdi. Qalmaqal atasıyla xalasının on yaşlı Nurayı “bölüşdürə” bilmədiyi üçün yaranmışdı. Nurayın anası öldüyü üçün onu xalası böyüdüb. Ailə dramını ictimaiyyətin diqqət mərkəzinə gətirən video görüntülər oldu. Videoda məhkəmə qərarıyla atasına verilməli olan uşağı məhkəmə icraçıları zorla xalasının əlimdən alır, uşaq isə çırpınır, ağlayır, yalvarır, xalasından ayrılmaq istəmirdi. Bu görüntülərə ictimaiyyət və media sərt reaksiya verdi. Bir neçə ay sonra tərəflər uşağın xalasında qalması, atasının isə istədiyi vaxt qızını görə bilməsi şərtilə razılığa gəldilər.

“Beynəlxaql təcrübədə, – Taliyə İbrahimova deyir, – uşaqlarla işləyən qurumlarda mütləq uşaq mütəxəssisi, uşaq psixoloqu olur. Ən azından oranın əməkdaşları uşaq hüquqları sahəsində təlimatlandırılır. Bu məsələ sırf Ədliyyə Nazirliyinin məsələsi idi.

Bizim tərəfimizdən görüləcək işlər məsələni qaldırmaq, boşluqları ortaya çıxarmaq, aidiyyatı qurumlara tövsiyyələrimizi vermək idi. Nurayın özü ilə isə bizim psixoloqlarımız iş apardılar. İndi onun vəziyyəti normaldır”.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə təmsil etdiyi qurumdakı sığınacağın zorakılığa məruz qalmış uşaqlar üçün nəzərdə tutulduğunu bildirir:

“Bizim hüquqşünas, psixoloq, sosial işçi və tərbiyəçilər kompleks şəkildə uşaqlarla işləyirlər. Boşanma prosesindən sonra uşağa qarşı zorakılıq baş veribsə, bu uşaqlarla əlavə reabilitasiya aparırıq”.

Azərbaycan Uşaqlar Birliyinin sığınacağına boşanmadan sonra ev-eşiksiz qalan uşaqlı analar da tez-tez müraciət edir.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, onların sığınacağında 30 nəfərin qalması üçün şərait var:

“Amma il ərzindən 150-dən çox qeydiyyatdan keçən qadın olur. Ötən il 173 nəfər bizim sığınacaqda qeydiyyatdan keçib. Azərbaycan ənənəsində anlaşmalı boşanma məfhumu mübahisəli məsələdir. Bizə müraciət edən qadınlardan yalnız birinin əri problemsiz boşandı. Qalan hallarda həmişə kifayət qədər konfliktlər, hər iki tərəfdən qərəzli münasibət olur. Zorakılıq da olur. Qadın döyülür, təhqir olunur. Nəticədə uşaqlar travma alır”.


More on JAMnews