Gürcüstan XİN-i beynəlxalq ictimaiyyətdən kömək istəyir " />

Sxinvali Tbilisiyə polis postuna görə ultimatum verib

Gürcüstan XİN-i beynəlxalq ictimaiyyətdən kömək istəyir

Sxinvali Tbilisiyə ultimatum verib – polis blok-postu sökülməlidir, əks təqdirdə Cənubi Osetiya tərəfi osetin kəndlərinin təhlükəsizliyini təmin etməyə hazırdır.    

İkinci gündür ki, Cənubi Osetiyanın inzibati sərhədi, “ayrılma xətti” yaxınlığında yerləşən Çorçana gürcü kəndi ətrafında vəziyyət gərgin olaraq qalır. 

Vəziyyət kəndin girişində yerli sakinlər Rusiya zirehli texnikasını görəndə və bundan sonra Tbilisi Çorçana yaxınlığında blok-post yerləşdirmək qərarını verəndən sonra gərginləşdi.

Sxinvali Gürcüstan tərəfinin bu addımlarını təhlükəli adlandırdı və ultimatum verdi: blok-postu götürmək lazımdır, əks halda “biz Osetiya kəndlərinin təhlükəsizliyini təmin etmək barədə düşünəcəyik” — ultimatumda deyilir.

Tbilisi dəstək üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

_______________________

Bütün gecəni blok-postun yanında jurnalistlər işləyib.

Sxinvalinin ultimatumu avqustun 30-da səhər saat 6-da bitib.

“Azadlıq radiosu”nun məlumatına görə, ultimatumun müddəti bitənə qədər blok-post yanında vəziyyət sakit olub. Polisdən başqa orada Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyinin, həm də Avropa İttifaqının Müşahidəçilər Missiyasının nümayəndələri var.

Çorçana kəndi yaxınlığında nə baş verib?

Avqustun 28-də Çorçana kəndinin girişində yerli sakinlər Rusiya hərbiçiləri, ağır hərbi texnika və zirehli maşınların hərəkətini müşahidə edib.

Bu faktı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti də təsdiq edir. Baş verənlər barədə Avropa İttifaqının Müşahidəçilər Missiyası məlumatlandırılıb.

Xaşur rayonunun Çorçana kəndi 2008-ci ilin avqust ayından əvvəl və sonra Gürcüstanın mərkəzi hakimiyyətinin nəzarəti altındadır. Çorçana Tbilisidən 110 kilometr aralıda yerləşir və Osetiyanın Tsnelisi kəndi ilə qonşudur – onları ancaq meşə ayırır.

Çorçana sakinləri danışır ki, Tsnelisi yaxınlığında yüzə yaxın Rusiya hərbiçilərini görüblər, bundan əvvəl onlar burada olmayıb. Ayrılma xəttinin yanında hərəkət edən zirehli texnika da görüblər.

Cavab olaraq Gürcüstan tərəfi Çorçanada yerləşən polis postunu gücləndirib.

Ayrılma xətti yaxınlığında Gürcüstanın polis qüvvələrinin səfərbərliyi Sxinvalinin narazılığına səbəb olub. Osetiya tərəfi bildirib ki, blok-post Tsnelisidən cəmi 250 metr aralıda yerləşdiyindən təhdid kimi qiymətləndirilə bilər.

Erqnetidə görüş və Sxinvalinin ultimatumu

Baş verən vəziyyətin Gürcüstan, Osetiya və Rusiya tərəfləri arasında Avropa İttifaqının İnsidentlərin Prevensiyası və Onlara Reaksiya Mexanizmləri üzrə Missiyanın (IPRM) iştirakı ilə Ergnetidə müzakirə edilməsi planlaşdırılırdı. Amma danışıqlar nəticəsiz oldu və görüş sonda kəsildi.

Məhz bu görüşdə Sxinvali Gürcüstan tərəfinə ultimatum verdi – 30 avqust səhər saat 6-ya qədər Çorçanada blok-postu götürmək. Əks halda de-fakto Cənubi Osetiya hakimiyyətinin bəyanatına görə, onlar “öz gücü ilə öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək” hüququnu özündə saxlayır.

Erqnetidə görüş zamanı Sxinvali nümayəndəsi Yeqor Koçiyev bildirib ki, “Gürcüstanla sərhəd rayonunda vəziyyət çox gərgidir”.

“Yeganə tələb – Gürcüstan qüvvələri regionu tərk etməlidir”, — deyə o bildirib.

Koçiyevin sözlərinə görə, gürcü polisləri gecə Osetiyanın kəndindən 250 metr aralıda blok-post yerləşdiriblər.

Onun sözlərinə görə, Osetiyanın yaxınlıqda yerləşən kəndlərinin sakinləri Gürcüstan qüvvələrinin peyda olmasından narahatdır və Sxinvali hakimiyyətinə kömək üçün müraciət ediblər.

“Və onlar buradan kömək alacaqlar”, – deyə Koçiyev bildirib.

Onun sözlərinə görə, Gürcüstan postu Cənubi Osetiya ərazisində yerləşir, bu, “1992-ci ildə dərc ediən xəritələr və digər sənədlərlə təsdiqlənir”.

Tbilisinin mövqeyi

Gürcüstan tərəfi bildirir ki, Çorçanada blok-postun ləğvi məsələsi müzakirə olunmur.

“Bu ərazi həmişə Gürcüstanın mərkəzi hakimiyyətinin nəzarəti altında olub, bu da hər şeydən əlavə Avropa İttifaqının Müşahidə Missiyası tərəfindən qeydə alınıb, blok-postun ləğvi məsələsi müzakirə olunmur”, – Erqnetidəki görüşdə iştirak etmiş xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

Osetiya tərəfinin irəli sürdüyü ittihamları Tbilisi qəbul etmir:

“Bütün ittihamlar əsassızdır. Gürcü polisinin postlarının harada yerləşdirilməsi ilə bağlı ancaq Gürcüstan dövləti qərar verə bilər”, – Erqnetidə baş tutmayan görüşdən sonra Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin informasiya-analitika şöbəsinin başçısının müavini İrakli Antadze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Çorçanadakı blok-post standart polis postudur və heç bir təhlükə yaratmır. Çorçana ətrafında vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyəti Gürcüstan tərəfi Rusiyanın üstünə atır.

“Çorçanadakı blok-post Gürcüstanın mərkəzi hakimiyyətinin nəzarəti altında olan ərazidə yerləşir. Həmişə belə olub, bu gün də belədir. Deməli gürcü polis postlarının yerləşməsi ilə bağlı bütün ultimatumlar absurd və yersizdir. İstənilən gərginliyə görə məsuliyyət tamamilə Rusiya Federasiyasınını, işğal olunmuş ərazidə effektiv nəzarəti həyata keçirən qüvvənin üzərinə düşür”, – Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi bildirib.

Gürcüstan XİN-i avqustun 29-da axşam yaydığı bəyanatda Rusiya Federasiyasını “qanunsuz hərəkətləri dayandırmağa, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, o cümlədən atəşkəsin elan olunması ilə bağlı 12 avqust 2008-ci il tarixli müqavilənin şərtərinə əməl etməyə, həm də Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə” çağırıb.

Bəyanatda həm də bildirilir ki, Gürcüstan XİN-i beynəlxalq ictimaiyyətə “işğal xəttində qanunsuz hərəkətlərə müvafiq reaksiya vermək və onların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi” üçün müraciət edib.

Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews