Rusiyada gizlənən keçmiş dövlət başçısı dövlətə xəyanət və müharibəni qızışdırmaqda təqsirli bilinib" />

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç qiyabi olaraq 13 il cəzaya məhkum edilib

Rusiyada gizlənən keçmiş dövlət başçısı dövlətə xəyanət və müharibəni qızışdırmaqda təqsirli bilinib

REUTERS/Maxim Shemetov 

Ukraynanın “Hromadske” telekanalının materialları əsasında 

Yanvarın 24-də Kiyev məhkəməsi keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç haqqında dövlətə xəyanət və Ukraynanın ərazi bütövlüyünə qəsd ittihamı ilə hökm çıxarıb. O 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Kiyevin Obolon məhkəməsində proses il yarımdan çox davam edib.

Yanukoviç nədə ittiham olunur?

Dövlətə xəyanətdə, aqressiv müharibənin aparılmasına vasitəçilik etməkdə və Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsi məqsədilə qəsdli əməllər törətməkdə. Yanukoviçin şübhəli bilindiyi daha yeddi epizod da var (onların arasında 3,2 milyon dollar rüşvət almaq və Kiyev ətrafında qanunsuz torpaq ərazilərini zəbt etmək də yer alıb), amma onlar hələ məhkəməyə gedib çıxmayıb. Yanukoviçə qarşı ilk işlər 2014-cü ildə qaldırılıb – onun Rusiyaya qaçışından bir neçə gün sonra.

Rusiya Cənubi Osetiya vasitəsilə müharibənin getdiyi Şərqi Ukraynanı necə maliyyələşdirir?

Şərh: Saakaşvili Ukraynada – başlanğıc və son

Niyə Yanukoviç Ukraynada deyil?

Yanukoviç 2014-cü ilin martında, “Avromeydan”dan – Kiyevin mərkəzində keçirilən və qan tökülməsi ilə bitən kütləvi və davamlı etiraz aksiyalarından sonra Ukraynadan qaçıb. Onun qaçışı bir neçə gün çəkib – Yanukoviç Kiyevdən Xarkova uçub, sonra Donetskə, daha sonra Krıma keçib və nəhayət, Rusiyanın Rostov şəhərinə gəlib çıxıb.

Prokurorluğun əlində hansı sübutlar var?

Yanukoviçə qarşı dövlətə xəyanət ittihamına onun 2014-cü ildə Rusiya prezidenti Vladimir Putinə yazdığı və Ukrayna ərazisinə qoşun yeritməyi xahiş etdiyi məktubu əsas olub.

Putin 2014-cü ilin martında Krımın ilhaqının “qanuni” olduğuna dair məhz bu arqumentdən istifadə edib. Baş Prokurorluğun başlıca arqumenti – Yanukoviçin Rusiya prezidentinə ünvanladığı həmin məktubla bağlı məsələ o qədər də sadə deyil. 2017-ci ildə Rusiya Baş Prokurorluğu Kiyevə rəsmi cavab verib ki, nə RF prezident administrasiyasına, nə də Federasiya Şurasına Yakukoviçdən qoşun yeridilməsi ilə bağlı bəyan daxil olmayıb.

2018-ci ilin fevralında Yanukoviçin müdafiəçiləri artıq yeni məktub təqdim ediblər – orada keçmiş Ukrayna prezidenti Putinə ikitərəfli konsultasiya keçirməyi və “Ukrayna ərazisində sülh və qanunların bərpası üçün RF SQ-nin ayrı-ayrı hissələrinin istifadəsini birgə müzakirə etməyi” təklif edib.

Proses necə keçib?

Keçmiş Ukrayna prezidentinin işi üzrə məhkəmə 2017-ci il mayın 4-də qiyabi olaraq başlayıb – Yanukoviç 2014-cü ildən Rusiyadadır.

Məhkəmənin əvvəlindın iclaslar mütəmadi olaraq təxirə salınıb – çox vaxt da Yanukoviçin vəkillərinin və ya müdafiə tərəfinin şahidlərinin gəlməməsi səbəbilə. İl yarım ərzində cəmi 89 iclas baş tutub.

Proses zamanı çox sayda şahid, o cümlədən də Ukraynanın ən yüksək vəzifəli məmurları – daxili işlər naziri Arsen Avakov, keçmiş baş nazir Arseniy Yatsenyuk, MTX katibi Aleksandr Turçinov (2014-cü ildə o, prezident səlahiyyətlərini yerinə yetirib), prezident Pyotr Poroşenko dindirilib.   

Keçmiş prezidentə qarşı Kiyevə köçən rusiyalı deputatlar – İlya Ponomaryov və Denis Voronenkov da ifadə verib. Daha sonra Voronenkov Kiyevin mərkəzində qətlə yetirilib – bu 2017-ci ilin martında baş verib. Ölümündən sonra Voronenkovun ifadələri qüvvədən düşüb.

Yanukoviçin özü nə deyir?

O, dövlətə xəyanətlə bağlı ittihamı rədd edir. Yanukoviçin vəkilləri daha əvvəl bəyan etmişdilər ki, hökmdən Avropa İnsan Haqları Məhkəməsinə ikayət verməyə hazırdırlar.


More on JAMnews