Rusiyanın ən iri şəhərlərindən birində bir neçə gün idi ki, sakinlər və hakimiyyət arasında qarşıdurma yaşanırdı, şəhər referendumu vasitəsilə problem həllini tapıb " />

Şəhərlilər qalib gəlib, hakimiyyət geri çəkilib – Rusiyanın Yekaterinburq şəhərində bağın yerində məbəd tikilməyəcək

Rusiyanın ən iri şəhərlərindən birində bir neçə gün idi ki, sakinlər və hakimiyyət arasında qarşıdurma yaşanırdı, şəhər referendumu vasitəsilə problem həllini tapıb

Rusiyanın Yekaterinburq şəhərində bağ ərazisində kilsə tikmək planı üzündən başlayan küçə etirazları və hakimiyyətlə sakinlər arasındakı qarşıdurma sonuncuların qələbəsi ilə başa çatıb – bağ olduğu kimi qalacaq, kilsə başqa yerdə tikiləcək.

• Rusiyada pensiya islahatlarına qarşı etiraz aksiyalarında kütləvi həbslər və döyülmələr

Bağda baş verən toqquşmalardan və  yüzə yaxın fəal saxlanılandan sonra hakimiyyət referendum keçirmək qərarına gəlib. Nəticədə Yekaterinburq sakinlərinin üçdə ikisi (74 faiz) Dram Teatrının qarşısındakı bağın kilsə tikintisi üçün uyğun yer olmadığını bildirib.

18 faiz ümumiyyətlə şəhərdə daha bir kilsənin inşa edilməsinin əleyhinə çıxıb.

Şəhərin populyar bağının ərazisində məbəd layihəsi ətrafında münaqişə bir neçə il davam edib. Mayın 15-də isə kəskin mərhələsinə keçib – küçə etirazları, etirazçıların döyülməsi və həbsi başlayıb.

Bu zaman məsələyə Rusiya prezidenti qarışıb. Vladimir Putin deyib ki, sorğu vasitəsilə şəhər sakinlərinin fikrini öyrənmək lazımdır, elə bu cür də edilib.

Yekaterinburq şəhərinin aid olduğu Sverdlovsk vilayətinin qubernatoru bildirib ki, münaqişənin aradan qalxdığını düşünür və kilsə inşaatı üçün alternativ ərazinin müzakirəsi təklifi ilə şəhər merinə müraciət edəcək.

Tarixçə

Münaqişə hakimiyyətin şəhərin mərkəzindəki bağda – şəhər sakinlərinin, xüsusən də gənclərin ən sevimli istirahət məkanında inşaat işlərinə başlamaq planları üzündən yaranıb. Üstəlik bu yerdən 3 kilometr radiusunda artıq 25 pravoslav kilsəsi var.

Əvvəlcə söhbət bu yerdə Müqəddəs Yekaterina pravoslav kilsəsinin inşa ediləcəyindən gedirdi. Amma tezliklə məlum oldu ki, kilsə inşaatçıların əsas məqsədi deyil. Kilsənin yanında, keçmiş bağçanın yerində öz fitnes zalı olan elit yaşayış kompleksi ucaldılmalıdır.

Döyüş əməliyyatlarının gedişatı

Yekaterinburq hakimiyyəti inşaat planını təsdiqləyib. Sakinlər etiraz aksiyasına başlayıb və bu aksiyalar mayın 13-də əsl döyüş əməliyyatlarına keçib.

13 may bazar ertəsinə keçən gecə bağ inşaat hasarına alınıb. Səhəri gün axşama doğru etirazçılar hasarı uçurub.

Buna görə onlar Pravoslav Əlbəyaxa Döyüş Akademiyasının gənc idmançıları tərəfindən döyülüblər.

Səhəri gün idmançıları polislər əvəz edib, nəticədə yüzdən çox insan saxlanılıb.

Bu zaman başqa şəhərlərdən polis qüvvələri cəlb olunub, çünki Yekaterinburq polisi hazırda İnquşetiyadadır, orada da kütləvi etirazlar gedir.

Etirazçıların sayı getdikcə çoxalır – aksiyanın ən qızğın çağında onlar 3 min nəfərə yaxın olublar, bu da Yekaterinburq üçün yetərincə çoxdur.

Yerli qubernator etirazçılarla inşaat nümayəndələri və yerli pravoslav yeparxiyasının təmsilçiləri arasında danışıqlar təşkil edib. Bu danışıqlar heç bir nəticə verməyib. Bu da gözlənilən idi: moskvalı televiziya və radio aparıcısı Vladimir Solovyovun elədiyi kimi, opponentlərini (kilsəyə qarşı çıxanları) açıq şəkildə “iblis” və “terrorçu” adlandıran insanlarla dialoq qurmaq asan məsələ deyil.

Opponentlər isə öz növbələrində özlərinə və başqalarına məxsus bədii vasitələrdən istifadə edirlər. 30 il sonra Yekaterinburqda Viktor Tsoy yaradıcılığı, xüsusən də «Mı jdem peremen» (“Biz dəyişiklik gözləyirik”) mahnısı yenidən populyarlıq qazanıb.

Bu isə etiraz iştirakçılarının öz yaradıcılığıdır: #скверныйхрам («храм» – “məbəd” və «сквер» – “bağ” sözlərindən) heşteqli kilsə günbəzlərinin rəsmi.

Kreml adından polisin hərəkətlərini Dmitri Peskov dəyərləndirib.

Amma sonra prezident Vladimir Putin özü məsələyə qarışıb və mübahisəni demokratik yolla: əhali arasında sorğu keçirməklə həll etməyi təklif edib.

Yekaterinburq hakimiyyəti dərhal prezidentin təklifi ilə razılaşıb. Qərara alınıb ki, sorğu keçirildiyi müddətdə inşaat işi dayandırılsın.

Kim kimə qarşı?

İnşaat firmasının xoş səslənən adı – “Müqəddəs Yekaterina Fondu” heç kimi aldatmamalıdır: bu firma Vircin adalarında – ofşor zonada qeydiyyatdan keçib. Sahibləri ən nəhəng yerli müəssisənin, Rusiya Mis Şirkətinin sahibkarlarıdır.

Şəhərdə hər şey onlardan asılıdır – iş yerləri, media, şəhər məclisinin deputatları. Pravoslav Əlbəyaxa Döyüş Akademiyası da Rusiya Mis Şirkətinə məxsusdur.

Ən müxtəlif yaş və peşə kateqoriyasından olan insanlar onlara və planlarına qarşı çıxır. Etirazçıların arxasında heç bir təşkilat durmur, onların lideri yoxddur.

Etirazçılar çox dinc və xeyirxah niyyətlərə kökləniblər. Onların əsas şüarı – “Bura bizim şəhərdir!”. Onlar yerli sahibkarların dəstək üçün gətirdikləri pizzanı polislərlə bölüşürlər.

Bu, klassik kor-təbii etirazdır, güc hesabına ona heç nə eləmək mümkün deyil. Çünki Yekaterinburqda və ümumilikdə Rusiyada hamıya aydındır ki, bağın yerində məbəd sadəcə bəhanədir. Ölkədə böyük narazılıq potensialı toplanıb, çünki:

Vergi artır

Maaşlar cüzidir, amma bunu da itirməkdən qorxurlar, çünki işsizlikdir

Ötən il pensiya yaşı qaldırılıb

Dövlət internetə sərt nəzarət etməyə çalışır, bu da xüsusən gəncləri qəzəbləndirir

Buna görə də Tsoyun “Mı jdem peremen” mahnısının populyarlığı birincisi, təsadüfi deyil, ikincisi, Yekaterinburqla məhdudlaşmır.

Rusiyada dəyişikliklər yaxındır. Başqa sualdır ki, bu dəyişikliklər necə olacaq? Əgər hazırkı etirazlar dalğasını qaba qüvvə ilə yatırmaq mümkün olsa, başqa etiraz dalğası gələcək və artıq belə şən, yumşaq, tolerant olmayacaq.


More on JAMnews