Azərbaycanda erkən nikahlar: hansı həyat hekayəsi daha qorxuncdur?" />

14 yaşında ərə getmək

Azərbaycanda erkən nikahlar: hansı həyat hekayəsi daha qorxuncdur?

On dörd yaşlı gəlin Azərbaycan regionlarında adi haldır, paytaxtda isə buna nadir hallarda rast gəlinir. Bu, qanunidirmi? Əlbəttə yox, Azərbaycanda nikaha girmə yaşı 18 yaşdır. Hansısa müstəsna hallarda bu hədd bir ildən çox olmamaq şərtiylə azaldıla bilər.

Valideynlərə özlərinin yetkinlik yaşına çatmayan övladlarını evləndirməyə necə mane olmaq olar?

Erkən nikahlarla bağlı həyat hekayələrini eşitmək üçün “Təmiz dünya ictimai birliyinin nəzdində olan sığınacağa gəldik. Burada getməyə yeri olmayan qadınlara hüquqi və psixoloji dəstək göstərilir.

Aytən. Birmənalı olmayan hekayə

Qəhrəmanımız Aytənin 21 yaşı var. Qaraşın, ev paltarında olan bu qız sıxılsa da söhbətdən qaçmır. Şəkil çəkdirməkdən də imtina etmir, sadəcə xəbərdar edir ki, üzü görünməsin.

Aytən sığınacağa bu yaxınlarda gəlib. Artıq iki uğursuz ailə həyatı olub, övladı var.

“Gəncədə yaşayırdıq, ailədə yeddi uşağıq. Bir böyük qardaşım və altı qız.

Anası dünyasını dəyişəndə Aytənin 11 yaşı vardı. Atası evə analıq gətirəndə Aytən artıq orta məktəbin yuxarı sinif şagirdi idi. Ailədə tək uşaq qalmışdı – qardaşı və bacıları artıq öz ailələrini qurmuşdular. “Analığımla yola getmirdik, məni atama qısqanırdı, onunla normal ünsiyyətdə olmağa imkan vermirdi, – qız danışır.

16 yaşına çatandan sonra bacıları tələsik Aytənə ər axtarmağa başladı. “Məktəbi bitirdim, təhsilimi davam etdirməyi çox istəyirdim. Ailəmizdə bütün uşaqlar yaxşı oxuyub. Amma atam dedi: “Təhsil hara, qız hara. Atamın özünün də ali təhsili yoxdur, adi fəhlədir, – Aytən danışır.

Aytəni “münasib oğlana ərə verdilər; bacıları soraqlaşıb, öyrənib belə qərara gəldilər ki, oğlan kiçik bacılarına yaraşır. O, Aytəndən 12 yaş böyük idi, yəni o vaxt 28 yaşı varıydı. “Əyyaş çıxdı, – qız xatırlayır, – döyürdü məni, əzab verirdi. Ancaq huşumu itirəndən sonra əlini məndən çəkirdi. Bəzən qışda əynimi soyundurub, küçəyə çıxarıb, bütün gecəni məni orada saxlayırdı. Ya da məcbur edirdi ki, bütün gecəni yatmayıb, onun ayaqlarını massaj edim.

Üç ay sonra Aytən hamilə qalır; amma qız övladının dünyaya gəlməsi belə evdəki vəziyyəti dəyişmədi. “Özü də oğlan yox, qızın doğulması vəziyyətimi daha da ağırlaşdırdı, – Aytən deyir, – ərimin valideynləri də mənə qarşı pis davranırdılar, müdafiə etmirdilər. Hətta o, məni döyəndə də deyirdilər: “Görürsən, onu bu vəziyyətə sən salmısan!

Uşağın bir yaşı tamam olanda Aytən dözməyib, ata evinə qayıdır. Heç bir rəsmi boşanma olmadı, çünki onun nəinki nikah haqqında şəhadətnaməsi, heç şəxsiyyət vəsiqəsi də yoxuydu.

Məhz buna görə də erkən nikahlar haqqında dəqiq statistik məlumatlar yoxdur, onları qeydiyyata almırlar. “Təmiz dünya ictimai birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, rəsmi rəqəmləri axtarmaq mənasızdır: “Erkən nikahların statistikasını doğulan uşaqların sayı ilə müəyyən etmək lazımdır.

Nikaha məcbur etməyə görə 2-3 min manat həcmində cərimə və ya iki ay müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Bəy və gəlin yetkinlik yaşına çatmayıblarsa, cərimə 3-4 min manata, həbs isə 4 ilə qədər artır.

Statistika Komitəsinin rəsmi məlumatına görə, 2014-cü ildə Azərbaycanda qeydiyyata alınan 479 nikahda gəlin 18 yaşına çatmayıb. Həmin statistika üzrə ən yüksək hədd 2008-ci ildə müşahidə olunub – 5544 nikah. Bu da nikahın 17 yaşlılar arasında və qohumların xahişi ilə bağlandığı hallardır.

Bütün digər halları izləmək mümkün deyil, çünki regionlarda əksər vaxtlarda sənədlərə çox səhlənkar yanaşırlar: uşaqlar məktəb yaşına çatana qədər metrika və pasportsuz yaşaya bilir, nikah haqqında şəhadətnamə əvəzinə isə bütün qohumların xatırladığı təmtəraqlı toy kifayət edir. Ən yaxşı halda kəbin kağızı olur.

Buna görə də Aytənin boşanmasına ehtiyac olmadı. “Atam əvvəlcə, hardasa iki ay məni danışdırmadı, sonra danışdı, – Aytən bu haqda adi hal kimi danışır. – Elə onda da mənə təzə ər axtarmağa başladı.

Təzə ər anındaca, çəpərin o tayında tapıldı, bu onun xalası oğlu idi. Amma onunla da həyat alınmadı: “Qonşular qeybət edirdilər ki, evdən çıxıram, halbuki heç yerə çıxmırdım; bu, ərimin üçüncü evliliyi olsa da yenə də mənə deyirdi: “Necə səni sırıdılar mənə! Bacımın yanına gedib (ancaq bir bacımla ünsiyyət saxlayıram), şikayət edirdim, deyirdim: “Daha bacarmıram!, amma heç kim məni başa düşmürdü, deyirdilər ki, dözmək lazımdır, bu ailədir, neynəyəsən.

Aytənsə dözə bilmədi. Tanışlarından paytaxtda qadınlara yardım edən təşkilatın olduğunu öyrənib, avtobusa minir və Bakıya gəlir. Xoşbəxtlikdən avtobusda hüquqşünas xanımla tanış olur. Bakıya gələndən sonra o, Aytəni Binəqədi rayon polis idarəsinə gətirir, oradan da onu sığınacağa göndərirlər.

Aytənin bəxti onunla eyni vəziyyətdə olan qadınların bəxtindən daha çox gətirdi: o orta məktəbi bitirib və həyata daha ayıq gözlə baxır. “Evə qayıtmaq istəmirəm, bilirəm ki, qəbul edəcəklər məni, amma yenə də ərə getməyə məcbur edəcəklər, – o deyir, – mənsə bunu istəmirəm. İşləmək, pul qazanmaq və övladımı dolandırmaq istəyirəm.

Hələ ki, bu hekayənin nə ilə bitəcəyi məlum deyil. Qaydalara görə, sığınacaq işçiləri qadının qohumları və ailəsi ilə əlaqə qurmalı, sosial və psixoloji iş aparmalıdırlar. Amma son qərarı qadının özü verir. Bəzən bu kömək edir: sosial xidmət işçilərinin danışdığına görə, qadınlardan birinin əri ilə razılığa gəlmək mümkün oldu – o, psixoloqun sözünü eşidib, mənzil kirayə etdi və onlar xanımı ilə qohumlarla davanı kəsmək üçün bu mənzilə köçdülər.

Təranə. Xoşbəxt sonluqla bitməyən hekayə

Bundan əvvəlki qəhrəmandan fərqli olaraq, Təranə heç bir təhsil almayıb. Sığınacağında təkcə uşaqlar deyil, həm də ailə zorakılığının qurbanlarının yaşadığı “Azərbaycan uşaqları Qeyri-Hökumət Təşkilatının sədri Kəmalə Ağazadənin sözlərinə görə, Təranə ümumiyyətlə yazıb-oxumağı bacarmırdı. 16 yaşında ərə gedib. Əvvəlcə tam da xoşbəxt görünən ailə həyatı dəhşətə döndü – əri narkoman çıxdı, onu döyür və təhqir edirdi.

Sığınacaq barədə qız Kəmalə xanımın televiziyada çıxışı zamanı öyrənir. Uşaqlarını da götürüb, sığınacağa gəlir. “Uşaqlar hər şeydən hürkür, insanlardan qorxurdular, onlarla ünsiyyət qurmaq mümkün olmurdu, – Kəmalə xanım danışır, – 4 yaşında olan oğlan ümumiyyətlə danışmırdı, qız ancaq qışqırır və ağlayırdı. Psixoloqlarımız və sosial işçilərimiz onlarla böyük iş apardılar, uşaqlar heç olmasa adekvat oldu, artıq adamlardan hürkmürdülər, inkişaf etməyə başladılar.

Təranə regiondan gəlib, bu da o deməkdir ki, nikah şəhadətnaməsi yoxdur. Bu azmış kimi, o övladlarını ev şəraitində dünyaya gətirib (regionlarda, xüsusən də kənd yerlərində bu adi haldır), deməli heç bir sənəd yoxdur.

“Adətən belə hallarda olduğu kimi, uşaqlara sənəd düzəltməyə başladıq, – Kəmalə xanım danışır, – amma niyəsə qadın buna qarşı çıxdı. Atalığın təsdiq edilməsi və şəxsiyyət vəsiqələrinin hazırlanması üçün məhkəməyə müraciət etməyi planlaşdırırdıq. Amma Təranəni nə qədər dilə tutsaq da, fikrini dəyişə bilmədik. O, sığınacaqda bir ilə yaxın qaldı; bütün bu müddət ərzində yeganə uğurumuz uşaqlarla aparılan işi hesab edə bilərik.

Təranə ailəsinə qayıtdı. Qalmaqallar və döyülmə halları davam etdi. Sığınacaq işçiləri indiyə qədər də onunla əlaqə saxlayır. Sonradan o yenə də ərindən ayrıldı, işə düzəldi, uşaqlarına baxmaq üçün dayə tutdu. Amma təhsil və sənədlərlə bağlı məsələ yenə də həll olunmamış qalır.

Dörd sinif

“Azərbaycan uşaqları QHT-nın sədri Kəmalə Ağazadə deyir ki, işində tez-tez erkən nikahların qurbanları ilə qarşılaşır. Onun sözlərinə görə, əksər hallarda bu, regionlardan olanlardır və təsdiq edir ki, bu cür hallarda adətən nikah və uşaqların dünyaya gəlməsini təsdiq edən sənədlərlə bağlı problemlər olur. Bu zaman boşanma zamanı da qadınların hüquqları ilə bağlı problemlər yaranır: “Boşanma zamanı qadınlar nə əmlak, nə də aliment tələb edə bilmirlər. Boşanma, daha doğrusu, ayrılma halları isə nadir hal deyil.

Amma bu, hüquqi problemdir. Hələ də uşaq olan gənc qadından ər evindən qayıtmaqla onları biabır etdiyini hesab edən ailəsinin imtina etməsi daha ağır haldır. Qadın tək qalır; nə dəstəyi, nə də təhsil ala bilmədiyini nəzərə alsaq perspektivi yoxdur. Bu qadınların əksəriyyəti ya ancaq ibtidai təhsil alıb, yəni məktəbdə 4 il oxuyub, ya da ən yaxşı halda 8-ci sinfi bitirib.

Əksər qadınlar bu cür hallarda pis vərdişlərə qurşanır, hansısa kriminal qruplara qoşulurlar. Kəmalə Ağazadə deyir ki, bu zaman ən dəhşətlisi odur ki, qadın uşağını qoyub gedə bilər. Nikahın əslində qeyri-qanuni olduğunu, uşağın sənədlərinin olmadığını nəzərə alsaq, onu heç bir müəssisəyə təyin etmək, uşaq bağçası və ya məktəbə düzəltmək mümkün olmur.

Erkən nikahlar və onların fəsadları ilə mübarizənin əsas yolu maarifləndirmədir, Kəmalə xanım belə hesab edir. “Dövlət xidmətləri tərəfindən ətraflı monitorinq keçirilməlidir, bu cür ailələr sosial işçilər və icra hakimiyyəti orqanlarının daimi nəzarəti altında olmalıdır.

Amma ən əsas problem təkcə dövlət nəzarətinin olmamasında deyil. “Ən pis hal ictimai qınağın olmamasıdır, – Kəmalə Ağazadə deyir. – Özümüz qızların erkən ərə verildiyi az ailə tanıyırıq? Bir çoxları hətta həvəslə gəlinin 14-15 yaşı yenicə tamam olduğu toylara gedir. Mentalitetimizə görə, başqa ailənin işinə qarışmaq olmaz.

Zeynəb. Xoşbəxt sonluqlu hekayə

Xoşbəxtlikdən, Kəmalə xanımın statistikasına görə, yaxşı sonluqlu hekayələrin sayı xeyli daha çoxdur. Zeynəbin hekayəsi kimi. Ərinin ailəsi 16 yaşında ərə gedən bu qızı qəbul etmirdi. Əri uşağı qəbul etmək istəmirdi, yeri gəlmişkən, aliment ödəməmək üçün istifadə olunan ən geniş yayılmış arqumentdir.

Məhkəməyə müraciət etmək, atalığın müəyyən edilməsi üçün test etmək, toy şəkilləri və video kimi sübutlar göstərmək, qonşuların ifadələrini almaq lazım oldu. Yaxşı ki, qanunvericilik rəsmi nikah olmadan da atalığın sübuta yetirilməsi əsasında aliment təyin etmək imkanı verir.

Zeynəb aliment aldı; sığınacaqdan onu qənnadçı kurslarına göndərdilər, uğurla kursları bitirdi və indi şirniyyat istehsal edən şirkətdə işləyir.

Zülfiyyə. Pis sonluqlu hekayə

Zülfiyyə Sabirabadda, adi fəhlə ailəsində böyüyüb, ailədə ondan başqa daha üç uşaq varıydı. Məktəbdə 9 il oxudu, sonra da anasına ev işlərində kömək edirdi. 17 yaşı tamam olanda Zülfiyyəni qaçırdılar. Zülfiyyə oğlanla tanış idi, bu da oğlana və qohumlarına deməyə imkan verdi ki, qızın özü də narazı deyildi. Zülfiyyənin qohumları da guya polis çağırıb, onu xilas etməyə getdilər, amma oğlanın qohumları ilə aparılan danışıqlardan sonra onu ərə getmiş saydılar.

Patriarxal ənənələrə görə, qadın “nikahda dözməlidirsə, Zülfiyyə xeyli dözdü, hətta bir-birinin ardınca iki qız övladı dünyaya gətirdi. Ərindən bütün ailə həyatı boyu şikayət edirdi: o, içir, onu döyür və ən əsası da pul qazanmırdı, buna görə də Zülfiyyə və övladları demək olar ki, ac qalırdılar.

Nəhayət dözməyib, uşaqlarını da götürüb, ata evinə qayıdır. Ata-anası onu geri qəbul etməyə biabırçılıq saydılar. Daha doğrusu, ona dedilər: “İki uşaqla kimə lazımsan, boşanmış qadını yenidən ərə vermək mümkün deyil, beynimizi tökmə və ərinin yanına qayıt. Zülfiyyə uşaqlarını bacısının yanında qoyub, özünü Kür çayına atdı.

Səbəb və nəticələr

Valideynləri öz yetkinlik yaşına çatmayan uşaqlarını evləndirməyə nə məcbur edir? Üzdə olmayan səbəblərdən biri nikaha qədər seksə olan qadağadır. Qızın 14-15 yaşı varsa, deməli fikrində belə pis heç nə etməyib.

Oğlanın ailəsi belə bir qızı qəbul etməyə, eyni zamanda da bir az onu öz istəklərinə uyğun “tərbiyə etməyə hazırdır. Qız ailəsi isə qorxur ki, 20 yaşı tamam olandan sonra Allah eləməmiş, qonşular qızın qeybətini edəcək və onu “kiməsə sırımaq daha çətin olacaq.

İkinci səbəb artıq ağızdan yaxa qurtarmaq və qız övladına görə məsuliyyəti öz üzərindən atmaqdır. Qadın adəti üzrə əvvəl atasının, sonra da ərinin öhdəçiliyində olursa (təhsil və sənətsiz necə başqa cür ola bilər ki?), qız atası öhdəsində olanların sayını minimuma endirməyə tələsir.

Daha bir səbəb yaxşı oğlan və ya qıza yiyə çıxan tapılmamış qabağa düşmək istəyidir.

Nəticədə bütün səbəblər orta əsrlərin sağlam olmayan qalıqlar, cahillik və primitiv “əxlaqla qadının ənənəvi diskriminasiyası il bağlı olur.

Bu cür nikahın ayrıca bir ailə üçün fəsadları məsələsinə gəlincə, bu həddən artıq tez başlayan cinsi həyat, erkən doğuş və s. səbəbdən qadının səhhəti ilə bağlı problemləri, psixoloji problemlər, hələ ki özünü müdafiə edə bilməyən qadına zorakılıq halları ola bilər.

Cəmiyyətə gəlincə, burada ən dəhşətlisi ayrılma məsələsi, erkən nikahın qurbanının evdən getməyə məcbur olması və tək qalması deyil, erkən nikahla başlayan ailə hekayələridir ki, burada qadın yeniyetməlikdən döyülməyə və təhqirlərə öyrəşir və ömür boyu onlara dözür, sonra da bu ailə modelini özünün cahilliyi, problemləri il birlikdə irsən övladlarına ötürür. Onlarda da bunun ailə həyatı norması olması ilə bağlı əminlik yaranır.


More on JAMnews