Bu dəfə hakimiyyətin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi də tənqid olunub" />

Azərbaycan müxalifəti ölkədə korrupsiyaya qarşı növbəti aksiya keçirib

Bu dəfə hakimiyyətin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi də tənqid olunub

Oktyabrın 7-də Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurası (DQMŞ) “Korrupsiyaya son, siyasi məhbuslara azadlıq!” şüarı altında növbəti etiraz aksiyası keçirib. DQMŞ-nin əvvəlki aksiyaları kimi bu dəfəki mitinq də Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

JAMnews müxbirinin müşahidələrinə əsasən mitinqdə minə yaxın insan iştirak edib ki, bu da ötən aksiyada iştirak edənlərin sayından azı iki dəfə azdır. Aksiya polis mühafizəsi altında insidentsiz keçib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, hakimiyyət mitinqə mane olmağa çalışıb. Onun sözlərinə görə, son həftələrdə 200-ə yaxın fəal polisə çağırılıb. 16 nəfər inzibati həbsə məruz qalıb.

Kərimli hakimiyyəti korrupsiya səbəbilə beynəlxalq səviyyədə tənqid obyektinə çevrildiyi üçün pisləyib.

Biz beynəlxalq aləmdən Azərbaycandan 3 milyard dolların çıxarılaraq yuyulması ilə bağlı qalmaqalın araşdırılmasını və günahkarların cəzalandırılmasını gözləyirik”, – Kərimli deyib.

Ötən mitinqlərdən fərqli olaraq, bu dəfəki şüarlar daha radikal olub. Məsələn, hakimiyyətin Qarabağ münaqişəsinin həlli istiqamətində passiv olmasını tənqid edən plakatlar da görünüb.

Kərimli həmçinin bildirib ki, orduya ayrılan vəsaitlər keyfiyyətsiz silah alınmasına xərclənib. Əvəzində isə hakimiyyət “Azərbaycanın düşmənləri ilə barışıq yolunda şərab siyasəti” yürüdür

Vitse-prezident Mehriban Əliyevanın Rusiya yazıçısı Aleksandr Proxanovla söhbətində sərf etdiyi sözlər nəzərdə tutulur: “Xanım Əliyeva deyib ki, Azərbaycan xalqında ermənilərin düşmən obrazını tərbiyə etməyə heç vaxt imkan verməyəcək. Bir vaxtlar bu iki xalq birgə yaşayıb, bir süfrə arxasında şərab içib. Bu zamanlar geri qayıtmalıdır”.

DQMŞ sədri Cəmil Həsənli də korrupsiya haqda çox danışıb, o, bildirib ki, Azərbaycan “nazir-loqarxlardan ibarət kleptokratik hökumət” tərəfindən idarə olunur.

Həsənlinin çıxışı zamanı mitinqin keçirildiyi stadionda beş dəqiqəyə yaxın elektrik söndürülüb.

Elektrik enerjisi mitinqin qətnaməsi oxunan zaman, “oğurlanmış 2,9 milyard dolların” ölkəyə qaytarılması ilə bağlı tələb səsləndirilən məqamda da kəsilib.

Bundan başqa stadionun ətraf ərazisində wi-fi simsiz internet sistemi də işməyib, mitinq iştirakçıları və jurnalistlər mitinqdən canlı yayım apara bilməyiblər.

DQMŞ bu faktların araşdırılmasını tələb edib və növbəti aksiyanı oktyabrın 28-ə təyin edib.


More on JAMnews