Azərbaycanı Avropa ilə birləşdirən qaz xətti üçün milyard dollarlıq kreditlər təhlükə altındadır " />

Nüfuzlu beynəlxalq təşkilatda Azərbaycanın üzvlüyü dayandırılıb

Azərbaycanı Avropa ilə birləşdirən qaz xətti üçün milyard dollarlıq kreditlər təhlükə altındadır

“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” (MSŞT) beynəlxalq təşkilatında Azərbaycanın üzvlüyü dayandırılıb. Bu, Azərbaycanı Avropa ilə birləşdirən qaz xətti üçün milyard dollarlıq krediti təhlükə altına qoya bilər.

Bu qərar martın 9-da Boqotda (Kolumbiya) İdarə Heyətinin iclasında qəbul edilib.

“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” təşkilatı hökumətləri, şirkətləri və qeyri-hökumət qruplarını birləşdirir. Bu qrupun vəzifəsi resurslarla zəngin ölkələrdə daha səmərəli idarəçiliyi stimullaşdırmaqdan ibarətdir.

Belə ki, təşkilata daxil olan ölkələr qaz və neft hasilatı metodları, satış vasitələri və əldə edilən gəlirin bölüşdürülməsi sistemi haqda cəmiyyətdə acıq müzakirələri təmin etməyə borcludur.

Əvəzində təşkilatın üzvü olan ölkələr müsbət reytinq əldə edir ki, bu da beynəlxalq maliyyə institutlarından kredit almağı asanlaşdırır və digər iqtisadi preferensiyalar verir.

Azərbaycan “Mədən Sənayesi Şəffaflıq Təşəbbüsü” təşkilatına üzv olan ilk neft hasil edən ölkələrdən biridir, yaradıldığından iki sonra 2005-ci ildə təşkilata daxil olub.

Problemlər 2014-cü ildə Azərbaycanda yerli qeyri-hökumət təşkilatlarının azadlığının məhdudlaşdıran qərarlar qəbul edildikdən sonra başladı.

“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” Azərbaycan hakimiyyətindən tələb etdi ki:

  • Qrant və donorların qeydiyyat sistemini sadələşdirsin,
  • Vətəndaş cəmiyyəti üzvlərinin ölkədən çıxışına qoyulmuş qadağa aradan qaldırılsın,
  • Onların dondurulmuş bank hesabları açılsın.

Müəyyən müddət başa çatana qədər “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” belə hesab etdi ki, Azərbaycan hökuməti tələblərə əməl eləmir. Bu zaman 2015-ci ildə Azərbaycanın statusu namizəd-ölkə səviyyəsinə endirildi.

Elə həmin vaxt konkret tədbirlər planı təklif edilib ki, bu da Azərbaycanın tamhüquqlu üzvlüyünü bərpa etməyə imkan verə bilərdi.

İdarə Heyəti Bakıya 2017-ci ilin martına qədər vaxt verib. Amma atılmış addımlar yetərli olmayıb, “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” belə hesab edir.

Azərbaycanın beynəlxalq təşkilatdakı üzvlüyünün dayandırılmasına səbəb olan əsasən aşağıdakı pozuntular sadalanır:

  • Yerli qeyri-hökumət təşkilatları iki ildən bir akkreditasiyasını təsdiqləməli və ya yenidən qeydiyyatdan keçməlidir;
  • Onlar həmçinin aldıqları bütün qrantları Ədliyyə Nazirliyində qeydiyyatda salmalıdır;
  • Xarici donorlar fərdi şəxslərə verdikləri bütün qrantları rəsmi şəkildə qeydiyyata salmalıdır.

Azərbaycan isə öz növbəsində iddia edir ki, tələbləri qismən yerinə yetirib. Bunu hakimiyyətyönlü reputasiyaya sahib qeyri-hökumət təşkilatlarının böyük qrupu da təsdiq edib.

Amma tanınmış qeyri-hökumət təşkilatları qrupu bunu yalanlayan bəyanat yayıb və “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə” qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hələ də mümkünsüz olduğuna dair sübutlar təqdim edib. Məsələn, çox sayda fəalın adı hələ də “stop siyahısında” qalır, onlar ölkədən çıxa bilmirlər, bir neçə qeyri-hökumət qrupunun hesabları isə hələ də dondurulmuş vəziyyətdə qalır.

Boqotda keçirilən iclasda Azərbaycan QHT koalisiyası Şurasının əlaqələndiricisi, həmçinin “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” təşkilatının beynəlxalq idarə heyəti üzvü Qubad İbadoğlu da iştirak edib.

Qubad İbadoğlu Facebook səhifəsində yazıb:

“Hesab edirəm ki, Azərbaycanın…belə nüfuzlu təşkilatdan xaric edilməsi ciddi nəticələrə səbəb olacaq. Hökumət əlindən gələni etməlidir ki, MSŞT-da qalsın və başlanmış islahatları davam etdirsin.

Əks halda onsuz da pis vəziyyətdə olan sərmayə mühiti daha da pisləşəcək. Həm ölkənin özünün, həm də mədən sənayesində çalışan milli şirkətlərin kredit reytinqi aşağı düşəcək.

Bu da öz növbəsində beynəlxalq maliyyə təşkilatlarından kredit alınmasını çətinləşdirəcək”.

  • “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” beynəlxalq təşkilatında daha üç ölkənin üzvlüyü də dayandırılıb: Tacikistan, Qırğızıstan və Solomon adaları.
  • Təşkilatın yeni 52-ci üzvü Ermənistan olub, amma hesabatlarında Dağlıq Qarabağ və ətraf rayonların ərazisindəki fəaliyyəti əks etdirməmək şərtilə

 


More on JAMnews