Rusiyada məktəblərə hücum epidemiyası

Yaralıların sayı iyirmiyə çatıb, hücumçuların motivi aydın deyil

 

Rusiyanın Ulan-Ude şəhərində doqquzuncu sinif şagirdi yeddinci sinif şagirdləri və müəllimələrinə hücum edib. “Meduza”nın məlumatına görə, yeniyetmə balta ilə şagirdlərə və müəlliməyə bir neçə zərbə endirib, daha sonra isə “Molotov kokteyli” ilə sinfi yandırıb.

Yaralılar haqda məlumat yenilənir, son informasiyaya görə, onlar yeddi nəfərdir. Sinifdə olanların çoxuna psixoloq yardımı gərək olub. Hücumdan sonra yeniyetmə intihara cəhd edib. Hazırda o saxlanılıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

“İnterfaks”ın öz mənbələrinə istinadən xəbər verdiyi kimi hücum etməzdən əvvəl məktəbli əlbir olacağı adamlar tapmağa çalışıb, amma dostları onun ideyasını dəstəkləməyib.

Rusiyada bu, son həftə ərzində məktəbə edilən artıq ikinci hücumdur. Yanvarın 15-də Permdə iki yeniyetmə məktəbə gəlib, bıçaqla müəlliməyə və dördüncü sinif şagirdlərinə xəsarət yetirib. Hər iki hücumçu bu məktəbin şagirdi olub. Müəllimə də daxil olmaqla 13 nəfər yaralanıb.

Həm Perm, həm də Ulan-Udedən olan yeniyetmə hücumçuların motivləri araşdırılır.

 


More on JAMnews