Moskvanın Şeremetyev aeroportunda fəlakət - versiyalar" />

Qəzaya uğraması nəticəsində 41 nəfərin həlak olduğu Rusiyanın Sukhoi Superjet-i çoxdan etibarsızlığı ilə məşhurdur

Moskvanın Şeremetyev aeroportunda fəlakət - versiyalar

Moskvanın Şeremetyev aeroportundan Sukhoi Superjet təyyarəsinin qəzaya uğraması nəticəsində qurbanların dəqiq sayı müəyyən olub: hava gəmisində olan 87 nəfərdən 41 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Aşağıdakı videodan qəzanın necə baş verdiyi görünür. Amma hələlik aydın cavab yoxdur – məhz nə baş verib, niyə təyyarə havalanandan cəmi bir neçə dəqiqə sonra aeroporta qayıdıb (təyyarə Rusiyanın Murmansk şəhərinə istiqamət alıb) və niyə heyət təyyarəni endirə bilməyib, təyyarə niyə yerə qonan zaman alışıb?

Bir neçə versiya var, onlar haqda aşağıda.

Təcili eniş

Mayın 5-də Moskvanın Şeremetyev aeroportunda havalanandan qısa müddət sonra təyyarə ekipajı gəmidə qəza vəziyyətinin yarandığı və geri qayıtdıqları haqda məlumat verib.

Bundan az sonra təyyarə ilə bütün tezliklərdə, o cümlədən də qəza tezliyində əlaqə kəsilib.

Rusiyada 35 ildir ki, əsrarəngiz radiostansiya yayımlanır

Təyyarə yanacaq bakı tam dolu vəziyyətdə enib, bu da gəmidə qəzanın ciddiliyindən xəbər verir. Adətən təyyarələr nasazlıq üzündən limana qayıdarkən, enişdən əvvəl bir neçə dövrə vurur ki, yanacağı yandırsın və çəkisini azaltsın.

Eniş zamanı Sukhoi Superjet üç dəfə zolağa çırpılıb və alovlanıb.

Bundan başqa, bütün media xəbər verir ki, mayın 5-də Şeremetyev aeroportu rayonunda hava tam ideal olub. Ekipaj isə məhz bu tip təyyarədə böyük təcrübəsi olan təyyarəçilərdən ibarət imiş.

Nə baş verib? Versiyalar

BBC də daxil olmaqla bir neçə nəşr bəzi sağ qalan sərnişinlərə istinadən bildirir ki, havalanan kimi təyyarəni ildırım vurub, onu zədələyib, buna görə də dərhal aeroporta qayıtmaq məcburiyyətində qalıb. Bununla belə ekspertlərin şərhinə görə, müasir təyyarələr elə hazırlanır ki, ildırıma davamlı olsun.

Amma ildırım vurması ilə bağlı rəsmi məlumat hələ ki, yoxdur. Rusiya İstintaq Komitəsi hazırkı mərhələdə qəfil texniki nasazlıq, pilotların səhvi (baxmayaraq ki, onlar məhz bu təyyarədə uzun saatlar uçublar) və pis hava şəraiti (baxmayaraq ki, hava yaxşı olub) versiyalarını nəzərdən keçirir.

Müstəqil ekspertlər isə Sukhoi Superjet-in artıq çoxdandır ki, tez-tez baş verən nasazlıqlar üzündən dünyada pis reputasiyaya sahib olmasına və Aeroflotdan başqa bütün beynəlxalq şirkətlərin ondan imtina etdiyinə diqqət çəkirlər.

Sukhoi Superjet Rusiya aviasiyasının dirçəliş cəhdi kimi və fəlakətlər silsiləsi

Sukhoi Superjet – SSRİ dağılandan sonra Rusiyada layihələndirilən və istehsal edilən ilk təyyarədir. 2000-ci ildə yaradılıb və bu layihəyə Rusiyada müstəsna əhəmiyyət verilirdi: bu layihə yalnız kommersiya vəzifəzini yerinə yetirmirdi, həm də imic üçün önəmli idi – bütün dünyaya Rusiya aviasiyasının dirçəlişini göstərmək lazımdı.

Amma ən başından Sukhoi Superjet-i problemlər və qalmaqallar təqib edirdi.

Laynerin buraxılış müddəti dəfələrlə təxirə salınıb. Təyyarənin layihələndirilməsi başa çatandan sonra isə məlum olub ki, Rusiyada bu təyyarəni qəbul edəcək aeroportlar demək olar ki, yoxdur – Sukhoi Superjet mühərrikləri sən demə, çox aşağıda yerləşirmiş.

İlk nümayiş xarakterli uçuşlarından biri – İndoneziyaya səfər fəlakətlə başa çatıb, təyyarə qəzaya uğrayıb.

Sukhoi Superjet-in qiyməti Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq ediləndən sonra kəskin yüksəlib, çünki bu təyyarənin hazırlandığı ehtiyat hissələrinin yarıdan çoxu xaricdən gətirilib və onları artıq vasitəçilərin köməyi ilə almaq lazım gəlir.

Bir neçə ay əvvəl Sukhoi Superjet-in istifadəsindən sonuncu xarici şirkət də imtina edib. Səbəb – etibarsızlıq.

Bu gün bu təyyarəni istifadə edən yeganə şirkət Rusiyanın dövlət nəzarətində olan “Aeroflot” şirkətidir. Onun parkında 49 ədəd Sukhoi Superjet təyyarəsi var.

Xüsusi vəziyyət

Rusiya mediası iki vəziyyətə diqqət çəkir.

Birincisi, Sukhoi Superjet Rusiyanın birinci şəxslərini daşımır.

İkincisi, Şeremetyev aeroportundakı fəlakətə baxmayaraq, Nəqliyyat Nazirliyi bu təyyarənin istismarını qadağan etməyib. Görünür ki, səbəb “Aeroflot”un biznes maraqları və Sukhoi Superjet layihəsinin iflasını etiraf etmək istəmədikləri ilə bağlıdır – Rusiya mediası belə yazır.


More on JAMnews