Azərbaycanda ən böyük göl ətraf kəndləri dolandırır " />

Sarısuyun yanında yaşayanlar

Azərbaycanda ən böyük göl ətraf kəndləri dolandırır

Azərbaycanın cənubunda yerləşən Sarısu gölü ölkədə ən böyük göldür. Ətraf kəndlərin bir çox sakinləri üçün bu göl yeganə dolanışıq yeridir. Burada quş və balıq ovlayırlar – həm özləri, həm də satış üçün.

Sarısu öz adına görə hansısa xüsusi suya deyil, qamışlığa borcludur. Yayda qamışlar günün altında yanır və ta gələn yaza qədər sahil sarı rəngə boyanır.

Ovçu Vahid Əliyev qayıqlardan birinin zəncirini taxta bənddən ayırır. Başqa bir ovçu isə artıq bu vaxt ovdan qayıdır.

Səhər burada ov tüfənglərinin şaqqıltısı və quşlarının qıyıltısı ilə açılır. Sarısu gölündə ördək, qaz, qaşqaldaq, sultan toyuğu, boz vağ olur. Sultan toyuğun adı Qırmızı Kitaba düşüb və ovlanması qadağan olunub.

Sabirabadlı ovçu Sahib də dolanışıq dalıyca Sarısuya üz tutanlardandır. O 40 ildir ovçu paltarını, çəkmələrini geyinib, tüfəngini götürüb buralarda ov edir. Daha çox qaşqaldaq vurur. Ovçu deyir, adamların çoxu qaşqaldağı spesifik qoxusuna, bir də ətinin rənginin qapqara olmasına görə bəyənmir, amma olmayan yerdən ona da şükür edənlər çoxdur.

Yerli əhali kənd yollarının palçığından və işsizlikdən şikayətçidir. Kommunal xidmətlər sahəsində də problemlər çoxdur: rayon mərkəzində və kəndlərin bir hissəsində qaz olsa da, hələ də odundan istifadə edən kəndlər var. Misal üçün, Yuxarı Axtaçı kəndində buna görə az qala bütün ağacları qırılmış görmək olur.

Su xətləri də işləmir. Amma xoşbəxtlikdən Kür çayı lap yaxınlıqda olduğundan kənd camaatı Kürün suyundan istifadə edir.

Yerli camaat daha çox heyvandarlıqla məşğul olur. Ona görə burdakı həyətlərin çoxunu quru ot, saman tayaları “bəzəyir”.

Sabirabadın kəndlərində işsiz gənclər səbirsizliklə pambıq mövsümünün başlanmasını gözləyir. Misal üçün, Malik Əliyev deyir ki, başqasının sahəsində də olsa keçən mövsüm kilosu 10 qəpikdən pambıq yığıb təhvil veribmiş. Gündəlik qazancı ən yaxşı halda 10 manat olurmuş. Həmin gün də təkcə soğan və kartof yox, ət də ala bilirmiş.

İndiliksə Malik yol kənarında 3 kilosu 1 manata alma satır, Bakı üçün bu, gülməli qiymətdir.


More on JAMnews