Ermənistan ekspertləri bu bəyanata ciddi yanaşmağa çağırır, Rusiya ekspertləri isə bunu sadəcə siyasi təzyiq cəhdi hesab edir " />

Rusiya ilə “mühüm” hərbi müqavilə bağlayacağı təqdirdə ABŞ Ermənistana qarşı sanksiya tətbiq edə bilər

Ermənistan ekspertləri bu bəyanata ciddi yanaşmağa çağırır, Rusiya ekspertləri isə bunu sadəcə siyasi təzyiq cəhdi hesab edir

ABŞ Ermənistan hökumətinə xəbərdarlıq edib ki, Rusiyanın hərbi sənaye kompleksinin şirkətləri ilə mühüm həcmdə müqavilə bağlayacaqları təqdirdə onlara qarşı sanksiyalar tətbiq oluna bilər. Bu haqda “Aykakan jamanak” qəzeti xəbər verib.

“ABŞ-ın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə əks təsir haqda” qanuna əsasən yanvarın 29-dan ABŞ Rusiyanın hərbi sənaye kompleksinin şirkətləri ilə mühüm miqyasda müqavilə bağlayan istənilən ölkə, fiziki şəxs və ya təşkilata qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan mümkün sanksiyalar haqda sualları Xarici İşlər Nazirliyinə ünvanlamağı məsləhət görüb. XİN mətbuat katibi Tiqran Balayan isə məsələni çox diplomatik şərh edib:

“Ermənistan tərəfdaş ölkələrlə əməkdaşlığı yüksək dəyərləndirir”.

Rusiyanın hərbi eksperti, MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyev qeyd edib ki, Ermənistan, məsələn, Azərbaycandan fərqli olaraq,  Rusiyadan mühüm həcmdə silah almır, müvafiq olaraq, ABŞ-ın sanksiya tətbiq edəcəyi ölkələrin ilk onluğuna daxil olması az ehtimal olunur.

“ABŞ bu region, o cümlədən də Ermənistan üzərində nəzarəti ələ almaq istəyir. Amma  onlar Ermənistana qarşı sanksiya tətbiq edərlərsə,, bununla Ermənistanı özlərinə yaxınlaşdırmaq əvəzinə itələmiş olacaqlar. ABŞ isə Ermənistanı uzaqlaşdırmaq istəmir. Bu, sadəcə siyasi təzyiq göstərmək cəhdidir”, – Vladimir Yevseyev bildirib.

Amma Ermənistan ekspertləri bu bəyanata ciddi yanaşmağa çağırırlar.

“Ermənistan əsasən silahı Rusiyadan alır. Bütün bunlardan sonra Rusiyaya intensiv alternativ axtararışı başlayacaq. Yaxşı hesablamaq lazımdır: Rusiyadan nə əldə edilir, nədən imtina etmək mümkündür, nədən mümkün deyil. Eyni zamanda ABŞ-la intensiv iş aparmaq lazımdır. Düşünmək lazım deyil ki, əgər Putin varsa, deməli, hər şey yaxşıdır”, – politoloq Levon Şirinyan deyib.


More on JAMnews