Gürcülərin Rusiyadan deportasiyası, 2006-cı il. Foto: İtar-TASS.
Strasburqda Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın Rusiyaya qarşı iddiasını təmin edib və Rusiya üzərinə 2006-cı ildə Gürcüstan vətəndaşlarının deportasiyası haqda iş üzrə 10 milyon avro ödəmək öhdəliyi qoyub.
Bu hadisələrdən 12 il sonra Avropa İnsan Haqları Məhkəməsi qət edib ki, 1500 nəfərə qədər Gürcüstan vətəndaşı Rusiyadan etnik əlamətinə görə – sadəcə gürcü olduqları üçün qanunsuz olaraq deportasiya edilib.
10 milyon avro 1500 nəfər zərərçəkən arasında bölüşdürüləcək. Onlardan hər biri 2 min avro əldə edəcək.
2006-cı ildə Rusiyada azadlığı məhdudlaşdırılan Gürcüstan vətəndaşlarına isə 15 min avro ödəniləcək.
Bu qərarın lehinə 16, əleyhinə isə cəmi bir hakim səs verib.
Gürcüstan Avropa İnsan Haqları Məhkəməsində bu iddianı 2015-ci ildə qaldıraraq, Rusiyadan 70 milyon avro həcmində kompensasiya tələb etmişdi.
Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, 2006-cı ildə Rusiyadan 4636 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub. Amma müxtəlif səbəblərdən onların hamısını iddiaya daxil etmək mümkün olmayıb. Həmçinin ona görə ki, zərərçəkənlərdən bir qismi Rusiyaya qayıda bildiyi və problemlə üzləşmək istəmədiyi üçün Strasburq məhkəməsində iddia qaldırmaqdan imtina edib.
Prosedura əsasən, Rusiyanın kompensasiyanı ödəmək üçün üç ayı var. Gürcüstan ədliyyə naziri Tei Tsulukianinin sözlərinə görə, bu proses beynəlxalq monitorinq altında həyata keçiriləcək. Əgər Rusiya məbləği zamanında ödəməsə, hər gecikdirdiyi günə görə əlavə olaraq cərimə də ödəməli olacaq.
Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin sözlərinə görə, bu qərarın hüquqi tərəfindən başqa digər tərəfi də var.
“Bir daha Rusiyanın Gürcüstana qarşı nə dərəcədə qanunsuz davrandığı vurğulanıb, həm də yalnız işğal siyasəti ilə yox, eyni zamanda bizim vətəndaşlarımıza və onların haqlarına qarşı çıxaraq”, – Tsixelaşvili bildirib.