Gürcüstanın ən varlı adamı, ölkəni qeyri-rəsmi idarə edən şəxs faktiki bütün şəhəri almaq qərarına gəlib" />

Təmənnasız xeyriyyəçilik, yoxsa reket? Bidzina İvanişvili Tsxaltubo kurort şəhərinin bütün mehmanxanalarını alır

Gürcüstanın ən varlı adamı, ölkəni qeyri-rəsmi idarə edən şəxs faktiki bütün şəhəri almaq qərarına gəlib

İqtidarda olan “Gürcüs arzusu” partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Tsxaltubo kurort şəhərində bütün mehmanxanaları, balneoloji hamamları və köhnə sanatoriyaları almağı planlaşdırır.

“Dövlətə dəstək lazımdır və mənim həm arzum, həm də imkanım olduğu üçün Gürcüstan dövlətinin üzərində daşıdığı ağır yükü yüngülləşdirmək istəyirəm”, – Bidzina İvanişvilinin dərc olunan məktubunda belə deyilir.

İvanişvili yazıb ki, “dövlətin hazırda Tsxaltubonun tam miqyasda bərpası üçün milyonluq investisiya resursları olmadığına, strateji inkişaf planı olmadığı zaman isə biznesin də inert olduğuna görə” o, Tsxaltubo şəhərinin inkişaf layihəsini həyata keçirmək qərarı alıb.

 “Mən belə qərara aldım ki, işi şəxsi vəsaitimlə başlayım və maksimum qısa zamanda yalnız köhnəlmiş turizm və müalicəvi infrastrukturun tam miqlaslı bərpasını deyil, həm də müasir beynəlxalq standartları nəzərə almaqla Tsxaltubonun inkişafını təmin edim”, – İvanişvili yazır.

O, konkret rəqəmlər sadalayır. Onun sözlərinə görə, Tsxaltuboda bütün mehmanxanaları (22 dənə), müalicəvi hamamları (9 dənə) almaq, vahid plan əsasında və bir konsepsiya çərçivəsində inkişafını təmin etmək plana daxildir.

• Əsrlik ağaclar – milyarderin son aludəçiliyi. Bidzina İvanişvili landşaftı necə dəyişir? Qara dəniz sahillərindən reportaj

• Tsxaltubo – tərk edilmiş cənnət. JAMnews –un keçmişdə populyar olan kurortdan reportajı

• Svaneti necə dəyişir? Gürcüstan hakimiyyəti Svanetini Qafqazın İsveçrəsinə çevirməyi planlaşdırırdı. Nə alındı?

• Dağlar niyə boşalır? Şatilidən reportaj

Bəyanatda deyilir ki, layihənin həyata keçirildiyi bütün mərhələlərdə Bidzina İvanişvili əgər işə maraq göstərənlər olarsa, istənilən investoru obyektlərə buraxmağa hazırdır.

“Təbii ki, söhbət mənim hansısa qazanclarımdan getməyəcək, obyektlər maya dəyərinə investorlara güzəştə gediləcək, biznes marağını oyatmaqdan ötrü isə mən indidən obyektlərin endirimlə, üstəlik əhəmiyyətli dərəcədə endirimlə satılacağından danışıram”, – İvanişvili yazır.

İvanişvilinin sözlərinə görə, Tsxaltubonun inkişaf planı artıq hazırlanıb və bununla İsveçrənin “KohL&Partners” şirkəti məşğul olub:

“Bu plana əsasən, Tsxaltuboda əlavə uşaq meydançaları, akvaparklar, tropik bağ, qolf və tennis meydançaları, ticarət mərkəzi, dağadırmaşma parkı, kafe və barlar, restoranlar inşa ediləcək. Həmçinin vətəndaşlarımızın ixtisas dəyişməsi üçün elm və təhsil mərkəzinin açılması da planlaşdırılıb – yaxın zamanda Tsxaltuboda yaradılacaq yüzlərlə iş yerini ixtisaslı kadrlar tutacaq və biz onların hazırlığını təmin etməliyik”, – İvanişvilinin məktubunda deyilir.

Onun hesablamalarına görə, layihə həyata keçiriləndən sonra İmereti regionunda 15020 min nəfər işlə təmin olunacaq.

Sovet zamanında Tsxaltubo balneoloji kurort kimi populyar olub, öz unikal müalicəvi suları ilə, həmçinin Stalin imperiyası dövrü üçün xarakterik olan əzəmətli və təmtəraqlı memarlıq nümunələri ilə tanınıb. Bu gün mənzərə ürək ağrıdır.

 

Kurortun ən mərkəzində yerləşən 80 hektarlıq parkda 150 növdən çox bitki var. Kurort özü amfiteatr formasındadır: parkın ətrafında 22 İstirahət Evi, parkın içində isə 9 müalicəvi hamam mövcuddur.

1 lariyə?

Tsxaltuboda dövlət balansında olan əmlakı rəmzi qiymətlərlə, məsələn, 1 lariyə Binzina İvanişviliyə ötürüləcəyi istisna edilmir.

İqtisadi inkişaf naziri Natiya Turnava jurnalistlərə bildirib ki, dövlət bütün bu təsərrüfatı 1 lari müqabilində Tsxaltuboya yatırım etmək arzusunda olan istənilən investora verməyə hazırdır. Bununla yanaşı nazir “İvanişvili dövlət balansında olan bütün bu əmlakı 1 lariyə əldə edə bilərmi” sualınln cavabından yayınıb. Onun sözlərinə görə, o, bunu nəzərdə tutmayıb, amma bununla belə Turnava bu cür ssenarinin mümkünlüyünü açıq şəkildə inkar da etməyib.

Təmənnasız xeyriyyəçilik, yoxsa reket?

Hakimiyyət nümayəndələri İvanişvilinin təşəbbüsünü görünməmiş əhəmiyyətə malik olan layihə və misilsiz xeyriyyəçilik nümunəsi adlandırırlar.

Parlament sədri Arçil Talakvadze öz Facebook səhifəsində yazıb ki, “Bidzina İvanişvilinin maliyyələşdirməsi təqdirində Tsxaltubo yaxın illərdə bütün Şərqi Avropada mühüm turizm və müalicə mərkəzinə çevrilə bilər”.

Baş nazir Giorgi Qaxariya qeyd edib ki, Tsxaltubonun reabilitasiyası unikal layihədir və uzun illər boyu nə dövlət, nə də özəl sektor bunu həyata keçirməyə müvəffəq olmayıb.

“Bidzina İvanişvili həmişə ölkəmizə və xalqımıza lazım olan yerə öz işi ilə gəlir”, – Qaxariya bəyan edib.

Müxalifət məsələyə fərqli yanaşır. Milli Hərəkatın nümayəndəsi Roman Qotsiridze İvanişvilinin qazanc haqda düşünmədən öz pulu ilə Tsxaltubonu bərpa edəcəyini növbəti yalan adlandırır.

“Bidzina İvanişvilinin təşəbbüsü növbəti yalan, növbəti seçki öncəsi vəddir, bunu artıq heç kim “yemir”… O, Tsxaltubonu qəpik-quruşa alacaq və bununla da iş bitəcək, 600 milyon avro xərcləməyə hazırlaşdığı Terapiya Mərkəzi layihəsinin yarımçıq qaldığı kimi. 120 milyon xərcləyəcəyinə söz verdiyi kəndin internetləşdirilməsi proqramı da eyni bu cür dayandı. Kutaisi Texnoloji Universitetində bu gün 300 min tələbə oxumalı idi, bəs hanı bütün bunlar?”, – Qotsiridze sual edir.

“Lelo” siyasi hərəkatının təsisçisi Mamuka Xazaradze deyir ki, İvanişvilinin Tsxaltubodakı bütün obyektləri almaq istəyi “reket əlamətləri olan xoş görkəmli ictimai bəyandır, üstəlik bəyanın müəllifi bütün ölkəni idarə edən vahid şəxsdir”.

Xazaradze hesab edir ki, bütün ölkənin Bidzina İvanişvili tərəfindən mənimsənilməsi prosesi davam edir, bir zamanlar “İvanişvilinin prokurorluqda, məhkəmələrdə, dövlət instansiyalarında həyata keçirdiyi” ələ alma prosesi kimi. 

“Bidzina İvanişvilinin idarəetmə üslubu – dövlətin zəifliyi, iqtisadiyyatın zəifliyi, qeyri-sağlam investisiya mühiti, yaxın gələcəkdə gözlənilən böyük fəlakət – hədsiz yoxsulluq və total işsizlik”.

Xazaradzenin sözlərinə görə, İvanişvili ölkədə elə mühit yaradır ki, investorlar qaçmağa başlayır, o özü isə bu ölkədə istədiyi hər şeyi ala bilən yeganə adam olaraq qalır.

“Bəlkə Gürcüstanın bütün yeraltı sərvətlərini, dəmiryolunu, göllərini, çaylarını, meşələrini, Qara dəniz hövzəsini, mövcud olan bütün hər şeyi ona sataq ki, o, bütün ölkəni mənimsəyib, talama prosesini uğurla başa vursun?”, – Xazaradze deyir.

İvanişvilinin Tsxaltubonun bərpası planları vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən də fəal müzakirə olunur.

Yazıçı Laşa Buqadze “Azadlıq Radiosu”ndakı bloqunda İvanişvilinin idarəetmə üsulunun “dövlət” anlayışını dəyərdən saldığı haqda yazıb. Buqadzenin fikrincə, İvanişvilinin əməlləri dövlətin kasıblığını vurğulayır, əhalidə dövlətin imkanlarına münasibətdə bədbinlik doğurur, İvanişvilinin əməlləri sanki insanlara deyir ki, dövlətə ümid bəsləmə, dövlət sizin hayınızda deyil, ancaq mənə ümid edin!

•  Bloomberg-in dəyərləndirməsinə görə, Bidzina İvanişvilinin varidatı 5,37 milyard dollardır. 

 


More on JAMnews