Yerevan Ağsaqqallar Şurasına keçirilmiş seçkilərin nəticələrini bütün siyasi qüvvələr tanıyır" />

Yerevan meri artıq məlumdur, o, “Mənim addımım” blokunun lideri Hayk Marutyan olacaq

Yerevan Ağsaqqallar Şurasına keçirilmiş seçkilərin nəticələrini bütün siyasi qüvvələr tanıyır

Mərkəzi Seçki Komissiyası sentyabrın 23-də Yerevan Ağsaqqallar Şurasına keçirilmiş seçkilərin nəticələrini elan edib. Baş nazir Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku seçkilərin digər iştirakçılarını böyük fərqlə geridə qoyaraq inamlı qələbə qazanıb.

Bütün bülletenlər sayıldıqdan sonra “Mənim addımım” səslərin mütləq əksəriyyətini qazanıb – 81,05%. Müvafiq olaraq, blokun siyahısında birinci sırada olan Hayk Marutyan avtomatik olaraq, Ağsaqqallar Şurasında səsvermə keçirilmədən Yerevanın meri olacaq

Qanunvericiliyə əsasən, Ağsaqqallar Şurasına seçkilərdə iştirak edən və mandatların 40 və daha çoxunu qazanan siyasi qüvvənin seçki siyahısında birinci olan şəxs şəhərin meri olur.

Marutyan səlahiyyətlərinin icrasına oktyabrın 10-da başlayacaq.

Ümumilikdə, “Mənim addımım” bloku Yerevan Ağsaqqallar Şurasında 54 mandat qazanıb. Ağsaqqallar Şurasına cəmi üç siyasi qüvvə keçib.

Səsvermənin nəticələrinə görə ikinci yeri “Çiçəklənən Ermənistan” partiyası tutub. Şurada oliqarx Qagik Tsarukyanın siyasi qüvvəsindən 6 nümayəndə olacaq.

“Luys” bloku dörd mandat alıb.

Eyni zamanda saytda: Yerevan Ağsaqqallar Şurasına seçkilərin əsas intriqası nədə idi 

Seçkilərin nəticələrini onlarda iştirak etmiş heç bir siyasi qüvvə şübhə altına almır. Seçki bitəndən sonra, gecə “Mənim addımım” blokunun seçki qərargahına “Luys” blokunun siyahısında birinci olan Artak Zeynalyan gəlib. O, Hayk Marutyanı şəxsən təbrik edib. “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan da təbriklərə qoşulub.

Seçkilərin gedişinə səkkiz yerli və bir beynəlxalq müşahidə missiyası nəzarət edib.

Pozuntular barədə məlumatlar bütün seçki günü ərzində daxil olub, lakin əvvəlki seçkilərə nisbətən bunlar xeyli az olub.

Bu seçkilərin intizamlı və şəffaf keçirilməsini bir çox sosial şəbəkə istifadəçiləri qeyd edib.

Onlar yazırlar:

“Bu qədər il ərzində Ermənistanda ilk ədalətli seçkilər idi”.

“Müstəsna seçkilərdir. Nəhayət ki, bülletenlərin qutulara toplu atılması və səslərin alınması olmadı”.

Bununla bərabər, bir çoxlarını seçicilərin fəallığı faizi təəccübləndirib – 43,65%. Güman olunurdu ki, inqilabdan sonrakı ilk seçkilərin reytinqi yüksək olacaq. Lakin iştirak faizi Yerevan Ağsaqqallar Şurasına ötən dəfəki seçkilərdən azca yuxarı olub.

Politoloq Aleksandr İsgəndəryan deyir ki, şəhər seçkilərində, adəti üzrə, iştirak faizi aşağı olur:

“Lakin seçkilər çox siyasiləşdirilmişdi. Bu hakimiyyətə etimad göstəricisi idi, sadəcə asfaltla, maneələrlə və zibilin daşınması ilə məşğul olacaq adamların seçkisi deyildi, tam əksinə.

İkincisi, əvvəlki illərdə müşahidə etdiyimiz kimi, insanların seçkilərə qeyri-ideoloji cəlb edilməsi yox idi. İnsanları avtobuslarla gətirmirdilər, insanlara rüşvət vermirdilər. Bu da reytinqin aşağı düşməsinə səbəb olan amillərdən biridir. Ən vacibi isə seçkilər rəqabətsiz idi. Real olaraq rəqabət olmayan seçkilərə az adam gəlir”.

Digər politoloq Qagik Keryan isə hesab edir ki, aşağı iştirak göstəricisi yeni merin legitimliyinə zərbədir.

“Seçki iştirakçılarının sayından narahatam. Seçicilərin ümumi sayının 45%-dən az adam səs verib. Bu merin legitimliyinə ciddi zərbədir, çünki indiki seçkiləri evlərində oturan laqeyd adamlar uddular ki, onların əksəriyyəti gənclərdir”.


More on JAMnews