Rusiyada 35 ildir ki, əsrarəngiz radiostansiya yayımlanır
foto: Tamara Arkqatseva, JAMnews
Sankt-Peterburq yaxınlığında bataqlığın içində divarla hasarlanmış sahədə bir neçə radio-qüllə, viranə binalar və digər tikililər var. Radio-qüllələrin biri 1980-ci illərdən bəri qısa dalğalarda 4625 hers tezlikdə yayım həyata keçirir.
Praktiki olaraq bütün bu müddət ərzində stansiya monoton səs ötürür. “Jujjalka” (Vızıldayan) adlandırılan bu radiostansiyanın kimə məxsus olduğu indiyə qədər məlum deyil, BBC yazır.
Təxminən həftədə bir dəfə bu radiostansiyanın tezliyində rus dilində heç bir anlamı olmayan bir neçə sözü təkrarlayan kişi və ya qadın səsi eşitmək mümkündür.
Görünür ki, bu yolla rabitə yoxlanılır. Bəzən bu radiostansiya vasitəsilə hərf və rəqəmlərdən ibarət şifrələnmiş ismarıclar ötürülür, amma çox qısa olduğu üçün bunları casuslara və ya başqa kiməsə ünvanlanan tapşırıqlar hesab etmək olmaz.
“Jujjalka” bütün beynəlxalq radiostansiyalar kimi qısa dalğalarda işləyir, buna görə də onu praktiki olaraq bütün dünyada dinləmək mümkündür, bunun üçün 4625 hers tezliyinə köklənmək lazımdır. Bütün sutka boyu yayımlanır.
Qısa dalğalar siqnalı dağ və ya okean kimi bütün təbii maneələri yararaq ötürmək imkanı verir. Buna görə təyyarələr və gəmilər də siqnal ötürmək üçün məhz qısa dalğalardan istifadə edir.
Radiostansiyanın sahibinin kimliyi və hansı məqsədlərlə istifadə olunması ilə bağlı bir neçə versiya mövcuddur.
Bu versiyalardan çoxu “Jujjalka”nın Rusiya hərbçilərinə məxsus olması fikrində uzlaşır, hərçənd sonuncular bunu heç vaxt təsdiqləməyib. Amma ən maraqlı mübahisələr otuz beş il müddətində adi insanın anlaya biləcəyi heç nə yayımlamayan bu radiostansiyanın nəyə xidmət etdiyi ətrafında gedir.
V ersiyalardan birinə əsasən “Jujjalka” “ölü əl” rolunu oynayır. Əgər nüvə müharibəsi başlayarsa və Rusiya hücuma məruz qalarsa, bu radiostansiyanın yayımı dayanacaq və Rusiyanın nüvə silahını hərəkətə gətirəcək avtomatika işə düşəcək.
Sutkanın saatlarından asılı olaraq siqnalın ötürülmə şərtləri bir qədər dəyişir. “Ölü əl” nəzəriyyəsini təkzib edən fakt “Jujjalka”nın gün ərzində tezliyi dəyişməməsindən ibarətdir, günün istənilən vaxtında eşidilmək istəyən bunu edərdi.
“J ujjalka”nın ötürdüyü monoton səsin sadəcə tezliyin məşğul olduğunu göstərən bir marker olduğu haqda ehtimal daha maraqlı və həqiqətəuyğun səslənir. Bu versiyaya əsasən radiostansiya fövqəladə vəziyyət zaman həqiqətən lazım olacaq.
Məsələn, müharibə olarsa, 4625 hers tezliyində Rusiya hərbi idarəetməsi casuslara şifrələnmiş məlumat ötürə bilər.
Məlumatın belə üsulla ötürülməsinin daha rahat və texnoloji rabitə vasitələrindən üstünlüyü ismarıcın ünvanlandığı şəxsi müəyyən etməyin mümkünsüzlüyüdür, axı bu gün xüsusi xidmət orqanları üçün elektron yazışmanı sındırmaq və ya telefonları dinləmək qətiyyən çətin deyil.