Gözəl Bayramlı bildirir ki, haqqında çıxarılan hökm siyasi sifarişlidir  " />

Müxalif Xalq Cəbhəsi Partiyasının sədr müavini üç il müddətinə azadlıqdan məhrum edilib

Gözəl Bayramlı bildirir ki, haqqında çıxarılan hökm siyasi sifarişlidir 

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı üç il müddətinə azadlıqdan məhrum edilib. Hökm yanvarın 3-də Qazax rayon Məhkəməsində səsləndirilib.

Məhkəmə Bayramlını gömrük nəzarətindən qaçaqmal – deklarasiyadan kənar 12 min dollar keçirmək cəhdində təqsirli bilib. Müttəhimin özü və onun vəkilləri bu dollarların onun çantasına elə sərhəd xidmətinin əməkdaşları tərəfindən qoyulduğunu bildiriblər.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan vətənə qayıdarkən saxlanılıb.

Yanvarın 5-də məhkəmə iclasında Gözəl Bayramlı bildirib ki, onun həbsi əvvəlcədən planlaşdırılıb, bu əməliyyatda dövlət sərhəd xidməti ilə yanaşı xüsusi xidmət orqanlarının əməkdaşları da iştirak edib. Həbs isə bilavasitə ölkə rəhbərliyi ilə razılaşdırılıb.

Gürcüstana son səfəri ərəfəsində hakimiyyət yönlü KİV-də dərc olunan məqalədə onun bu yaxınlarda məhkum edilən jurnalist Əfqan Muxtarlı və digər şəxslərlə birlikdə Gürcüstanda beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdüyü, onlardan müxalifətin maliyyələşməsi üçün vəsait aldığı yazılmışdı.

AXCP sədri Əli Kərimli Bayramlı haqda çıxarılan hökmü kəskin tənqid edib.

“İlham Əliyevin tapşırığı yerinə yetirildi. Öz prinsipial çıxışları, yazıları ilə oğrular hakimiyyətini boğaza yığmış xanım siyasətçini şərlədilər. Onun sərt tənqidlərinə arqumentli cavab verə bilməzdilər, çünki dedikləri, yazdıqları faktlara söykənirdi, doğru idi. Onun təşkilatçılığının qarşısını ala bilmirdilər, çünki Gözəl xanım gücü xalqın dəstəyindən alırdı. Çarəni şərləməkdə, xanım siyasətçinin qoluna qandal vurmaqda gördülər”, – Kərimli Facebook səhifəsində yazıb.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak da Gözəl Bayramlının həbsini pisləyib:

“Soruşa bilərəmmi, nəyə görə? Onun üzərində qurulan məhkəmədən narahatam, onun həbsi bir səhvdir, qanunun aliliyinə əməl olunmayb”, – Şennak Twitter-dəki mikrobloqunda Bayramlının haqqında çıxarılan hökmlə bağlı yazıb.

Facebook Comments

More on JAMnews