Ermənistanda məişət zorakılığından imtina ilin axırına qədər qəbul olunacaq" />

Qurban rolundan imtina

Ermənistanda məişət zorakılığından imtina ilin axırına qədər qəbul olunacaq

foto: Qevorg Kazaryan

Xoşbəxt sonluqlu kədərli hekayə

Asmik Xaçatryan fərdi sahibkardır. O, Ermənistanın Qeqarqunink vilayəti üçün ənənəvi paxlava növü hazırlayıb, mağazalara təhvil verir. Onun iş günü səhər saat 10-da başlayır və axşam saat 10-da qurtarır.

Asmikin gün ərzində ən vacib işi qızı Varseniki məktəbə aparmaqdır. Sonra o bazara gedib, paxlava üçün un, yağ və digər ərzaqlar alır. Asmik deyir ki, bütün günü işlə bağlı qaçaqaçda keçir, amma bəzən bütün işlərini atıb, evdə qalır – özünü, davranışını təhlil edir, sonrakı addımlarını planlaşdırır.

Sərbəst şəkildə qərar qəbul etmək və öz həyatını idarə etmək imkanını Asmik Xaçatryan son iki ildə qazanıb. Buna qədər, 9 il sürən ailə həyatı boyu o, əri və onun ailəsi tərəfindən işgəncə və zorakılığa məruz qalıb. Bir gecə növbəti dəfə amansızcasına döyüldüyü vaxt Asmik evdən qaça bilib. Deyir ki, qaçmasaydı sağ qalmazdı.

Səhərə qədər qadın ayaqyalın və cırıq paltarda kənd bataqlığının yanında gizlənib. Küçəyə çıxmağa və ya valideynlərinin yanına getməyə ürək eləmirdi: kəndin hər yerində onu maşınla axtaran əri tapıb öldürəcəyiylə hədələyirdi.

Səhər Asmiki valideynləri tapdı və dərhal Qavar vilayətinin Qandzak kəndindən Yerevan xəstəxanasına çatdırdılar. Asmik “Qadınlara dəstək mərkəzi ictimai təşkilatına müraciət edir. Burada onu müvəqqəti mənzillə təmin etdilər, həm də psixoloji və hüquqi yardım göstərdilər.

Bir qədər sonra məhkəmədə onun həyat yoldaşı Sarqis Akopyana qarşı Ermənistan CM-nin 199-cu maddəsi ilə (xüsusi qəddarlıqla işgəncə vermə) ittiham irəli sürülüb, bu ittihama görə 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Sarqis Akopyan

Amma təxminən bir il sürən məhkəmə prosesinin nəticəsində Sarqisə qarşı irəli sürülən ittiham sağlamlığa qəsdən yüngül zərərin yetirilməsi maddəsinə dəyişdirildi. O, 1,5 il müddətinə azadlıqdan məhrum edilmə cəzası aldı və amnistiya ilə düz məhkəmə zalından azadlığa buraxıldı.

Həmin qərarı çıxaran hakim Aqvan Petrosyan

Asmik Xaçatryan deyir ki, keçmiş qaynanası Ermənistanda məşhur falçıdır, həmişə hüquq-mühafizə və məhkəmə orqanlarına böyük məbləğdə rüşvət verirdi və bu proses də istisna olmadı.

Azadlığa çıxan Sarqis Akopyan vərdişinə sadiq qalıb, bu dəfə də bütün aqressiyasını öz valideynlərinə qarşı yönəltdi. Valideynlərini döydüyünə, onlardan zor gücünə pul aldığına və evi yandırmaq cəhdinə görə ötən il Akopyana qarşı ittiham irəli sürüldü və müstəntiq onun iki ay müddətinə həbs edilməsi ilə bağlı qərar çıxardı. Amma istintaqla bağlı məhkəmə prosesi keçirilmədi.

Hazırda o, azadlıqdadır və həyat yoldaşı və ailənin digər üzvlərinə qarşı zorakılığa görə heç bir məsuliyyətə cəlb olunmayıb.

Yeri gəlmişkən, Akopyan öz məşuqəsi ilə də çox qəddar davranırdı və o canını onun əlindən qurtarmaq üçün Rusiyaya qaçdı. Asmik Xaçatryanın prosesi zamanı Vika Torosyan özü Rusiyadan məhkəmə prosesini işıqlandıran jurnalistlərə zəng edərək, özünün ikinci qurban olduğunu bildirdi. 

Onun sözlərinə görə, Sarqis iki il ərzində onu təhqir edir, döyür və işgəncə verirdi – onun burnu sınmışdı, hamiləliyinin beşinci ayında uşağı salandan sonra isə o polisə müraciət etdi. Amma Akopyanın təhdidlərindən sonra ərizəsini geri götürüb, ölkəni tərk etdi.

Məişət zorakılığı haqda qanunun olmaması

Ermənistanın hüquq-mühafizə orqanları məişət zorakılığını cinayət kimi deyil, sırf ailə daxili iş kimi nəzərdən keçirirlər. Adətən polisə müraciət edən qadınları elə bölmədəcə ərizəsini geri götürmək üçün dilə tuturlar, deyirlər ki, erməni qadınına ərindən şikayət etmək yaraşmaz. Məhkəməyə qədər gəlib çatan qadınlar isə Asmik Xaçatryan kimi eyni sərt reallıqla üzləşirlər.

Bu yaxınlarda Ararat və Vayoç Dzor rayonlarının ümumi məhkəmə hakimi Qaqik Sarqsyan 35 yaşlı həyat yoldaşı Diana Naapetyanı qətlə yetirən 51 yaşlı Volodya Muradyana 3,5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verdi, bu hadisə böyük səs-küyə səbəb oldu. Kişi yetkinlik yaşına çatmayan uşaqlarının qarşısında xanımına 21 bıçaq zərbəsi endirib.

Başqa bir hadisədə elə həmin məhkəmənin hakimi Tatul Poqosyan 11 il ərzində öz həyat yoldaşı Narine Zoqrabyana işgəncə verən Vardan Camalyana 50 min dram (100 avroya yaxın) məbləğində cərimə kəsir.

Hüquq-mühafizə orqanlarına müraciət edən qadınlar nəinki haqlarını tələb edə bilmir, hətta psixoloji təzyiqə məruz qalırlar. Həm hüquq-mühafizə orqanlarında, həm də cəmiyyətdə onları “iş verən kimi qəbul edirlər.

İtaliyalı “iş verən

İtaliyalı qadın Ester Violante Yerevanda yaşayır və işləyir, könüllüdür. Onun Yerevandakı həyatı qonşu mənzildən gələn dava səsini eşidib, polisə zəng vurduğu an dəyişdi.

Foto: Narek Aleksanyan

Polislər hadisə yerinə gəlib, həyat yoldaşını döyən kişi ilə söhbət etdilər, sonra da Esterə hər şeyin qaydasında olduğunu deyib, getdilər.

Onlar gedəndən bir neçə dəqiqə sonra Esterin qapısını başqa qonşu qadın döyərək, başqalarının işinə qarışmamağı və binalarının ünvanına daha polis çağırmamağı məsləhət gördü.

Həmin gündən italiyalı qadını binada “iş verən kimi tanıyırlar və ona psixoloji təzyiq göstərmək üçün qonşular bir gün onun qapısının ağzına nəcis atdılar. “Əminəm ki, polis qonşuya onları “kimin satdığını dedi. Qonşum mənə dedi ki, Ermənistanda kişinin xanımını döyməsi normaldır. Mənsə dəfələrlə onlara başa salmışam ki, onlar üçün zorakılıq normal haldırsa, mənim üçün bu belə deyil. Ermənistan məişət zorakılığının mövcud olduğu tək ölkə deyil, amma ilk dəfədir görürəm ki, hüquq-mühafizə orqanlarının qanuni şəkildə məlumatlandırılması cəmiyyətdə cinayət sayılsın, – Ester deyir.

Qrant varsa, qanun da var

2016-cı ildə Avropa İttifaqı Ermənistana büdcə yardımı çərçivəsində insan haqları sahəsində islahatların həyata keçirilməsi üçün 11 milyon avro ayıracaq. Əvəzində Aİ Ermənistandan Avropa Şurasının qadınlara münasibətdə zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqda Konvensiyasına qoşulmağı, bundan başqa “Məişət zorakılığı haqqında qanunun qəbul edilməsini gözləyir.

Xatırladaq ki, son üç il ərzində qadın hüquqları ilə məşğul olan ictimai təşkilatlar Ermənistan hakimiyyəti ilə daimi danışıqlar apararaq, məişət zorakılığı haqda qanunu qəbul etməyə çağırırdılar. Bu danışıqlar Avropa İttifaqı qrantın verildiyini bildirənə qədər dalana dirənirdi.

Bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin aparıcı eksperti Alen Mkrtçyan qeyd edib ki, məişət zorakılığı haqqında qanun 2016-cı ilin 4-cü dekadası ərzində qəbul ediləcək. Bu haqda o, hakimiyyət, parlament, polis, beynəlxalq və ictimai təşkilat nümayəndələrinin iştirak etdiyi “Ailə zorakılığının profilaktikası haqda qanunvericilik insan haqlarının müdafiəsinin ilkin şərti kimi mövzusunda keçirilən dəyirmi masa zamanı bildirib.

Qanun layihəsinin işlənib hazırlanmasında iştirak edən “Qadınlara münasibətdə zorakılığa qarşı koalisiyaların hüquqşünası Nonna Qalstyan bizimlə söhbət zamanı bildirib ki, əsas diqqət profilaktik tədbirlərə yönəldilib.

“Əvvəlcə qanunu pozan polisdən rəsmi yazılı xəbərdarlıq alacaq. Bu, zorakılığın ilk dəfə baş verdiyi, cinayət tərkibinin, yəni fiziki gücün tətbiq edilməsi və işgəncə halları olmadığı halda olacaq. Zorakılıq təkrar olunarsa və ya cinayət tərkibinin əlamətləri olarsa, polis tərəfindən təcili müdaxilə haqda qərar veriləcək.

Təcili müdaxilə qanunu pozanın qurbana 100 metrdən çox yaxınlaşmamağını, ona zəng etməməyini, narahat etməməyini və haqqında məlumat toplamamağını nəzərdə tutur. Sonra məhkəmə qərarına əsasən tətbiq edilən rəsmi qərar mərhələsi başlayır. Burada elə həmin məhdudiyyətlər qoyulub, bircə fərqlə ki, qanunu pozanı onun həmin mənzilin sahibi olub-olmamasından asılı olmayaraq, yaşayış yerindən köçürə bilərlər, – Nonna Qalstyan izah edir.

Qanunun əvvəllər qəbul olunmamasının əsas səbəbi kimi dövlət orqanları resursların olmamasını göstərirlər. İndi Avropa İttifaqının dəstəyi ilə qurbanlar və zorakılıq törədənlərin özləri üçün sığınacaq və psixoloji yardın mərkəzlərinin yaradılması planlaşdırılır.

Foto: Lusi Sargsyan

Hazırda Ermənistanda zorakılıq aktı törədənlərlə işləyən bir dənə də olsun təşkilat yoxdur.

Məişət zorakılığının qurbanlarına ictimai təşkilatlar kömək edir

Məişət zorakılığının qurbanı olan qadınlar üçün qaynar xətt işləyir. Burada zəngdən sonra onlara müraciət edən qadının vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir. Əgər ona əri ilə bir evdə qalmaq təhlükəlidirsə, qadını məişət zorakılığının qurbanları üçün xüsusi sığınacağa köçürürlər. Yerevanda o cümlədən diaspordan olan filantrop Ceyms Tufenkyanın vəsaiti hesabına yaradılan “Qadınlara dəstək mərkəzi təşkilatının sığınacağı fəaliyyət göstərir.

Burada 2016-cı ilin yanvar ayından bu günə qədər 26 nəfər – qadınlar və onların uşaqları sığınıb. Amma vəsait azlığına görə bu sığınacaq ona ehtiyacı olanların heç də hamısını qəbul edə bilmir. Qaynar xətt və sığınacaq haqda qadınlar rayon və kənd administrasiyalarında və polis bölmələrində yayılan vərəqələrdən bilirlər. Bundan əlavə, “Qadınlara dəstək mərkəzinin qaynar xəttinin nömrəsi metro vaqonlarında, yaşayış evlərinin liftlərində asılır.

“Qadınlara dəstək mərkəzinin əlaqələndiricisi Asmik Qevorkyan deyir ki, məişət zorakılığı haqda qanunun olmaması sığınacaqların işi üçün əsas maneədir. Sığınacaqların fəaliyyətinin ən vacib prinsiplərindən biri odur ki, heç kim onların harada yerləşdiyini bilməməlidir, çünki ərlər adətən keçmiş həyat yoldaşları ilə “hesabı çürütmək üçün onları axtarırlar.

“Məkanın axtarışı problemdir, çünki sahiblər həmişə onların kimin üçün icarə olunduğunu xəbər alırlar, bizsə bu suala cavab verə bilmirik. Sahə müvəkkili gəlib bizim kim olduğumuzu və yerin kim tərəfindən icarəyə götürüldüyünü xəbər alır. Belə gərgin bir vəziyyətdə nə qədər yaşamaq və ev sahiblərini dilə tutmaq olar! Düşünürəm ki, qanun olsa, biz daha rahat işləyərik, çünki dövlət müdafiəsi olacaq, – Asmik Qevorkyan deyir.

“Qadınlara dəstək mərkəzinin sığınacağının yeri hələ heç vaxt aşkar edilməyib, amma elə hallar olub ki, sosial işçilər sakinlərin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq onları oradan köçürməli olublar.

Bundan əlavə, bütün sığınacağa düşən qadınların zədələri olur və onların tibbi yardıma ehtiyacları olur. Və “Qadınlara dəstək mərkəzinə bunun üçün əlavə vəsait lazımdır.

“Statistikaya nəzər yetirsək, mərkəzə üz tutanların əksəriyyətinin burun nahiyəsində sınıqları olur. Onların uşaqları yarıac vəziyyətdə olublar, onların hamısı ağır psixoloji durumda olurlar, – Asmik Qevorkya deyir.

“Qadınlara dəstək mərkəzi proqramlarının əlaqələndiricisi onu da qeyd edir ki, məişət zorakılığına məruz qalan qadınların əksəriyyəti ciddi psixoloji travmalardan əziyyət çəkirlər, amma psixoloq yanında müalicə də Ermənistanda normal sayılmır.

“Bundan başqa, qadın ruhi dispanserdə qeydiyyatda olarsa, hüquqi və məhkəmə proseslərində qərarların qəbul edilməsi zamanı bu, qadına qarşı istifadə oluna bilər. Müstəntiq deyə bilər ki, qadın həmişəkindən daha asta danışır, amma bu zaman onun başından neçə dənə zərbə alması və bunun səbəbləri heç kimi maraqlandırmır. Həm də təhsil və səhiyyə nazirlikləri ilə də sıx əməkdaşlığa ehtiyac var ki, bu sahənin işçiləri daha yaxşı məlumatlandırılsınlar», – Asmik Qevorkyan deyir.

Mübarizə davam edir

1,5 il davam edən məhkəmə prosesindən sonra nəhayət ki, ərinin təzyiqindən canını qurtaran Asmik Xaçatryan Ermənistanda məişət zorakılığına qarşı mübarizə nümunəsinə çevrilib. Ötən il keçirilən insan haqlarının müdafiəsinə həsr olunan illik mükafatlandırma mərasimi zamanı o, Avropa İttifaqının “Mərd qadın mükafatına layiq görülüb.

Amma onun mübarizəsi davam edir. Asmik paxlava hazırlayır və sübut etməkdə davam edir ki, boşanmış qadın da şəxsi biznesini yaratmaq, uşağını böyütmək və ləyaqətlə yaşamağa qadirdir.

“Bazarda bir müddət bəs etsin deyə, böyük un torbası və böyük yağ kanistri alıram. Bir dəfə bazardan böyük un torbası aldım və onu taksiyə qoymağa çalışdım, sürücü isə mənə dedi: “Torbanı maşına aparmayacağam. Sənə kömək edəcək kişi yanında yoxdur? Dedim ki, torbanı özüm daşıyacam, o isə cavab verdi ki, maşını un daşımaq üçün deyil. Belə başa düşdüm ki, sürücü yanımda kişi olmadığı üçün mənə kömək etmək istəmirdi. Təbii ki, mən evə başqa taksi ilə getdim, satıcılar da torbanı aparmağa kömək etdilər, amma mənim mübarizəm hər gün davam edir, – Asmik deyir.

Dərc edilib: 13.05.2016


More on JAMnews