Dağıstandan reportaj, burada camaat küçəyə Stalinin adını qoymaq istəyir və Putinin də bunu istədiyini düşünürlər " />

Stalin Dağıstana qayıdır

Dağıstandan reportaj, burada camaat küçəyə Stalinin adını qoymaq istəyir və Putinin də bunu istədiyini düşünürlər

Gürcüstanın Stalinin doğma Qori şəhərinin sakinləri 5 mart 2018-ci ildə yerli kilsədə Stalinin ölüm gününü qeyd etmək üçün yığışıblar. Foto REUTERS/David Mdzinarişvili 

“Novaya qazeta”nın yazısı əsasında

Kaspiysk şəhərində (Rusiyanın tərkibində, Dağıstan Respulikasında yerləşir) küçənin adını dəyişmək təşəbbüsü ilə yerli “İ.V.Stalin” ictimai təşkilatı çıxış edib.

Bu təşkilatın sədri olan İsa Aziyev ictimai dinləmələrdə bildirib ki, “tarixi ədalətin bərpasına” çalışır, çünki bu küçə əvvəllər Stalinin adını daşıyıb.

“Şəhərimizin ən hörmətli və nüfuzlu vətəndaşları öz imzaları ilə bizi dəstəkləyib. Bu, Böyük Vətən Müharibəsi iştirakçıları, Veteranlar Şurası, Ağsaqqallar Şurası, Çernobıllılar Şurası, DİN Şurasıdır. Biz administrasiyaya elə-belə gəlməmişik, ən yaxşı insanların yaxşı, güclü dəstəyi ilə gəlmişik!”, — deyə sədr bildirib.

“Biz Stalini dəstəkləyirik! — zaldan səslər eşidildi.

Pedaqoji İnstitutun hərbi kafedra müəllimi Musa Abakarovun fikrincə, Rusiya prezidenti Vladimir Putin də istəyərdi ki, Kaspiyskdəki küçənin adı dəyişdirilsin:

“Prezidentimiz Vladimir Vladimiroviç, o susur. O deyə bilmir ki, gəlin Rusiya xalqının vətənpərvərlik ruhunu Stalinini adı ilə qaldıraq. O belə deyə bilməz, çünki bütün dünya ona qarşı qalxaq. O, öz davranışı ilə bizə eyham vurur: “İrəli, uşaqlar, irəli! Vətənpərvərlik ruhunu qaldırın. Adı dəyişdirin”.

Bu, prezidentin gizli ideyasıdır. Bu, böyük təkandır, ilhamdır! Nə olub… öldürüblər, kimi öldürüblər — mübahisəli məsələdir, bu məsələni müzakirə etməyək”.

Dinləmələrin iştirakçılarından biri etiraf edib ki, Sovet İttifaqı patriotu kimi oğluna İosif adı qoyub.

“Pyotrın hökmranlığı dövründə əhalinin üçdə biri məhv oldu. Güclü repressiyalar oldu, amma onun şərəfinə küçələr adlandırılıb, hər şey də normaldır”, — daha bir çıxışçı Omari Qasanov deyirdi.

Yerli zavodun keçmiş işçisi Bunyamin İbrahimov Çar Rusiyası tarixinə ekskur etmək qərarına gəldi.

O dedi ki, ulu babasının qardaşı Rusiya ordusunda xidmət edib, amma çoxsaylı medallar və yüksək təyinatlara baxmayaraq, 1920-ci ildə onu həbs edib, güllələyiblər, “amma o vaxtlar vəziyyət beləydi”.  

“Öz adamları xəbərçilik etdi, öz adamları yazdı. Stalin repressiya etmirdi, yerli sakinlər edirdi. Stalin Sovet İttifaqının hər yerinə əl ata və repressiya edə bilməzdi. Vəziyyət beləydi. Sinfi mübarizə”, — deyə veteran bildirib.

Nəhayət söz Şamil Rəsulova, təklifə qarşı çıxış edən yeganə gənc adama verildi. Zalda səs-küy qopdu. “Sən nəyə qarşısan?” — dinləmələrin çox emosional iştkirakçısı ondan xəbər aldı.

Gəncdir, tarixi bilmir, — təqaüdçülərdən biri iltifatla oğlana bəraət qazandırmaq istədi.

Mən öz fikrimi və binamızın fikrini bildirməyə gəlmişəm! Yol ölçmək, sənəd dəyişmək lazım olacaq. Öz işimizlə məşğul olmaq əvəzinə biz gedib, ad dəyişməliyik, — gənc oğlan cavab verdi. Qonşusu da onu dəstəklədi.

Hansı küçədə anadan olmusuz? — emosional vətəndaş dindirməni davam etdirdi.

Mir küçəsi, 14-də.

— Otur! Adamlardan xəbər almaq lazımdır! Prezidentimiz ona çalışır ki… Stalinin yolunu gedir! O, ölkənin müdafiə qabiliyyətini gücləndirir. Siz əlinizdə avtomat tutmusuz? Orduda xidmət etmisiz? Səndən soruşuram!

“İ.V.Stalina”nın sədri Aziyev yenidən söz alaraq xatırladıb ki, Qafqazda qlobal məsələlər gənclər deyil, ağsaqqallar tərəfindən həll olunub:

“Burada da ağsaqqalların, yaşlı adamların fikrini dinləmək lazımdır”.

Bir saat sürən müzakirələrdən sonra Kaspiyskin baş memarı Ahmed Maxov məsələni səsverməyə çıxarmağı təklif edib.

28 iştirakçı adın dəyişdirilməsinin “lehinə”, iki nəfər “əleyhinə” səs verib, bitərəf olmayıb.


More on JAMnews