Detallar və gürcüstanlı ekspertlərin şərhləri" />

Suriya Abxaziya və Cənubi Osetiyanın müstəilliyini tanıyıb. Bunun arxasında nə durur?

Detallar və gürcüstanlı ekspertlərin şərhləri

Foto: Vladimir Valişvili

Eyni gündə – mayın 29-da iki hadisə baş verib. Suriya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb və Gürcüstan Suriya Ərəb Respublikası ilə münasibətlərini kəsdiyini elan edib.

Cənubi Osetiyanın Xarici İşlər Nazirliyinin və Abxaziya prezidentinin saytlarında Suriya ilə qarşılıqlı tanıma və diplomatik əlaqələrin qurulması ilə bağlı saziş bağlandığı haqda məlumat yerləşdirilib.

Rusiya Abxaziya və Cənubi Osetiyanın suverenliyini 2008-ci il avqustun 26-da tanıyıb. Bu ölkələrin müstəqilliyini Nikaraqua, Venesuela və Nauru da tanıyıb. 2011-ci ildən sonra bu, Abxaziya və Cənubi Osetiyanın BMT ölkəsi tərəfindən tanındığı ilk hadisədir.

Tbilisidə keçirilən brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua deyib ki, Rusiya “Dəməşklə manipulyasiya edir”, qərar isə suveren dövlətlərin ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı üzrə beynəlxalq hüquqi öhdəliklərin pozulmasıdır.

“Gürcüstan Suriya Ərəb Respublikası ilə diplomatik münasibətlərin kəsilməsi proseduruna başlayıb”, – Dondua deyib.

Gürcüstan XİN-i beynəlxalq aləmi baş verənlərə adekvat reaksiya verməyə və “Əsəd rejiminin qanunsuz qərarına qarşı tədbirlər görməyə” çağırıb. Nazirlikdən Gürcüstanın beynəlxalq aləmdən konkret hansı tədbirləri gözlədiyi dəqiqləşdirməyiblər.

Gürcüstanlı siyasətçilər və ekspertlər Suriyanın Abxaziya və Cənubi Osetiyanı tanıması situasiyasını dəyərləndirirlər.

Müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, beynəlxalq əlaqələr üzrə ekspert Sergi Kapanadze:

Rusiya düşməndir və düşmən siyasətini davam etdirir. Özümüzü aldatmamalıyıq. Gürcüstanın elədiyi heç bir güzəşt heç nəyi dəyişməyəcək. Nə Cenevrə danışıqları, nə “Karasin-Abaşidze” danışıq formatı [Moskva və Tbilisinin iki xüsusi nümayəndəsi arasında mütəmadi danışıqlar prosesi – JAMnews], nə də Gürcüstanın baş nazirinin hərarətli məktubları kömək etməyəcək.

•  Gürcüstanın baş naziri Kremlə məktubunda nə yazıb və gürcüstanlı ekspertlər ona nə deyib?

•  Gürcü-abxaz və gürcü-osetin münaqişələri üzrə “Cenevrə formatı” nədir və onun ön tarixçəsi nədən ibarətdir? 

Rusiyanın beynəlxalq arenada dəstəyi sivil dünyanın dəsdəkləmədiyi yarım-legitim rejimlərdir. Bu rejimlər keçmişə gömüləcək, onların Abxaziya və Cənubi Osetiyanın suverenliklərini tanımaları da buxarlanıb gedəcək.

Gürcüstan nə etməlidir? Suriya ilə diplomatik əlaqələri dərhal kəsməli, Yaxın Şərq və Ərəb Liqası ölkələri ilə diplomatik münasibətləri gücləndirməlidir.

Keçmiş barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakarieşvili:

Suriya Rusiyadan o qədər asılı vəziyyətə düşüb ki, Gürcüstan hakimiyyəti baş verənlərə heç cür təsir göstərə bilməzdi, Zakarieşvili “İnterpressnyus” informasiya agentliyinə bildirib.

“Rusiya uzun müddət Suriya ilə işləyib ki, bu ölkəni Abxaziya və Cənubi Osetiyanı tanımasına razı salsın. Görünür ki, Suriya təzyiqə dözə bilməyib. Suriyanın uzun müddət bu addımdan çəkinməsi bu ölkədə həmin məsələ ilə bağlı müxtəlif yanaşmaların olduğundan xəbər verir. Amma nəticədə, Abxaziya və Cənubi Osetiyanı tanımaqla Suriya Rusiyaya göstərdiyi dəstəyə görə təşəkkür etmiş oldu”.

Onun sözlərinə görə, indi ən vacibi beynəlxalq aləmin buna adekvat reaksiya göstərməsidir ki, Abxaziya və Cənubi Osetiyanın tanınmasını müzakirə edən digər dövlətlər bu addımın onlara nə bahasına başa gələcəyini anlasınlar.

“Gürcüstan Suriyanın BMT qarşısındakı məsuliyyəti məsələsini qaldırmalı və həyəcan təbili çalmalıdır. Hazırda çox vacibdir ki, ərəb dövlətləri Suriyanın verdiyi qərarın əleyhinə çıxsın və Gürcüstan bunun üzərində çalışmalıdır. Rusiyaya qarşı çıxmaq da olar, amma Suriya suveren dövlətdir və bütün diqqətləri Rusiya üzərinə yönəltmək, məsuliyyəti onun üzərinə qoymaq mümkün olmayacaq. Biz bütün ciddiyətimizlə Suriyaya qarşı çıxmalıyıq”.

Tbilisi Dövlət Universitetinin professoru, Siyasət İnstitutunun direktoru Korneli Kakaçiya:

İndiyə qədər ərəb ölkələrindən heç biri de-fakto rejimləri tanımayıb, amma Suriyanın bu qərarı ərəb dünyasında zəncirvari reaksiya doğura bilər, – Korneli Kakaçiya “İnterpressnyus” informasiya agentliyinə bildirib.

O həmçinin hesab edir ki, Gürcüstan XİN-i tanımamaq siyasətinin həyata keçirilməsində fəallaşmalıdır.

“XİN Suriyanıın bu addımını hesablamalı idi, çünki Bəşər Əsəd rejimi Rusiya süngüsünün önündədir və Rusiyanın istənilən istəyini yerinə yetirməyə hazırdır. İndi nazirlik izah etməlidir ki, niyə onun işi yetərli olmayıb”.

Məqalədəki termin, toponim, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews