Məqsədləri Macarıstanın baş naziri Orbanın tərəfdar olduğu radikal sağçı baxışları irəli sürməkdir " />

Macarıstanlı oliqarxlar milli medianı necə inhisara aldılar və necə Avropaya doğru hərəkət edirlər?

Məqsədləri Macarıstanın baş naziri Orbanın tərəfdar olduğu radikal sağçı baxışları irəli sürməkdir

Macarıstanın baş naziri Viktor Orban Avropa inteqrasiyası, seksual azlıqların hüquqları, mühacirət kimi məsələlərdə radikal sağçı baxışları olan insandır.

O, Avropada Rusiya prezidenti Putinin ən etibarlı müttəfiqlərindən biridir.

Öz ideyalarını təbliğ etmək üçün o, aqressiv şəkildə Macarıstan və digər ökələrdə kütləvi informasiya vasitələrini öz nəzarəti altına götürür – Coda Story-nın materialında belə deyilir. 

Macarıstan mediasında nə baş verir?

Son bir neçə il ərzində baş nazir Viktor Orbanın uşaqlıq dostları və siyasi müttəfiqləri onun baxışlarını bölüşməyən demək olar ki, bütün nəşrləri ya məhv edib, ya da ələ keçiriblər. 

“Mertek media monitoring group”un məlumatına görə, hazırda Macarıstan mətbuatının təxminən 80 faizi ya dövlət, ya da baş nazirin dostlarının nəzarəti altındadır. Belə çıxır ki, medianın inhisarı indi ölkənin birpartiyalı idarəçilikdən demokratiyaya keçdiyi 1990-cı illərdən daha güclüdür.   

Macarıstanda dövlət reklam biznesində böyük rol oynayır. Baş nazirə yaxın hesab edilməyən nəşrlər reklam büdcəsinə girişdən məhrum olur, eyni zamanda Orbana yaxın olan nəşrlər isə pulun içində üzür. 

İcraçılar kimdir? 

Ölkənin əsas mediamaqnatı olan Lyorins Mesaroş Viktor Orbanın uşaqlıq dostudur. 

Cəmi bir neçə il ərzində o, bəzi məlumatlara görə, müflis olmağa hazırlaşan xırda biznesmendən Macarıstanın ən varlı adamlarından birinə çevrilib. Noyabr ayında hamısı Orbanın dostları olan 476 nəşr sahibi Mesaroşun şirkətlərindən biri tərəfindən idarə olunan fonda bu aktivləri bağışlayıblar. 

2018-ci ilin axırlarında o, 203 şirkətə ya sahiblik edir, ya da nəzarət edirdi, həm də təxminən 905 milyon avroluq var-dövlətə sahib idi. 

Macarıstanın ən nüfuzlu mediamaqnatı olan Mesaroş özünün bu cür yüksəlməsini üç amilin təsiri ilə izah edib:

“Tanrı, bəxt və Viktor Orban”. 

Növbəti addım 

İndi varlı və yaxşı siyasi əlaqələrə sahib, Orbanın yaxın adamları olan Macarıstan mediamaqnatları Avropanın digər ölkələrindəki nəşrləri də hədəf alıblar: Makedoniya, Sloveniya və hətta Böyük Britaniyada, burada Orban özünün radikal sağçı ideologiyasını inkişaf etdirəcəyinə ümid edir.    

Hər şey 2017-ci ildə başlayıb, bu vaxt Macarıstan ictimai televiziyasının iki keçmiş meneceri Makedoniyada şirkətlər açaraq, yerli KİV-ə sərmayə qoymaq istəyib. Onlar bu şirkətlərdən Makedoniyada o vaxtlar hakim olan və Orbanla müttəfiq olan mühafizəkarlar partiyasını dəstəkləyən bir neçə yerli nəşr üzərində nəzarəti ələ keçirmək üçün istifadə ediblər. Yeni rəhbərlik altında nəşrlər vətəndaş cəmiyyəti və müxalifət haqda feyk və tənqidi xəbərlər yaymağa başlayıblar. 

Növbəti meydan Sloveniya olub. Burada üç Macarıstan media şirkəti (bunlardan biri bundan az əvvəl Makedoniyada idi) NOVA24TV.sl media qrupu üzərində nəzarəti ələ keçirmək üçün bir il sərf edib, bu, mühafizəkar Sloveniya Demokratik Partiyası tərəfindən yaradılan telekanal, onlayn xəbər portalı və radio stansiyası idi. 

Bu ilin aprel ayında macarlar La-Manşı keçərək, Londonda V4NA xəbər agentliyini yaradıblar, agentlik  gündəlik hadisələri və idman xəbərlərini macar, ingilis, fransız dillərində və təbii ki, Orbanın nöqteyi-nəzərindən işqlandırır, həm də yüngül məqalələr dərc edir.  

Jurnalistin taleyi 

Marton Qerqei əvvəllər hörmətli müstəqil qəzet olan “Nepszabadsag”da işləyib. Qəzet Orbanın müttəfiqlərinin nəzarəti altına keçəndən sonra o, işsiz qalıb. 

Qerqeinin sözlərinə görə, macar jurnalistləri seçim qarşısında qoyulur: hökumətin tərəfinə keç və sən ailəni dolandıracaqsan, bəlkə hətta Orbanın ətrafındakı biznesmenlərlə də əlaqə yarada biləcəksən.  

Qerqei və başqa müstəqil macar jurnalistləri (hansıların ki sayı getdikcə azalır) cah-cəlal haqqında düşünmürlər belə. “Nepszabadsag” bağlanandan sonra o, keçmiş iş yoldaşları ilə birlikdə öz qəzetlərini açmağa çalışıb, amma alınmayıb, çünki bunun üçün onların nə pulu, nə də texniki vasitələri var. 

Sonra o, nüfuzlu alternativ “HVG” həftəliyinə işə düzəlib, burada maaşı əvvəlkindən 30 faiz azdır, rəhbərliyi altında da əvvəlki kimi 60 deyil, 6 nəfər çalışır. Bununla belə, o, deyir: “Bəxtim gətirib, çox xoşbəxtəm. Çox az sayda yaxşı iş qalıb”. 

Otuz il əvvəl Dəmir Pərdə götürüləndə gənc siyasətçilər Qerqei də daxil olmaqla gənc macarlara yeni başlanğıc üçün ümid verirdilər. İndi isə ölkə həm Orbanın özünün ideoloji əngəllərindən, həm də onu əhatə edən insanların dayazlığından əziyyət çəkir. 

Qerqei hesab edir ki, KİV-lərin ələ keçirilməsi və bağlanması bir çox hallarda sırf biznes hesablamaları, özünəməxsus yarış olub, bu zaman hər bağlanmış müxalif nəşr oliqarxların divarlarında yeni qənimətə çevrilir. 

Jurnalistlərin məhv olma təhlükəsi ilə üzləşməsi faktı onun ölkəsi və digər Avropa ölkələrini təhlükə altına qoyur. 

“Macarıstan nümunəvi qeyri-liberal dövlətə çevrilib. Və bu, hiss olunur”, – Qerqei deyir.


More on JAMnews