Gürcüstan və Ukrayna Aİ ilə vizasız rejimin yaratdığı imkanları öyrəndikləri müddətdə Moldova Aİ ailəsində üçillik həyatının hesabını tutur " />

Moldova cığıraçan qismində

Gürcüstan və Ukrayna Aİ ilə vizasız rejimin yaratdığı imkanları öyrəndikləri müddətdə Moldova Aİ ailəsində üçillik həyatının hesabını tutur

Moldova Respublikası hazırda artıq yarı-qərbyönlü MDB ölkələri arasında Avropa İttifaqı ilə vizasız rejim əldə etmiş ilk ölkədir. Avrointeqrasiya yolunda postsovet ölkələri arasında ilk üçlüyü uzun illər əvvəl Baltikyanı ölkələr təşkil etmişdi. Moldova isə postsovet ölkələri arasında Aİ ilə dördüncü “vizasız” ölkə oldu. Bu, ölkə vətəndaşlarına nə verdi? Və onlardan nə aldı?

 

Təcrübə

Moldova paytaxtı Kişinyov inanılmaz dərəcədə təmiz və yaşıl şəhərdir, burada ən diqqətəlayiq olan isə Səudiyyə Ərəbistanında neft bol olduğu kimi burada da bol olan hədsiz gözəl qızların heyrətamiz konsentrasiyasıdır.

Belə təəssürat yarana bilər ki, bu, hələ də sovet şəhəridir – o zamana xas olan memarlıq gözə girir.

Amma bu, aldadıcı təəssürat olacaq. Bu şəhər ən əsas məsələdə, insanların davranışı, ünsiyyət üslubu, çox açıq və xoşniyyət olması baxımından; sürücülərin piyadalara münasibəti (gürcü sürücüləri bax burda master-klass keçə bilərlər); çoxdilliliyi (rus, rumın, ingilis dilləri bu küçələrdə çox gözəl yola gedirlər); hətta mərkəzi parkdakı faşizm əleyhinə qrafitisi (özlərinin nasistləri də var, amma onlara baş qaldırmağa imkan vermirlər) sarıdan da avropalıdır.

Bura Paris deyil, əlbəttə, Barselona da deyil, amma artıq sovet əyaləti olmaqdan çıxıb. Daha çox yaxşı günləri hələ irəlidə olan iyirmi illik Avropa əyalətidir _ Şengen zonası, vahid valyuta, hazırkı formasında Avropa İttifaqı.

Bunun öz səbəbləri var.

Moldovanın Avropaya yolu üç il əvvəl yox, daha öncə başlayıb. Yaxınlaşmada lk cığıraçanlar kimi iki qonşu ölkə – Rumıniya və Bolqarıstan qabağa düşdü. 90-cı illərin əvvəllərində onlar Moldova sakinlərinə öz vətəndaşlıqlarını təklif etməyə başladılar. Bolqarıstan orada yaşayan 10 min nəfərə  yaxın etnik bolqarlara; Rumıniya isə Sovet İttifaqının 1940-cı ildə işğal etdiyi ərazilərdə doğulanlara və onların törəmələrinə.

Və yalnız sonra, uzun illər keçəndən sonra hamı üçün vizasız rejim gəldi.

Əlbəttə ki, bu zamana qədər xaricə getmək istəyənlər artıq lazımi pasportları əldə etmişdilər. Bir qayda olaraq rumın pasportları. (Elə bir məqam oldu ki, Moldova Konstitusiya Məhkəməsi bütünlükdə Rumıniya vətəndaşlığı olan insanlardan ibarət idi, hakimlərdən biri isə hətta qonşu ölkədə senator seçilmişdi). Əksər hallarda heç bir əsas olmasa da, bütün bunlara göz yumulurdu və problem yaradılmırdı.

Liliya Teslya Kişinyovda doğulub, böyüyüb. Moskvada təhsil alıb. Bakıda, Havanada, Kişinyovda və Londonda yaşayıb və işləyib. Onun iki oğlu indi Londonda yaşayır. O, özünü haralı kimi hiss edir?

Görünür ki, Avropa İttifaqı Moldovaya vizasız rejim tətbiq edilməsi ilə bağlı qərar qəbul edəndə bir çox məsələlərlə bağlı öz problemlərini də həll etmiş olurdu. Bu məqama qədər Aİ ərazisində olan Moldova vətəndaşlarının yarıdan çoxu orada qeyri-leqal olaraq yaşayırdı. Onların sayı yüz minlərlə idi. Əsas məskunlaşma nöqtəsi dillərin yaxınlığı sayəsində İtaliya olmuşdu. Siyahıda sonrakı yerləri İspaniya, Portuqaliya və İngiltərə tuturdu.

Viza rejiminin liberallaşdırılması Avropa İttifaqı üçün müsbət nəticə verdi. Moldovadan olan qeyri-leqal immiqrantların sayı və müvafiq olaraq onlarla bağlı olan problemlər radikal şəkildə azaldı. Bu haqda bizə Moldovada Miqrasiya üzrə Beynəlxalq Təşkilatın “Miqrasiya və inkişaf” proqramının əlaqələndiricisi Genadi Kretsu danışdı.

Moldovanın özü üçün isə nəticələr özünü o qədər də sürətlə göstərmir, sadəcə adamların ölkədən axını sürətlənib. Çoxları xaricdə öz gücünü sınayıb. Ölkə sakini Kauşan Nikolay da onlardan biridir. Amma evinə qayıdıb, taksidə işləyir. “Ölkənin yarısı çıxıb gedib”, – o hesab edir. – “Yalnız qocalar və valideynlərinin xaricdə qazandığı pul hesabına oxuyan cavanlar qalıb. Görürəm, necə oxuyurlar – lül piyan olana qədər içirlər, hər zəhrimarı da çəkirlər…”

Həmrəylik

Moldovada təhsilli cameəni təmsil edən (ekspertlər, siyasətçilər, jurnalistlər) ən müxtəlif insanlarla söhbətdən görün nələr diqqəti çəkir – ölkə üçün prinsipial olan Avropa İttifaqı ilə münasibətlər məsələsində həmrəylik. Yəni belə bir sual mövcud deyil.

Hazırkı hakimiyyət və müxalifət bir-birinə simpatiya bəsləmir – demokratik ölkədə elə belə də olmalıdır. Və bir-birlərini nədə istəsən ittiham etməyə hazırdırlar. Məsələn, sonuncu prezident seçkilərində müxalifətdən olan namizəd Mayya Sandunun rəqibləri bildirirdilər ki, o, Almaniya kansleri Angela Merkellə əlbir olub Moldovanın qapılarını suriyalı qaçqınların üzünə açmaq və onları boş evlərdə yerləşdirmək niyyətindədir.  

Amma söhbət Moldovanın Avropa istiqamətində inkişafından və ölkə vətəndaşları üçün vizasız rejimdən gedəndə, müxalifət də, iqtidar da demək olar ki, eyni kəlmələrlə danışırlar. “Son üç il ərzində mentalitetdə, insanların baxışında və dəyərlərində dəyişiklik hiss olunur… Moldavanlar özlərini avropalı kimi hiss edirlər və ölkəmizin gələcəyini Avropa İttifaqında görürlər”, – İqtidar koalisiyasına daxil olan Demokratik Partiyanın deputatı İqor Vremya deyir. Müxalif “Əməl və Həmrəylik” partiyasının lideri Mayya Sandu vətəndaşların müəyyən məyusluğundan söz açır, amma ümid edir ki, moldavanlar Avropa yönlü siyasi kursdan imtina etməyəcəklər.

Qızğın mübahisənin içində kimsə iddia edə bilər ki, yeni seçilmiş prezident İqor Dodon Avropa seçimindən imtina edib Moldovanı Rusiya və Gömrük İttifaqına doğru yönəltmək niyyətindədir. Bu halda misal olaraq ən çox Dodonun bu il Qızıl Meydanda 9 May şərəfinə keçirilən paradda Vladimir Putinin yanında duran yeganə xarici ölkə rəhbəri olmasını göstərirlər.   

Amma ekspertlər bu cür iddiaları “Moldovanın loxotron siyasətinin bir hissəsi” adlandırırlar. Yəqin ki, bu “loxotronu” artıq iyirmi ildir ki, müşahidə edən ölkənin ən nüfuzlu politoloqu Oazu Nantoyun sözlərinə etibar etmək olar. Amma o da çox qorxulu tendensiya haqda danışdı – cavanların demək olar ki, 40 faizi ölkəni həmişəlik tərk etməyin xəyalını qurur.

Moldovanın hazırkı prezidenti İqor Dodon 2016-cı ilin noyabrında 52,27 faiz səslə seçilib. Seçkiqabağı kampaniya zamanı Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edirdi. Özünün “nə rusiyayönlü, nə də qərbyönlü, moldovayönlü siyasətçi” olduğunu deyirdi. İnauqurasiyadan sonra Prezident Administrasiyası binasının üzərindən Avropa İttifaqının bayrağı endirildi.

İqor Dodonun ilk rəsmi səfəri 2017-ci il yanvarın 17-18-də Moskvaya olub. Vladimir Putinlə görüşü zamanı İqor Dodon Moldovada keçiriləcək növbəti parlament seçkilərindən sonra Aİ ilə Assosiasiya haqda sazişin pozulacağını istisna etməyib.

Eyni zamanda Moldovanın xarici siyasətini parlament tərəfindən təsdiqlənmiş koalisiya hökuməti müəyyən edir  və hökumət Aİ ilə yaxınlaşma siyasətini yürüdür. Ölkədə prezident səlahiyyətləri məhduddur.

Moldovanın gənc sakinləri vizasız rejimin tətbiq edilməsini necə qiymətləndirdiklərini bir qədər çaşqınlıqla qarşılayırlar, çünki cavab onlar üçün son dərəcə aydındır. Yerli televiziyanın jurnalisti Alisa vizasız rejimə öz münasibətini ətraflı təsvir etməyə çalışır və gözlənilmədən lakonik ifadə tapır – “Çox sərt!”. Hərçənd “bu üstünlüyü” həddən artıq şişirtməyin də tərəfdarı deyil.

Bir qədər yaşlılar da vizasız rejimin xeyirlərini dəyərləndirəcək durumdadırlar. Hətta tale sizi Kişinyovun böyük bazarında əlinizə keçən hər şeyin alverini etməyə məcbur buraxıbsa da. “Mənim biznesimdən daha kiçik biznes olmur”, – həmsöhbətimiz geosiyasi məsələlərin müzakirəsinə keçməzdən əvvəl qeyd etdi.

Məlum olur ki, sovet təcrübəsi, sovet ordusunda uzun müddətli xidmət də özünü avropalı kimi hiss etməyə və bundan həzz almağa mane ola bilmir.

 

Ekspertlərin bildirdiyinə görə, ən problemli nöqtə ölkənin kənd rayonlarıdır. Orada biometrik pasport əldə etmiş, başqa ölkələrdə olmuş və fərqli həyatlarla tanış olmuş insanların sayı cəmi 3-4 faiz təşkil edə bilər.

Əsas arqument

Həmişə olduğu kimi əsas arqument rolunda iqtisadiyyat çıxış edir. Avropa bazarına çatdırılan Moldova mallarının payı (bu, birinci növbədə kənd təsərrüfatı məhsullarıdır) 65 faiz artıb. Rusiya bazarına çatdırılma isə əksinə, azalıb.

Bu azmış kimi, Avropa ilə ticarət həm də öz məhsullarının rəqabətə davamlılığını artırmaq üçün səbəbdir. Bu bazara giriş biletinin qiyməti keyfiyyər üzrə çox sərt tələblərin gözlənilməsindən ibarətdir. İqtisadçı Viorel Kviriqa hesab edir ki, vizasız rejimə hazırlıq üçün ölkədə aparılan islahatlar Moldova üçün çox vacibdir.

 

Əsas problem

Özünü Rusiyanın bu regiondakı rəsmi forpostu kimi aparan tanınmamış Dnesteryanı Moldova Respublikası  uzun illər boyunca Moldovanın əsas problemi olaraq qalır.

Amma statistika siyasi bəyanatlardan daha inandırıcı olur. Son üç ildə 110 min nəfər Dnesteryanı sakini (əhalisinin sayı 350 min nəfərə yaxın) Avropada vizasız hərəkət imkanı əldə etmək naminə Moldova vətəndaşlığı alıb.

Görünən odur ki, əsas problem gözlər önündə problemlikdən çıxır. Amma başqa bir problem yaranır.

Hazırda Kişinyovda müzakirə olunan ən populyar mövzu Dnestryanı ilə birləşməyin perspektivləri məsələsidir. “Hər halda – həmsöhbətlərimizdən biri dedi, – axır-əvvəl bunu eləmək lazımdır da. Artıq bu çəkişməni unudub, birlikdə yaşamaq zamanıdır. Biz onlara kömək edə bilərik, necə ki, Qərbi Almaniya Şərqi Almaniyaya kömək etdi”. Sonra fikrə getdi və özünütənqid hissiylə əlavə etdi: “Yox, bunu lap ağ elədim. Biz burda hamımız Şərqi Almaniyayıq, sadəcə onlar daha geridə qalan hissəsidir”.

Putinin şəkli olan köynəklər piştaxtada Moldova bayraqları ilə qonşuluq edir. Hər malın öz alıcısı var. Düzdür, satıcılar şikayətlənirlər ki, son vaxtlar “Putin” zəif satılır. Foto David Pipiya, JAMnews

2017-ci il aprelin 28-ə olan məlumata əsasən, Aİ ilə vizasız rejim tətbiq edildiyi düz üç il müddətində sərhəddən keçmə statistikası 982 min ölkə vətəndaşının ölkə hüdudlarından çıxdığını göstərir. Onlardan 86,4 faizi geri qayıdıb. Bu müddət ərzində 9 min nəfərdən çox moldavanın Aİ-yə üzv ölkələrin ərazisinə daxil olmasına icazə verilməyib, bu da sərhədi keçənlərin ümumi sayının 1 faizini təşkil edir.

Viza rejiminin liberallaşdırılması sayəsində Moldova vətəndaşlarının Şengen zonası ölkələrinə gediş sıxlığı yüksəlib. 2013-cü illə müqayisədə 2015-ci ildə Şengen ölkələrinə təqribən 20 min nəfər daha çox vətəndaş səfər edib. Əsas istiqamətlər Bolqarıstan və Rumıniya olaraq qalır. Yunanıstana səfərlərin əhəmiyyətli dərəcədə artdığı qeydə alınıb. Liderlər siyahısında İtaliya, Avstriya, Fransa və Almaniya var.

Amma FRONTEX-in (Aİ sərhədlərinin idarə olunmasına məsul agentlik) məlumatına görə, Moldova vətəndaşları hələ də Aİ-nin leqal miqrasiya ilə bağlı qaydalarını pozurlar.

2016-cı ilin məlumatına əsasən Moldova vətəndaşlarının Avropa İttifaqı sərhədlərini qanunsuz keçməyə cəhd göstərdiyi ölkələr sırasında Ukrayna və Vyetnamdan sonra üçüncü yeri tutur, eyni zamanda qeyri-leqal rezidentlərinin sayına görə də Ukrayna və Rusiya Federasiyasından sonra üçüncü yerdədir.

Moldova vətəndaşlarına Aİ ərazisinə daxil olmağa ən çox icazə verilməyən beş ölkə sırasına daxildir.

Nəhayət, Moldova vətəndaşları tez-tez saxta sənədlərdən istifadə edirlər. Bu göstəriciyə görə onlar sadəcə Rusiya və Ukayna vətəndaşlarından geri qalırlar. 

İlk addımlar

Gürcüstan vətəndaşları isə öz növbələrində Şüngün ölkələrinə səfər zamanı aeroporta çatdıqda onlardan viza istənmədiyinə alışmağa çalışırlar.

Tbilisi beynəlxalq aeroportu 2017-ci il martın 28-də, Aİ ölkələri ilə vizasız rejimin ilk günündə. Foto: Gürcüstanın Hökumət Dəftərxanası

Natalya Kupraşvili danışır ki, vizasız rejimin ilk günündəcə Avropaya səfər etməyi çox istəyirmiş. Amma böyük tələbat üzündən bilet ala bilməyib. Nəticədə özünün ilk vizasız səfərinə bir qədər sonra gedəsi olub.

“Biz bilirdik ki, bütün sənədlərimiz qaydasındadır, amma yenə də həyəcanlanırdıq, çünki bizdən viza tələb olunmasına öyrəşmişik. Mən iki rəfiqəmlə birlikdə Parisə çatdıq və hər şeydən çox viza tələb olunmayanların sırasında növbəyə durmağımıza sevindik. Şəxsən mən o an hiss elədim ki, mən də onlardan biriyəm, burada yad deyiləm. Sərhədçi sənədlərimə baxdı, nəyisə yoxladı və qəlibləşmiş ifadəni səsləndirdi – xoş gəlmisiniz. Vəssalam”.

Amma digər gürcü turistlərin başına qeyri-adi işlər də gəlib.

“Almaniyaya uçurdum. Sənədlərim qaydasında idi, amma pasportumu sərhədçiyə göstərəndə məndən viza tələb elədi. Ona izah elədim ki, artıq viza tələb olunmur, amma Gürcüstan vətəndaşlarına vizanın lazım olmadığı ona o qədər ağılasığmaz gəldi ki, məni buraxmaqdan qətu surətdə imtina elədi və harasa zəng vurmağa başladı. Ona deyiləndə ki, Gürcüstan vətəndaşları üçün viza tələb olunmur, o üzr istədi və dedi ki, məzuniyyətdə olduğu üçün bundan xəbəri olmayıb. Məni təbrik etməyi də unutmadı və dedi ki, artıq siz də özümüzünküsüz”, – vizasız rezim tətbiq ediləndən bir neçə ün sonra Almaniyaya yola düşən Laşa İmedaşvili danışır.

Hərçənd bu cür hadisələr nadir baş verir. Vizasız rejim qüvvəyə minəndən sonra Avropaya səfər etmiş Gürcüstan vətəndaşlarının əksəriyyəti deyir ki, sərhəddə heç bir problemlə qarşılaşmayıblar.

Gürcüstan vətəndaşları üçün Şengen zonası ölkələri ilə vizasız rejim 2017-ci il martın 28-də qüvvəyə minib. DİN-in məlumarına əsasən 2017-ci ilin aprelində xaricə 294841 vətəndaş səfər edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 60 min nəfər çoxdur. Düzdür vətəndaşların məhz hansı ölkələrə səfər etdiyi haqda məlumatları DİN dərc etmir.

Parlamentin Avrointeqrasiya üzrə Komitəsinin rəhbəri Tamar Xulordavanın təqdim etdiyi məlumata görə, martın 27-dən aprelin 27-ə qədər Şengen sonası ölkələrinə 11700 nəfər Gürcüstan vətəndaşı səfər edib. Onlardan cəmi 26 nəfəri Aİ-ə buraxılmayıb. Xulordavanın sözlərinə görə, etiraz səbəbi əsasən obyektiv vəziyyətlə bağlı olub – əsasən müvafiq sənədlərin olmaması. Müqayisə üçün –  “Avropa təşəbbüsü – liberal akademiya” QHT-nin 2012-ci ildə apardığı araşdırmaya əsasən 2007-2011-ci illər arasında viza üçün rədd cavabı alan Gürcüstan vətəndaşlarının sayı 9-11 faiz təşkil edib. Bu zaman kəsiyində Rusiya, Ukrayna və Belarus vətəndaşlarının viza müraciətlərinə gələn rədd cavabı cəmi 1 faizə yaxın təşkil edib.

Tanınmamış Dnestryanı Moldova Respublikasında Aİ ilə vizasız rejimə necə münasibət göstərildiyi haqda daha ətraflı yaxın zamanda JAMnews-un reportajında

 


More on JAMnews