İndi Ermənistanın da cavabı ətrafında düşündüyü suala dair JAMnews-un detallı analizi" />

Ermənistan-AAİİ. İki illik üzvlük nə verdi – yüksəliş, yoxsa eniş?

İndi Ermənistanın da cavabı ətrafında düşündüyü suala dair JAMnews-un detallı analizi

Yerevanda Ermənistanın Avrasiya İqtisadi İttifaqında iki illik üzvlüyünün yekunlarına həsr olunmuş dəyirmi masa keçirilib.

Müzakirələr zamanı Ermənistanın baş naziri, beynəlxalq inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyan deyib ki, vəziyyətin dəyərləndirilməsi üçün bir sıra amil – yalnız konkret rəqəmlər deyil, həm də əməkdaşlıq konteksti nəzərə alınmalıdır. Yekunda Vaçe Qabrielyan bildirib ki, iki il ərzində Ermənistanın resursları artıb, idxal mallarının qiymətləri isə ucuzlaşıb. Bu ifadəni ölkə mediası sitat olaraq yayıb. Amma bu, sadə ölkə vətəndaşına çox şey açıqlamır.

JAMnews bu təşkilatda üzvlüyün Ermənistana konkret olaraq nə verdiyini müxtəlif amilləri nəzərə almaqla rəqəmlər vasitəsilə aydınlaşdırmağa çalışıb. İqtisadi şərhçi Babken Tunyanın bir müddət əvvəl bizim üçün apardığı təhlili diqqətinizə çatdırırıq.

İlk dəfə məqalə 20.12.2016 tarixində dərc olunub

Bu məqalə artıq çapa hazır idi ki, Ermənistan prezidentinin rəsmi saytında Serj Sarqsyanın dekabrın 16-da Avrasiya İqtisadi Komitəsinin idarə heyətinin sədri Tiqran Sarqsyanı qəbul etməsi barədə məlumat verildi. Rəsmi məlumatlara xas olan standart ifadələri ixtisar edib, ancaq prezidentin sözlərini veririk. Çoxları üçün təəccüblü olsa da, prezident kifayət qədər səmimi danışıb.

“Biz Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması prosesinin başlanğıcında dayanmışdıq, bu birliyə daxil olarkən də Ermənistanın iqtisadi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına ümid edirdik. Təəssüf ki, bu qoşulma beynəlxalq iqtisadi proseslərlə üst-üstə düşdü, həmin proseslər ölkənin iqtisadiyyatına mənfi təsir göstərdi və vətəndaşlarımız Avrasiya İqtisadi Birliyinə münasibətdə hələlik yumşaq desək, gözləmə mövqeyindədirlər. Halbuki üzvlükdən imtina etsəydik, əminəm ki, neqativ yanaşma daha çox olardı. Bu dövr ərzində əminəm ki, böyük iş görülüb və artıq 10 gündən sonra müəyyən nəticələri ümumiləşdirmək imkanımız olacaq”, – Sarqsyan AİB-in idarə heyətinin rəhbəri ilə görüşü zamanı bildirib.

“10 gündən sonra” deyəndə prezident çox güman ki, illik iqtisadi göstəricilərin ümumiləşdirilməsini nəzərdə tutub. Əlbəttə, bu məlumatlar yanvarda dərc olunacaq, amma ölkə rəhbərliyi onlarla birinci tanış olacaq.

Eyni zamanda 10 gündən sonra Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının iki ili tamam olur. Ermənistan Respublikası 1 yanvar 2015-ci ildən AİB-in tamhüquqlu üzvüdür. İlk dəfə rəsmi olaraq üzv olma barədə Ermənistan prezidenti Serj Sarqsyan 2013-cü ilin sentyabr ayında bəyan edib.

Buna qədər Ermənistanda (və tək Ermənistanda yox) hamı əmin idi ki, ölkə əks istiqamətdə – Avropa İttifaqına tərəf hərəkət edir. Danışıqlar müvəffəqiyyətlə sona çatmışdı və Assosiasiya haqqında saziş imzalanmağa hazır idi, onun vacib tərkib hissəsi olan “Azad ticarətin dərin və hərtərəfli zonasına dair saziş” (DCFTA) Ermənistanda istehsal olunan malların Avropa bazarına daxil olmasını asanlaşdırmalı və Ermənistanı Aİ-yə bir addım da yaxınlaşdırmalı idi. Bununla belə, 2013-cü ilin sentyabr ayından biz DCFTA-nı unudub, qanunvericiliyimizi AİB-in standartlarına uyğunlaşdırmağa başladıq.

 AİB-ə üzvlük Ermənistana nə verdi?

Bu sual tez-tez səslənsə də, ona doğru-dürüst cavab ala bilməmişik. Bu da təəccüblü deyil, çünki AİB-ə üzvlüyün qiymətləndirilməsi üçün (necə təsir etdi, nə dərəcədə təsir etdi) ciddi analitik iş tələb olunur. Bu iş Ermənistan hökumətinin sifarişi ilə həyata keçirilib: 2015-ci ilin birinci yarısında inteqrasiyanın iqtisadi təsiri qiymətləndirilib. Amma iki illik dövrü əhatə edən tədqiqat əlimizdə yoxdur.

Bu da “Avropa” və “Avrasiya” kurslarının tərəfdarlarına AİB-in təsirini özlərinə xeyir etdiyi kimi qələmə vermək imkanı yaradır. Misal üçün, “Avropa yönlü”lər əmindir ki, AİB, o cümlədən də Rusiya ilə münasibətləri dərinləşdirərək, biz Ermənistanın bu ölkədən iqtisadi asılılığını bir az da artırıb, onu Rusiyada baş verən, Qərbin tətbiq etdiyi sanksiyalar və neftin qiymətinin aşağı düşməsi ilə şərtlənən neqativ proseslərə qarşı həssaslığını artırmış olduq.

Digərləri isə əksinə bildirir ki, AİB-ə qoşulmaq Ermənistana böyük imkanlar yaratdı: 200 milyonluq bazara çıxış və Avropa bazarı ilə AİB arasına vasitəçi rolu. Onlar əmindirlər ki, biz aldığımız imkanlardan tam mənası ilə istifadə etməyi bacarmırıqsa, problem elə özümüzdədir. Ermənistanın iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlı isə deyirlər ki, birliyə daxil olmasaydıq, hər şey daha pis olardı.

Ölkə prezidentinin mövqeyi, məqalənin əvvəlindən də göründüyü kimi, daha təmkinlidir. Serj Sarqsyan bir tərəfdən eyham vurur ki, gözləntilər özünü doğrultmayıb və ya qismən doğruldub, həmçinin qeyd edir ki, cəmiyyət hələ də gözləmə mövqeyindədir. Digər tərəfdən isə ümidlərin doğrulmadığına beynəlxalq iqtisadi proseslərlə bəraət qazandırır.

Eyni zamanda əminliklə bildirir ki, üzvlükdən imtina zamanı neqativ yanaşmalar daha çox ola bilərdi

Doğrudan da Ermənistan AİB-ə daxil olmasaydı, ölkədə iqtisadi vəziyyət necə olacaqdı? Misal üçün, Ermənistanın yeni baş naziri Karen Karapetyan bir neçə dəfə müxtəlif yerlərdə bildirib ki, birliyə daxil olmasaydıq, iqtisadi göstəricilərimizin necə olacağı ilə bağlı dəqiq analiz yoxdur. Yəni bu, daha ehtiyatlı bir mövqedir.

Misal üçün, Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarqsyanla bir neçə ay əvvəl baş tutan görüşü zamanı bildirib ki, AİB-ə daxil olandan sonra Ermənistanın ÜDM-si 10% artıb. İqtisadçılar və statistika üzrə mütəxəssislər jurnalistlərlə birlikdə hələ də bu rəqəmin haradan alındığını anlamağa çalışırlar.

10 günü gözləmədən

Serj Sarqsyanın qeyd etdiyi 10 gün hələ keçməyib, 2016-cı ilin nəticələri ümumiləşdirilməyib, amma 10 ayın məlumatları əsasında müəyyən nəticələr çıxarmaq olar.

Amma öncə bir sıra əsas iqtisadi göstəriciləri təqdim edək: AİB-ə qoşulana qədər nəyimiz vardı, daxil olan zaman nəyə sahib idik və bu illə bağlı hansı proqnozlar var.

chart 1

2014-cü ildə iqtisadi artım 3,5% təşkil edib. Ermənistanın AİB-ə üzv olduğu birinci il, yəni 2015-ci ildə artım 3% azaldı.

Bu il öncədən 2,1% iqtisadi artım planlaşdırılırdı, amma son ayların hadisələri göstərir ki, bunu gözləməyə dəyməz. Ermənistanın iqtisadi fəallığının səviyyəsi (ÜDM artımı ilə qarışdırmayaq) 2016-cı ilin yanvar-oktyabr aylarında 2015-ci ilin analoji dövrü ilə müqayisədə 0,4% təşkil edib. Yəni ilin ilk 10 ayı ərzində iqtisadi fəallıq cəmi 0,4% artıb. Bundan əlavə, bu ilin oktyabr ayında ötən ilin oktyabr ayı ilə müqayisədə fəallıq daha aşağı olub. Ölkənin ÜDM-si isə 2016-cı ilin üçüncü rübündə ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% azalıb.

Oxucuları iqtisadi terminologiya ilə yükləmədən qeyd edək ki, Ermənistanda bu cür aşağı göstəricilər 2009-cı ildə baş verən böhrandan sonra olmayıb. Qeyd olunan göstəricilərin dinamikasını nəzərə alaraq deyə bilərik ki, ilin yekunlarına görə ölkədə çox güman ki, sıfır artım olacaq, hətta iqtisadi azalma da istisna deyil.

Ermənistan ÜDM-si dramla artsa da, dollar ekvivalentində 2015 və 2016-cı illərdə o 2014-cü ildən daha azdır.

2014-cü ildən başlayaraq Ermənistana fiziki şəxslər (və ya transfertlər) tərəfindən göndərilən pul köçürmələrinin həcminin azalması indiyə qədər davam edir.

2015-ci ildə transfertlərin axını 2014-cü illə müqayisədə 23,1% və ya 492 milyon dollar azalıb. O cümlədən, Rusiyadan pul axını 35% və ya 546 milyon dollar azalıb. 2016-cı ildə azalma templəri düşsə də, ümumi vəziyyət dəyişməyib. 2016-cı ilin yanvar-oktyabr aylarında Ermənistana, fiziki şəxslərə bank sistemi vasitəsilə 1 milyard 336,1 milyon ABŞ dolları göndərilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə transfertlərin axını 138,4 milyon dollar və ya 10,4% azalıb.

Noyabr-dekabr aylarında da eniş eyni templə davam etsə, 2016-cı ildə transfer axını 1,5 milyard dollardan artıq olmayacaq. Yəni axın 2009-cu böhran ilindən az olacaq.

Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə Ermənistana 2,3 milyard dollar göndərilib. Bu o deməkdir ki, bu il köçürmələr 800 milyon dollar az olacaq. Ermənistan üçün 800 milyon dolların nə demək olduğunu anlamaq üçün deyək ki, ölkə büdcəsi təxminən 2,5 milyard dollar təşkil edir.

chart 2

Maraqlıdır ki, bu il faiz nisbətində Ermənistana AİB-ə üzv olan ölkələrdən – Qazaxıstan və Rusiyadan göndərilən məbləğlər daha çox azalıb. Və əksinə, əks istiqamətdə – Ermənistandan Rusiya və Qazaxıstana köçürmələr o birilərindən daha çox artıb.

Bundan başqa, 2016-cı ilin yanvar-sentyabr aylarında Ermənistan iqtisadiyyatının real sektorunda xarici sərmayələr 70%-dən çox azalıb. Burada da azalmanın böyük hissəsi məhz Rusiya sərmayələrinin payına düşür.

Bütün bunlardan sonra da artıq təəccüblü deyil ki, Ermənistanda sürətlə artan ancaq dövlət borcudur. 2014-cü ildə o, 4,4 milyard dollar, 2015-ci ildə 5,08 milyard dollar təşkil edib, 2016-cı ildə isə rəsmi olaraq artıq 5,8 milyard dollar olacağı  planlaşdırılır. 2017-ci ildə dövlət borcu 6,3 milyard dollara yaxınlaşacaq və ÜDM-nin 54%-ni təşkil edəcək.

Dövlət borcu nə qədər çox olarsa, ona xidmətə (faiz) o qədər də çox pul gedəcək. Buna görə də təəccüblü deyil ki, 2017-ci ildə büdcədən dövlət borcunun xidmətinə istiqamətlənən məbləğlər artacaq, misal üçün, təqaüd və yardımlar isə yox.

Siyahını sonsuza qədər davam etdirmək olar. Bununla belə, Ermənistanın AİB-ə üzvlüyünü iqtisadi göstəricilər üzrə qiymətləndirsək, “ümidlər doğrulmadı” ifadəsi çox yumşaq səslənir.

 Ermənistan-AİB ticarəti haqqında

Ermənistanın AİB-ə daxil olması ilk növbədə, ticarət dövriyyəsinə müsbət təsir göstərməli idi. Amma bu yerdə hər hansı qiymət vermək çox çətindir, çünki ticarətə bir çox amillər təsir göstərdi. Misal üçün, 2014-cü ilin sonlarında Rusiya rublunun qiymətdən düşməsi erməni ixracatçıları üçün ciddi çətinliklər yaratdı: erməni malı bahalaşdı və rəqabət apara bilmədi.

Hər halda Ermənistanla AİB arasında ticarət münasibətləri haqqında danışmaq yersizdir, çünki Rusiyadan başqa, digər üç tərəfdaşla ticarət həcmi çox kiçikdir.

Belə ki, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Ermənistanla AİB ölkələri arasında ticarət dövriyyəsinin həcmi təxminən 1,1 milyard dollar təşkil edib ki, onun da 1,08 milyardı Rusiyanın payına düşür.

Belarusla ticarət dövriyyəsinin həcmi 29,8 milyon dollar, Qazaxıstanla isə 5,8 milyon dollar təşkil edib. Qırğızıstanla ticarət dövriyyəsi isə o qədər cüzidir ki, Ermənistanın 40 ölkə haqqında məlumatı əks etdirən xarici ticarət üzrə rəsmi statistikasında ayrıca bəndlə qeyd olunmur (bu il Qırğızıstandan Ermənistana 10 dollarlıq mal gətirilib).

Faiz nisbətində 2016-cı ilin ilk 10 ayı ərzində AİB ölkələrinin üzərinə Ermənistanın bütün ticarət dövriyyəsinin cəmi 27,3%-i düşür (müqayisə üçün, Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi 24,1% təşkil edir).

chart 3

Cədvəldən göründüyü kimi, Rusiyanın payı 1,7 faiz artıb. Özü də Ermənistandan Rusiyaya ixracın hesabına. Belə ki, Ermənistandan Rusiyaya ixrac 52,8% və ya 100 milyon dollardan çox artıb və 295 milyon dollar təşkil edib. İdxal isə 3,3% artıb.

Bu Ermənistan üçün müsbət dinamikadır. Bununla belə, ümumilikdə AİB Ermənistan üçün ticarət tərəfdaşları arasında danılmaz lider deyil və istisna etmək olmaz ki, Aİ-nin payı hansısa məqamda yenə də irəli çıxa bilər. AİB-in qalan üç üzvü – Qazaxıstan, Belarus və Qırğızıstana gəlincə, ancaq onu deyə bilərik ki, onlar Ermənistanın iyirmi aparıcı ticarət tərəfdaşı siyahısına belə daxil deyil.

AİB-ə üzv olmasaydıq nə olardı?

Bu sual Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması barədə rəsmi bəyanat verildiyi 3 sentyabr 2013-cü il tarixindən etibarən dəfələrlə səslənib. Amma bu sual daha çox  siyasi və geosiyasi müstəvilərdə dilə gətirilib və əsasən Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlərə aid olub.

Misal üçün, üzv olmamağın iqtisadi cəhətdən səmərəli olmayacağını düşünənlər əsas amil kimi qazın qiymətini göstərir. Yəni qaz xeyli baha başa gələcək.

Əslində isə bu əlaqəni qiymətləndirmək üçün ciddi təhlilə ehtiyac var. Və belə bir təhlil həyata keçirilib. Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyi 2015-ci ilin birinci yarısında AİB-ə üzv olmağın Ermənistana necə təsir etdiyini müəyyən etmək istəmişdi. Tədqiqat “Avaq solüşns” analitik mərkəzinə tapşırılmışdı.

46 səhifəlik sənəd ölkənin AİB-ə daxil olmasının təsirini aşağıdakı istiqamətlər üzrə qiymətləndirdi: ixrac, idxal, sərmayə, transfer. Misal üçün, ixrac məsələsində ekspertlər qarşısında məsələ aşağıdakı kimi qoyulmuşdu: Ermənistan AİB üzvü olmasaydı, Ermənistanın ixracı nə vəziyyətdə olardı? Qısa desək, nəticə belə oldu: AİB-ə üzvlük daha neqativ proseslərdən qaçmaq imkanı verən vacib amildir. Yəni ixrac AİB-ə üzv olmaqdan udmayıb, amma əks halda vəziyyət daha acınacaqlı ola bilərdi.

İdxal sahəsində təbii qaza xüsusi diqqət yetirilmişdi. “Ermənistan AİB üzvü olmasaydı, hazırda ölkəyə idxal olunan qazın qiyməti 2013-cü ilin səviyyəsində ola bilərdi – 1000 kub metrə görə təxminən 280 dollar”, – sənəddə qeyd olunub.

Xarici sərmayələrlə bağlı sənəddə deyilir ki, AİB-ə inteqrasiyanın müsbət təsiri olmayıb. 2015-ci ilin birinci yarısının nəticələrinə görə, həm ümumilikdə birbaşa sərmayələr, həm də Rusiyanın onlarda payı kəskin şəkildə azalıb. Müəlliflər səmimi şəkildə etiraf ediblər ki, adətən inteqrasiya prosesləri ölkəyə əlavə maraq yaradır, sərmayələrə müsbət təsir göstərir.  Amma Ermənistan AİB-ə üzv olandan sonra ölkədə belə bir tendensiya müşahidə olunmayıb.

Pul köçürmələri ilə bağlı qeyd olunur ki, AİB üzvləri olan Ermənistan və Belarusa pul köçürmələri Azərbaycan və Qırğızıstandan daha az olub. Bu onu deməyə imkan verir ki, transfertlər məsələsində AİB-də üzvlük hələ əlverişli mühit formalaşdırmayıb.

Ermənistanın AİB-ə üzvlükdən udduğu yeganə istiqamət idxala qoyulan gömrük rüsumları olub (üzv olmamaqla müqayisədə təxminən 20% çox). Bir az qabağa gedərək deyək ki, cari ildə bu istiqamət də sevinmək üçün əsas verməyib.

Bütün bunlara baxmayaraq, təhlilin müəllifləri AİB-i o qədər də “danlamamağa” çalışıblar və fəslin sonunda qeyd ediblər ki, ilk altı ayın nəticələrinə görə, faktiki olaraq tədqiq olunan iqtisadi vəziyyət problemlidir, amma nəzərdən keçirilən tendensiyalar çətin ki, inteqrasiya prosesləri ilə bağlı olsun.

Bir sözlə, hesabat heç bir müsbət irəliləyişi üzə çıxarmayıb və ola bilsin məhz buna görə də gələn il artıq belə bir hesabat aparılmayacaq.

Ermənistan cəmiyyəti AİB-ə üzvlükdən nə gözləyir?

Çətin sualdır. Ümumiyyətlə bu məsələnin əhəmiyyətliliyinin şişirdildiyini demək mümkündür. 2013-cü ildə Ermənistanın AİB-ə daxil olmaq niyyəti barədə bəyan ediləndə heç kim cəmiyyətin fikrini xəbər almamışdı. Qərar onun əvəzinə qəbul olunmuşdu. Bundan bir ay əvvəl inadla AİB-ə qatılmanın ümumi sərhədlərinin bəlli olmaması səbəbindən məqsədəuyğun sayılmadığını sübut etməyə çalışan hakimiyyət sentyabrın 3-dən sonra eyni həvəslə izah etməyə başladı ki, bu, iqtisadi nöqteyi-nəzərindən xeyli sərfəlidir və Ermənistanın qarşısında 180 milyonluq bazarın qapılarını açır (halbuki bu bazar elə əvvəllər də bağlı deyildi).

Bu sətirlərin yazıldığı vaxt artıq ikinci həftədir ki, pis hava şəraitinə görə yük maşınları üçün Ermənistanı AİB ölkələri ilə bağlayan yeganə quru yol olan Lars-Stepantsminda yolu bağlanıb. Yüzlərlə yük maşını Ermənistandan Rusiyaya və əksinə hərəkət edə bilmir. Yəni bu gün faktiki olaraq tək Ermənistan üçün 180 milyonluq bazar deyil, həm də AİB üçün kiçik 3 milyonluq erməni bazarı da bağlanıb.

Bu şərtlər daxilində isə Ermənistan cəmiyyəti üçün çox güman ki, daha aktual gözlənti hava şəraitinin yaxşılaşmasıdır.


More on JAMnews