Sirli naxışları oxumağı, xalçalara qulluq göstərməyi və mənşəyini təxmin etməyi öyrənirik" />

Prezidentlər üçün hədiyyə portretlər və əsrarəngiz naxışlar – Azərbaycan xalçaları haqda bilmədikləriniz

Sirli naxışları oxumağı, xalçalara qulluq göstərməyi və mənşəyini təxmin etməyi öyrənirik

Köhnə vaxtlarda Azərbaycanda deyərdilər ki, xalça insanı doğumdan ölümə qədər müşayiət edir və bu, heç də metafora deyil. Körpəlikdən uşaqlar xalçanın üstündə oynayırdılar, xalçanı qızlara cehiz verərdilər, adam öləndən sonra da onun üstünə yenə də xalça örtürdülər. Həm də hələ ötən əsrin əvvəllərində Azərbaycanın əksər evlərində stul, kreslo və divanlar olmayıb. Bütün bunları xalçalar əvəz edib.

Hansı cür xalçalar olur

Azərbaycan xalçaları “yaranma yerindən” asılı olaraq, dörd qrupa bölünür (onları məktəb adlandırırlar):

Təbriz məktəbi. Təbrizin əhalisini etnik azərbaycanlılar təşkil edir, hal-hazırda Təbriz İranın Şərqi Azərbaycan vilayətinin mərkəzidir. Təbrizdə dəbdəbəli ipək xalçalar toxuyublar. Təbriz xalçaları bir qayda olaraq, pastel çalarlarındadır və bitki ornamenti ilə bəzədilib.

Qarabağ məktəbi – nəzərə alsaq ki, Qarabağda evlərin otaqları az qala futbol meydançası boyda olub, bu cür otaqlar üçün xalçaları da otağa boydan boya döşəmək üçün beşini birdən toxuyardılar. Qarabağ xalçalarının əsas fərqli cəhəti əlvan rəngləri və gül ornamenti olub. Bu xalçaları da adətən yundan toxuyurdular.

Quba-Şirvan məktəbi – bu xalçalar daha sadədir, naxışlar arasında da gül-çiçək deyil, medalyonlar üstünlük təşkil edir. Bu medalyonlar Quba-Şirvan regionundan olan xalçaların vizit kartıdır. Onlar bir və ya bir neçə sıradan ibarət ola bilər.

Bakı məktəbi – Bakıda xalçaçılıq digər regionlara nisbətən daha zəif inkişaf edib. Bakılılar adətən xalçanı özləri toxumur, başqa yerlərdən gətirib satırdılar. Buna görə də bu məktəbin fəxr edəcəyi bir şey yoxdur. Bununla belə, onun da öz xarakterik xüsusiyyətləri var – sadə həndəsi naxışlar və oxranın üstünlük təşkil etdiyi spesifik rənglər.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bütün yuxarıda deyilənlərin hamısı xovlu, daha doğrusu, “yumşaq” xalçalara aiddir. Bundan başqa, xovsuz, hamar xalçalar da var – onların toxunması da daha asan, istifadəsi də daha rahat olub. Onları təkcə yerə döşəyib, divarlardan asmırdılar, həm də çul, çanta, duz və çörək saxlamaq üçün kisələr düzəldirdilər.

Xalçalar haqqında bilmədikləriniz: sənətşünas Mahnurə Əliyeva danışır

  • Xalçaları rulon kimi bükmək, üstünə naftalin səpmək və mumiya kimi saxlamaq olmaz. Bu, onları məhv edəcək. Xalçalar istifadə olunmalı, sürtülməlidir, bu, onları daha da gözəlləşdirir. Amma onların başına oyun açmaq da lazım deyil.
  • Xalçanı müsəlman mədəniyyətinin bir hissəsi hesab etmək doğru deyil. Onlar monoteizmdən xeyli əvvəl yaranıblar, Azərbaycan xalçalarının üstündə əjdahanın təsvirinə, zərdüştlüyün nişanlarına və islamla heç bir bağlılığı olmayan, hətta ona zidd olan başqa simvolikaya rast gəlmək olur. Təkcə namaz xalçaları istisna təşkil edir.
  • Azərbaycanlılar xaricilərdən daha çox əntiq və əl işi olan xalçalar alır. Çünki əcnəbiyə xaricə xalça aparmaq çətindir – arayış lazımdır, 50 ildən əvvəl toxunan xalçaları isə ölkədən çıxarmaq ümumiyyətlə qadağandır.
  • Əl işi olan xalça sadəcə bahalı əşya deyil, həm də yaxşı pul yatırımıdır. Qızıldan heç də geri qalmır. Vaxt keçdikcə qiyməti də qalxır.
  • Xalçaların toxunma qaydaları nisbətən bu yaxınlarda formalaşıb. Qədim zamanlarda isə xalçaçılar adətən improvizə edirdi, buna görə də hər bir konkret xalça onların həyatlarının həmin anındakı əhvalını və s-ni əks etdirə bilərdi.

Mahnurə Əliyevanın özü isə indiyə qədər də əlindən çıxan köhnə xalçasına görə peşmandır:

«Valideynlərimlə birlikdə yaşayanda pırtlaşmış, amma qədimi, həm də çox gözəl bir xalçamız varıydı. Bir gün də evə gələndə nənəm deyir ki, möhtəkirlər gəlmişdi, o da onlara bizim bu köhnə xalçamızı verib, əvəzində iki təzə xalça götürür. Bu təzə xalçalara baxdım, dəhşətiydi… maşınla toxunulan ucuz türk malı. O vaxt çox pis oldum. Nənəm isə əksinə, bunun sərfəli mübadilə olduğunu düşünürdü.»

Barak Obama üçün “xalça yolu”

Sənubər Nəbiyeva sifarişlə xalça toxuyur. Qalereyalar satış üçün ənənəvi xalçalar sifariş edir, iri şirkətlər öz loqotipi ilə xalça istəyir, tələbələr isə onlar üçün diplom işini “toxumağı” xahiş edir (Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dekorativ-tətbiqi sənət fakültəsi var).

Kurs, diplom işləri və ümumiyyətlə tələbədən institutda tələb olunan, amma onun özünün edə bilmədiyi hər şeyin satışı Azərbaycanda gəlirli biznesdir.

Onun toxuduğu xalçalar arasında hətta Barak Obamanın bütün ailə üzvləri ilə birlikdə portreti var, Dmitri Medvedev və digər “qonşu” siyasətçilər haqqında isə heç danışmağa dəyməz. Azərbaycanda yüksəkvəzifəli qonaqlara onların öz portretlərinin təsvir olunduğu xalçaları bağışlamaq adətdir.

Qədim şərq miniatürləri, şair Nizaminin əsərlərindən səhnələr, İncildən süjetlər (ədəb-ərkanla təsvir olunan Adəm və Həvva Cənnət bağında və ya Musa peyğəmbər lövhələrlə) olan xalçalar daha çox sifariş olunur.

Bu sənətin gəlirli olduğu görünsə də, xalçaçı öz işindən o qədər də razı deyil:

«Türkiyəyə dərs deməyə getmək istəyirəm. İndi onlardan cavab gözləyirəm. Burada xalça toxucusunun işinə qiymət qoyan yoxdur. Gəlirlər, əla bir xalça almaq istəyirlər, qiymət deyəndə də alver etməyə başlayırlar – bahadır, deyirlər. Bu isə incə əl işidir. Maliyyə böhranı da öz təsirini göstərdi – sifarişlər əvvəlkindən xeyli daha azdır.»

Xalça depressiya ilə mübarizə vasitəsi kimi

Müasir azərbaycanlı üçün divardan asılmış xalça klassik meşşanlıq simvoludur. Bu dekor elementi 80-90-cı illərdə çox populyar olub, sonralar isə ona əvvəl sevdikləri qədər də nifrət etməyə başlayıblar. Amma heç də hamı bu cür yanaşmır.

“Başa düşmürəm, niyə divardan asılmış xalçanı eybəcərlik sayırlar. Əgər o gözəldirsə və interyerə uyğundursa, niyə də yox!”

– Bakıda ən gənc xalçaçı müəllimlərdən biri olan 21 yaşlı Əzizə Mustafazadə deyir.

Əzizə Mustafazadə

Xalçaçılıq onun sənətinə çevrilənə qədər həyatının keçid dövründə köməyinə gəlib:

«Depressiya ilə mübarizə aparmaq üçün başqa yeniyetmələr roka qulaq asırdı, mənsə xalça toxuyurdum. Və bu, həqiqətən də mənə kömək edirdi. İndiyə qədər də bu, mənim üçün ən yaxşı istirahət növüdür. Deyək ki, işdən sonra. Amma nəzərə alsaq ki, mən işdə də toxuyuram bu, qəribə səslənə bilər.»

Sənubər Nəbiyeva da deyir ki, xalça toxumaq əsəbləri sakitləşdirir. Ona ilmə yığarkən çıxan səs xüsusilə sakitləşməyə kömək edir.

«Bakıda xalça suvenirə çevrilib, bir çox kəndlərdə isə indi də xalçanı ev üçün toxuyurlar və təkcə ustalar deyil, bir çox qadınlar toxumağı bacarır, – xalçaçı deyir, – düzdür, yayda az adam bu işlə məşğul olur, çünki bağda, tarlada xeyli başqa işlər olur. Soyuqlar düşən kimi isə dəzgah arxasına keçirlər. Orada əsasən yerə döşəmək üçün böyük xalçalar toxunur.»


More on JAMnews