Abxaziyada dinlərarası dözümsüzlük heç vaxt olmayıb, amma indi ilk əlamətləri ortaya çıxır" />

”Mənim babamın babası Selıku Xaşiq müsəlman olub” – Abxaziyada dini vadi

Abxaziyada dinlərarası dözümsüzlük heç vaxt olmayıb, amma indi ilk əlamətləri ortaya çıxır

Myanmada baş verənləri, bir qrup dindarların başqa dindarları qırmasına baxanda anlayırsan ki, dünyanın altı üstünə çevrilib və yeni texnoloji cəhətdən təkmilləşdirilmiş orta əsrlər dövrünə yuvarlanır.

Dünya xəritəsi bu cür – keçmiş Birmadakı kimi artıq alışıb-yanan və ya heç kibrit yandırmadan belə alışmağa hazır olan dini nifrət ocaqları ilə doludur.

Abxaziya isə bu dinlərarası kütləvi dava fonunda az qala səhrada itib-batmış vadi kimi görünür. Yəni kütləvi şəkildə buna inanmağa inanırıq, amma ifrata varmadan. Allaha şükür.

Babam Selıku Xaşiq müsəlman olub. Toylardan birində, hadisə 1880-ci illərə təsadüf edir, bir qızdan xoşu gəlir. Qızı rəqsə dəvət edir, rəqs bitəndən sonra da ona qızıl çervonla minnətdarlığını bildirir.

Bu, artıq bir işarə idi. Həmin vaxtlarda ailə qurmaq üçün abxazlar məsələni uzatmırdılar, illərlə indiki kimi, bir-birini nəzərdən keçirmirdilər, sonra da demirdilər ki, “xasiyyətlərimiz tutmadı”.

Bir rəqs, hətta bir baxış belə kifayət edirdi ki, qərar qəbul edilsin, özü də qarşılıqlı qərar. Və ömür boyu sürən bir nikah bağlanırdı, əksər vaxtlarda da xoşbəxt nikah.

Yəni Selık həmən qərarını verdi. Elə o axşam da könüllü şəkildə aradüzəldən missiyasını öz üzərinə götürən ümumi tanışın köməyilə o, ciddi niyyəti barədə xoşuna gələn qıza xəbər göndərdi.

Esma Papba, ulu nənəmin adı beləydi, demək olmaz ki, bax beləcə, düşünmədən ilk qarşısına çıxana getməyə hazırıydı. Qəşəng qızıydı, amma yelbeyin deyildi.

Birdən-birə peyda olan pərəstişkarını əvvəllər də tanıyırdı, halbuki şəxsən tanış deyildi. Amma müsəlman olduğunu bilirdi. Esmanın özü isə xristian idi. Özü də nominal yox – həmişə kilsəyə gedirdi.

“Dinimi saxlamağa icazə versə, ona ərə gedəcəm”, – elə həmin ümumi tanışları vasitəsilə nənəm öz şərtlərini göndərdi.

Selıku dedi “problem yoxdur” və bir neçə həftə sonra da evləndi.

Ailənin əfsanəsinə görə və mənə niyəsə elə gəlir ki, bu əfsanə reallıqdan o qədər də uzaq deyil, onların uzun və xoşbəxt evlilikləri olub. Səkkiz övladı dünyaya gəlib – dörd qız və dörd oğlan. Selıku sözünü tutdu, xanımı elə öz dinini saxladı. Bundan əlavə, bəzi övladlarının xristian dinini qəbul etməsinə də razılıq verdi.

Ulu babamın öz ailəsi üçün tikdiyi, divarlarının bir metr qalınlığında olan nəhəng ev indiyə qədər Xuap kəndindədir və bizim hamımız, onun nəvə-nəticələri üçün Böyük Evdir.

Artıq yüz ildən çoxdur ki, nəslimiz, kimin harada yaşamasından asılı olmayaraq, Pasxa və ya Məryəm ananın anım gününü qeyd etmək üçün yüksək dağlıq Xuap kəndinə yığışır. Selıkdan sonra Böyük Evə sahib olanlardan heç biri xristian olmadı. Amma Selıkın tikdiyi evdə ulu nənəmizin xatirəsinə bayram süfrəsini açmaq mütləq riayət olunmalı bir adətdir.

Ümumiyyətlə biz eyni tərkiblə həm müsəlman, həm də özümüzün abxaz bütpərəst bayramlarını qeyd edirik. Abxazlar üçün bir neçə dinin mehribanlıqla dolandığı nəslin hekayəsi heç də unikal bir hal deyil. Əksəriyyətimiz bu cür yaşayıb, yaşayır və ümid edirəm ki, yaşayacaq da. Abxaziyanın rəsmi dövlət bayramları təqvimində də hamıya – xristianlara da, müsəlmanlara da, bütpərəstlərə də hörmət ediblər.

Amma təəssüf ki, bu kimisə qıcıqlandırmağa başlayıb. Misal üçün, Qurban bayramının qeyd olunması ilə bağlı istirahət günü elan etdilər – bu ildə isə həmin bayram ənənəvi Bilik günü ilə üst-üstə düşürdü. Bu da dini mövzuda müzakirələr üçün əla bəhanə oldu. Hətta yazırdılar ki, qurban qoyunları ilə birlikdə təhsili də qurban verdilər.

Abxaziya təbii ki, Myanma ilə heç bir şəkildə müqayisə oluna bilməz. Amma bizim sürətli kütləvi kommunikasiya əsrimizdə insanların beyinlərindəki məsafəni qısaltmaq çox asan bir işdir. Start vermək kifayətdir ki, dinlərarası dözümsüzlük maşını sənsiz də elə işə düşəcək ki, bütün mənalarda uzaq olan Myanma sabah evinin kandarında dayanacaq.

Həyatımızda çox şey azlıq edə bilər – torpaq, su, günəşin altında yer, elə həmin təhsil – amma Tanrı hamıya dəqiq kifayət edəcək. Bütün keçmiş və üzümüzə gələn bayramlarınız mübarək!


More on JAMnews