Festival rəhbərliyi və dizaynı dəyişib, tamaşaçılar üçün də ciddiyyət tətbiq olunub – gecikənlər zala buraxılmır " />

Yerevanda “Qızıl ərik” beynəlxalq festivalında yüzdən çox film təqdim olunub

Festival rəhbərliyi və dizaynı dəyişib, tamaşaçılar üçün də ciddiyyət tətbiq olunub – gecikənlər zala buraxılmır

On altıncı beynəlxalq “Qızıl ərik” kinofestivalı kinosevərlər üçün ən gözlənilən tədbirlərdən biridir. Bir həftə ərzində Yerevan festivalda müxtəlif ölkələrdən təqdim olunan filmlərlə yaşayacaq. Bu il 110-dan çox film nümayiş olunacaq. Əsas mükafat üçün 13 film, o cümlədən də Ermənistan istehsalı olan, rejissor Edqar Baqdasaryanın “Uzun gecə” filmi mübarizə aparacaq.

Yeni Holluvud filmi həm Rusiya, həm Ukraynada qadağan edilib. Səbəblər müxtəlifdir

Sovet Tbilisisindən qaçış cəhdi haqda filmini amerikalı tamaşaçılar izləyəcək

Açılış mərasimi necə keçib?

Beynəlxalq festivalın təmtəraqlı açılış mərasimi iyunun 7-də baş tutub. Tanınmış rejissorlar, ssenaristlər və aktyorlar qırmızı xalı üzərindən Karen Dəmirçiyan adına idman-konsert kompleksinə daxil olublar.

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan briffinq zamanı bildirib ki, 15 il ərzində “Qızıl ərik” beynəlxalq festivallar arasında layiqli yer tutub. Qonaqların, iştirakçıların sayı və festival proqramı da bundan xəbər verir.

Qızıl ərik’ uzun, mürəkkəb, amma məhsuldar yol keçib”, – Xzmalyan deyib.

Festival çərçivəsində ənənəyə görə, Şarl Aznavur adına meydanda erməni kinosunun məşhurlarına həsr olunmuş ulduzların açılışı keçirilib. Bu il artıq mövcud olanların sırasına üç rejissorun adı da əlavə edilib: Baqrat Ohanesyan (“Ağızbüzən üzüm” və “Ağa” filmləri), Arman Manaryan (“Eqnar bulağı”, “Qayıdış” filmləri) və Gennadi Melkonyan (“Gözlənilmədən”, “Son bazar günü” filmləri).

Festivalda nə dəyişib?

2018-ci ilin dekabrında məlum olub ki, “Qızıl ərik” öz fəaliyyətini davam etdirəcək, amma artıq yeni rəbərliklə. Festival həmtəsisçilərinin qərarı ilə “Qızıl ərik” beynəlxalq kinofestivalının proqramını seçən Karen Avatesyan proqram direktoru təyin edilib.

Daha əvvəl festivalı onun baniləri keçirirdi: sənədli film rejissoru Harutyun Xaçatryan, ssenarist Mixail Stamboltsyan və kino tənqidçisi Susanna Harutunyan. Amma Harutyun Xaçartyan festivala rəhbərlik etməkdən imtina edib, çünki Ermənistan Kinematoqrafçılar İttifaqının sədrliyinə öz namizədliyini irəli sürmək qərarına gəlib.

Festivalın tərtibatı dəyişib. “Qəhvə, mərkəz, kino?”, “Dəlicə filmə getmək istəyirsən?”, “Ağır kinoya gedək?”, “Mənim əriyimi ye”, – üzərində bu yazılar olan posterlər bu ilin yeniliklərindən biri olub. Və onlar Facebook-un Ermənistan seqmentində müzakirə mövzusuna çevrilib. Bəzi istifadəçilər tərtibatın bu üslubunu bu səviyyədə festival üçün qəbulolunmaz hesab edib.

“Qızıl əriyin” yeni direktoru Asmik Ohanesyan izah edib ki, bu ifadələr təsadüfi seçilməyib. O, bildirib ki, posterlər internetin erməni seqmentində populyar olan memlərin və sosial əhəmiyyətli mövzuların əsasında seçilib:

“Bu il biz Yerevan reallıqları ilə bağlı posterlər hazırlamaq qərarına gəldik”.

On altıncı kinofestivalın yenilikləri sırasında Yerevanın mərkəzində fəaliyyət göstərən üç informasiya mərkəzi də var.

Bundan başqa, Android və IOS sistemli mobil telefonlar üçün GAIFF əlavəsi də buraxılıb.

Bilavasitə film festivallarına gəlincə, bu il ciddilik tətbiq olunub: gecikən tamaşaçılar sadəcə zala buraxılmır.

Kinofestivalda kim iştirak edir?

Bu il festivalda həm məşhur ustaların, həm də yeni başlayan rejissorların filmləri iştirak edir.

“Regional panorama” proqramına Ermənistan, Gürcüstan, Türkiyə və İran kinematoqrafçılarının 12 filmi daxil edilib. Bundan başqa, Rusiya-Azərbaycan birgə istehsalı olan “Molokanlar” sənədli filmi də nümayiş olunacaq. Film molokanların Azərbaycandakı həyatı haqda bəhs edir.

“Qızıl ərik”də Avropa ölkələrinin səfirlikləri tərəfindən çox sayda xarici film təqdim olunub. Diplomatik missiyalar kinofestival tamaşaçılarına məşhur rejissorların, prodüsserlərin və aktyorların iştirakı ilə xüsusi layihələr nümayiş etdirəcəklər.

Fransa səfiri Conatan Lakot bildirib ki, “Qızıl əriyin” Tament Lab proqramı çərçivəsində tanınmış kino tənqidçisi, Kann festivalının Critics Week proqramının əlaqələndiricisi Olivye Pelison və prodüser Fransua d’Artemar Yerevanda dörd günlük master-klassla çıxış edəcəklər.

“ ‘Yeni fransız kinosu’ proqramı çərçivəsində də bir sıra parlaq filmlər göstəriləcək ki, onların sırasında Anyes Vardanın “Vida” və Nadav Lapidin “Sinonimlər” filmləri də var”, – Lakot elan edib.

Kinofestival proqramında İtaliya, Almaniya, Polşa və Rusiya kinematoqrafının nümunələri də təqdim olunub.

Artıq açılış günündə erməni bəstəkarı Aram Xaçaturyana həsr olunmuş Yusuf Razikovun “Qılınclarla rəqs” filmi nümayiş edilib.

“Qızıl ərik” haqda

“Qızıl ərik” kinofestivalı Yerevanda 2004-cü ildən keçirilir. Birinci il festivalda yalnız erməni kinematoqrafçılarının filmləri iştirak edib. İkinci ildən isə beynəlxalq festivala çevrilib və indi artıq Ermənistan hüdudlarından kənarda da nüfuz qazanıb. 2010-cu ildə “Qızıl ərik” Ficts Plate D’honneur Beynəlxalq Kino, Televiziya və İdman  İttifaqının baş mükafatına layiq görülüb.

Festivalın təməlini qoyanlar onu Qərb və Şərq arasında bir növ mədəni körpü kimi düşünüblər və festival üçün “Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsi” sloqanını yaradıblar.

2011-ci ilə qədər festivala üç əsas proqram daxil idi: bədii və sənədli filmlərin beynəlxalq müsabiqəsi, bir də “Ermənistan panoraması”. 2011-ci ildən isə “Ərik tumu” qısametrajlı filmlər müsabiqəsi proqramı da əlavə olunub.

Müxtəlif illərdə festival keçirilərkən tanınmış yazıçı və ssenarist Tonino Querra, aktrisalar Klaudia Kardinale, Fanni Ardan, Nastasya Kinski, Ornella Muti, Jaklin Bisset Ermənistan paytaxtında qonaq olub.


More on JAMnews