Müxalifət Asiya taxtabitisinə qarşı ümumi səfərbərlik elan edilməsini tələb edir və ordunun da buna cəlb olunmasını istisna etmir " />

“Sadəcə həşərat”, yoxsa “böyük zərərverici”? Gürcü siyasətçiləri Asiya taxtabitisi haqda

Müxalifət Asiya taxtabitisinə qarşı ümumi səfərbərlik elan edilməsini tələb edir və ordunun da buna cəlb olunmasını istisna etmir

“Avropa Gürcüstanı” müxalifət partiyası Asiya taxtabitisinə qarşı mübarizə çərçivəsində ölkədə fövqəladə vəziyyət elan olunmasını təşəbbüsü ilə çıxış edib. Bu haqda partiya liderlərindən biri, Tbilisinin keçmiş meri Qiqi Uqulava bazar ertəsi baş tutmuş brifinqdə deyib.

Asiya taxtabitisi (Halyomorpha halys) ilk dəfə Gürcüstanda 2015-ci ildə aşkarlanıb. O bitkilərlə qidalanır. Keçən il taxtabiti Qərbi Gürcüstanda yığılan fındığın əksəriyyətini məhv edib. Gürcüstanın dünyada fındıq üzrə ixracatda ilk beşlikdə olduğunu nəzərə alsaq taxtabitinin vurduğu ziyan milyonlarla lariylə ölçülür. Asiya taxtabitisi fındıqla yanaşı başqa kənd təsərrüfatı məhsullarına, o cümlədən qarğıdalıya da ziyan vurub. Keçən il Gürcüstanın Facebook seqmenti fəlakətin miqyası barədə təsəvvür yaradacaq qədər şəkillərlə dolu idi.   

 

Yazın gəlişi, kənd təsərrüfatı işlərinin yenidən başlaması ilə Asiya taxtabitisi məsələsi aktuallaşdı. Müxalifət hökuməti fəaliyyətsizlikdə ittiham edir və fövqəladə tədbirlərin görülməsini tələb edir. Müxalifət bildirir ki, hakim “Gürcü arzusu” partiyası problemin miqyasını təsəvvür belə etmir. “Avropa Gürcüstanı” partiyasının lideri Qiqi Uqulava brifinqdə bəyan edib ki, Asiya taxtabitisi ilə mübarizədə böyük ərazilərin işlənməsi üçün insan qüvvəsi lazımdır, ona görə fövqəladə vəziyyət elan olunmalıdır, səfərbərliyə həmçinin dövlət idarələri və könüllülər cəlb olunmalı, lazım olduğu halda ordunu, hətta qonşu ölkələrini də cəlb etmək lazımdır.

“Asiya taxtabitisinin hücumu nəticəsində fındığın ixracı 151 milyon lari azalıb. Taxtabiti qarğıdalı və başqa kənd təsərrüfatı məhsullarını da məhv edib. Qərbi Gürcüstanda problem artıq epidemiya xarakteri daşıyır”, – Uqulava deyib.

Kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi naziri Levan Davitaşvili vəziyyəti başqa cür qiymətləndirir. Onun sözlərinə görə, bu məsələ parlamentdə əsas mövzu olacaq məsələ deyil və müxalifəti vəziyyəti siyasiləşdirməməyə çağırır.

“Asiya taxtabitisi kənd təsərrüfatı zərərvericisidir, o, adi həşəratdır, və ona bu qədər diqqətin ayrılması mənasızdır. Əlbəttə, bu, bizim üçün ciddi problemdir, amma bu problem tək və ən əsas olan deyil”, – kənd təsərrüfatı naziri bəyan edib. Onun sözlərinə görə, 2018-ci ili nazirlik tam hazır şəkildə qarşılayıb. “Fitosanitariya imkanlarının gücləndirilməsi üçün bütün hazırlıq işləri görülüb. Biz bütün çətinliklərə hazırıq”, –  Davitaşvili deyib.

• Milli Ərzaq Agentliyinin məlumatına görə, zərərverici 2016-cı ildə 60 milyon lari, 2017-ci ildə isə 150 milyon laridən çox ziyan vurub.

• Gürcüstan Avropa İttifaqı ölkələrinə 5 nəhəng fındıq ixracatçıları arasındadır və fındığın Avropa bazarına ixracatına  Türkiyədən sonra ikincidir.

• Gürcüstan fındığının 90 faizi Qərbi Gürcüstanda Abxaziya ilə sərhəddə olan Sameqreloda bitir. 1990-cı illərin müharibəsindən əziyyət çəkmiş regionda fındıq demək olar ki, əhalinin əsas iqtisadi dayağına çevrilib. Amma bu vəziyyət tez bir zamanda dəyişə bilər – ötən il Sameqreloda fındıq məhsulu 2016-cı ildə yığılanın ancaq yarısını təşkil edib.


More on JAMnews