Güləş əvvəlki güləş deyil. Bu yaxşıdır, ya pis?" />

İdmanda qalmaqallar və intriqalar

Güləş əvvəlki güləş deyil. Bu yaxşıdır, ya pis?

Dünya güləşində son illərdə hər şey dəyişib: qaydalar da, gücün paylanması da, o cümlədən siyasi proseslərlə bağlı olan yeraltı axınlar da.

Bu gün dünya idmanını qalmaqal və pərdəarxası oyunlarsız təsəvvür etmək mümkün deyil. Dopinq, diskvalifikasiya, xüsusi komissiyalar, təcili iclaslar və ifşalar haqqında son xəbərlər az adamı təəccübləndirir.

Axırıncı böyük qalmaqal məhz güləş sahəsində baş verdi. Beynəlxalq Olimpiya Komitəsi (BOK) düz 16 idmançının 2008-ci il Olimpiya oyunlarındakı nəticələrini ləğv etmək qərarı verdi. Guya onların dopinq testləri yenidən yoxlanılıb, (8 ildən çox vaxt keçəndən sonra – bu, yeni “rekord”dur!) və pozuntular üzə çıxıb. Sonda da nəticələr ləğv edildi, idmançılar isə diskvalifikasiya olundu.

Həmin Olimpiadada gümüş medal qazanan məşhur azərbaycanlı güləşçi Vitali Rəhimov da bu idmançılardan biri oldu.

“Bu, gülməlidir. Mən Olimpiadadan öncə dopinq testindən keçmişəm, sonra da Pekinin özündə iki dəfə yoxlayıblar məni. Hər şey təmiziydi, dopinq-filan da tapmadılar. Turnirdən sonra da yoxladılar bizi. Belə çıxır ki, o vaxt dörd dəfə keçirilən yoxlama dopinqi aşkar etmir, amma səkkiz il sonra məlum olur ki, qadağan olunmuş preparatdan istifadə etmişəm?” – Rəhimovun özü BOK-un qərarını belə şərh etdi.

Həqiqətən də keçmişdə “eşələnib”, 8 il bundan əvvəlki arxivləri qaldırmaq nəyə lazımıydı, axı indi artıq bu nəticələr heç kimə maraqlı deyil, diskvalifikasiya olunmuş idmançıların çoxu isə artıq karyerasını bitirib?

Hələ 2013-cü ildə o vaxtlar FILA adlanan Beynəlxalq Güləş Federasiyası problem və münaqişələrin içində batıb qalmışdı. İş o yerə çatdı ki, təşkilatın Konqresi növbədənkənar iclas zamanı qurumun çox təcrübəli prezidenti Rafael Martinettiyə etimadsızlıq votumunu ifadə etdi.

İsveçrəli artıq 11 iliydi ki, FILA-ya başçılıq edirdi və tək idman dairələrində deyil, həm də dövlət başçıları səviyyəsində də ciddi nüfuz sahibi idi.

BOK faktiki olaraq ultimatum qoydu: ya Martinetti postu tərk edir, ya da Təşkilat güləşi Olimpiya oyunları proqramından çıxarır, bununla da onun hakimiyyətinə son qoyuldu. Arqument kimi, bu idman növündə tez-tez dəyişən qaydalar və dünya üzrə yayımların aşağı reytinqləri göstərildi.

Təcili iclas zamanı milli federasiyaların rəhbərləri isveçrəlidən imtina edərək, yekdilliklə serb Nenad Laloviçi seçdilər. Birinci 2 ayı o, “vəzifələri icra edən” kimi işlədi, sonra da təşkilatın tamhüquqlu prezidenti oldu. Yeri gəlmişkən, onun birinci qərarı adın FILA-dan UWW-ya (United World Wrestling) dəyişdirilməsi oldu.

UWW-də dəyişikliklər artıq çoxdan yetişmişdi və qaçılmaz idi, Martinettinin tərəfdarları yavaş-yavaş geri çəkilirdilər. Bir sözlə, dünya güləşi inqilabi ideyalar, cəsarətli qərarlar və bir qurtum təmiz hava gözləyirdi.

Laloviç hakimlik sistemində islahatlardan, daha doğrusu, daha dəqiq qaydaların müəyyən edilməsindən, arbitrlərin lisenziyalaşdırılmasından və onların peşəkarlığının artırılmasından başladı. Qeyri-obyektiv və qərəzli hakimliklə bağlı qalmaqalların sayı əməlli-başlı azaldı.

UWW-nin yeni başçısının daha bir yeniliyi turnirləri qəbul edən ölkələrin coğrafiyasının genişləndirilməsi oldu. Prestijli yarışları ancaq sınaqdan çıxmış ölkələrə göndərən əvvəlki rəhbərlikdən fərqli olaraq, indi güləş üzrə mühüm turnirlər Finlandiya və İran, Hindistan və Tailandda, bundan başqa da Misir, Monqolustan, Əlcəzair və Yeni Zelandiyada keçirilir. Bu da bütün dünyada olan güləş azarkeşlərinə dünyanın ən güclü idmançılarını və vacib yarışların kim tərəfindən və necə keçirildiyini yaxından izləmək imkanı verdi.

Bu, ölkələrin özündə də marağı artırdı, yerli hakimiyyətlər, kommersiya və idman təşkilatları maddi-texniki bazanın inkişafına daha çox diqqət ayırmağa, idmançılara pul qoymağa, güləşin inkişafı üçün şərait yaratmağa başladılar.

İri yarışların finalları gərgin mübarizə şəraitində keçirdi, onların maraqlı keçməsi və ətrafında yaranan ajiotaj iştirakçıların sayının artmasına gətirib çıxardı. Bütün bunlar da yeni maliyyə axınları cəlb etdi. Martinettinin rəhbərliyi altında keçən son illərdən fərqli olaraq, UWW indi maddi problemlər yaşamır və istədiyi miqyasda turnirlər keçirmək, qalibləri isə layiqincə mükafatlandırmaq iqtidarındadır.

Yeri gəlmişkən, “Laloviç adına” vacib dəyişikliklərdən biri idman vətəndaşlığının dəyişməsi ilə bağlı olan yeni reqlament oldu, o milli vətəndaşlığın dəyişməsi zərurətini və milli federesiyaların qarşılıqlı razılaşması ilə iki illik karantini aradan götürürdü. Bundan başqa da idmançını göndərən tərəfə böyük həcmdə ödnişlər nəzərdə tutur və idmançıya yeni ölkədə işləmək və yaşamaq imkanı verirdi.

Bu qərar ölkələr və müxtəlif məşq məktəbləri arasındakı sərhədləri birdəfəlik sildi. Misal üçün, bu gün Böyük Britaniyanın qadın yığmasının tərkibində ukraynalı xanım çıxış edir, İtaliyanın kişi komandasında isə yeri gəlmişkən, ötən il böyük xidmətlərinə görə “yeni vətəninin” dövlət mükafatını alan kubalı oynayır.

Naturalizasiya çoxdandır ki, legionerlər üçün qonaqpərvər ev sahibi kimi tanınan Azərbaycanda da kütləvi xarakter alıb. Anındaca narazı səslər eşidildi: çoxları hesab edir ki, bu proses yerli güləş məktəbini tamamiylə məhv edə bilər ki, bu da Azərbaycanda bu idman növünün populyarlığını nəzərə alsaq, heç yaxşı olmazdı. Axı Qafqazda güləş faktiki olaraq, ənənəvi “xalq əyləncəsi”dir. Digər tərəfdən də güləş bir idman növü kimi qazandı, axı hər bir ölkə istənilən idmançını ala və medallar əldə edə bilər.

İndi ancaq UWW-nin yeni rəhbərliyinin islahatlarının nə dərəcədə məhsuldar olması və onların dünya güləşini hara gətirib çıxaracağı barədə mübahisə etmək qalır. Heç kim zəmanət verə bilməz ki, illər keçəndən sonra Dünya Güləş Birliyinin bu “xeyirxahlığı” yenidən maraqların toqquşmasına gətirib çıxarmayacaq və Qafqazda bu dərəcədə sevilən idman növünü yenidən destabilizə etməyəcək.

Dərc olunub 02.01.2017


More on JAMnews