Messenger-in populyarlığı daha da artır" />

Rusiya hakimiyyəti uğursuzca Telegram-ı bloklamağa çalışır

Messenger-in populyarlığı daha da artır

Rusiya hakimiyyəti artıq bir həftədir ki, ölkə ərazisində ən populyar messenger-lərdən birini, Telegram-ı bloklamağa çalışır. Məhkəmənin messenger-in bloklanması haqda qərarı Telegram-ın banisi Pavel Durovun istifadəçilərin şifrələmə açarlarını Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) ötürməkdən imtina etməsi, bununla da istifadəçilərin yazışmasına nəzarət olunmasına imkan verməməsi ilə bağlı olub. Durov dəfələrlə bildirib ki, Rusiya hakimiyyətinin tələbini yerinə yetirmək niyyətində deyil və onun üçün Telegram-la bağlı olay prinsipial məsələdir. Bu haqda JAMnews-un materialında

Telegram blok edilməmişdən əvvəl Durov bildirmişdi ki, messenger bloku aşmaq üçün əlavə vasitələrdən istifadə edəcək. Həmçinin məsləhət görmüşdü ki, bloklanmış resurslara girişi təmin edən VPN xidmətləri yükləsinlər.

Telegram-ın bloklandığı ilk saatlarda bir çox istifadəçilər resursa daxil olmaqda çətinlik çəkib, amma aprelin 16-da axşama doğru demək olar ki, bütün istifadəçilərin girişi bərpa olunub.

Rusiya hakimiyyəti Telegram-ın bloku uğurla aşdığını anlayandan sonra messenger-in köçdüyü IP ünvanları bloklamağa başlayıb. Aprelin 17-də axşama doğru Amazon və Google xidmətlərinin 16 milyona yaxın IP ünvanı bloklanıb. Hakimiyyətin atdığı bu addıma görə, Telegram-a aidiyyatı olmayan saytlara giriş də mümkünsüz olub.

Telegram-ın bloklanması onun populyarlığının azalmasına səbəb olmayıb. Əksinə, aprelin 17-də messenger istifadəçilərinin artımı əvvəlkindən daha çox olub. Telegram-ın Rusiyadakı istifadəçilərinin ümumi sayı məlum deyil, amma müxtəlif tədqiqatların nəticələrinə görə, onların sayı 12 milyondan 17 milyona qədərdir.

Aprelin 17-də Durov Telegram istifadəçilərinə dəstəyə görə təşəkkür statusu dərc edib. O, vurğulayıb ki, Rusiya bazarı onun üçün və komandası üçün “şəxsi nöqteyi-nəzərdən” önəmlidir.

Növbəti günlərdə Rusiyadakı Telegram istifadəçilərinin messenger-dən istifadə zamanı heç bir çətinliyi yaranmayıb. Rusiya hakimiyyəti IP ünvanları bloklamağa davam etsə də, kənar saytların bloklanmasından başqa heç nəyə nail olmayıb. Aprelin 21-dən 22-ə keçən gecə bəzi Rusiya istifadəçiləri Google xidmətindən istifadə edə bilməyib.

Aprelin 23-ə olan vəziyyətə görə, Telegram istifadəçilərinin çoxu bildirib ki, messenger Rusiyada hətta bloku aşmaq üçün xüsusi proqramları tətbiq etmədən də işləyir.


More on JAMnews