Parlament sədri Arçil Talakvadze larinin dəyərdən düşməyində müxalifəti günahlandırır" />

Lari dəyərdən düşməkdə davam edir. 3.0 – yeni anti-rekord

Parlament sədri Arçil Talakvadze larinin dəyərdən düşməyində müxalifəti günahlandırır

Gürcüstanın iki ən böyük kommersiya bankında larinin məzənnəsi dollara nisbətdə 3 lariyə yaxınlaşıb.

İyulun 31-da “Sakartvelos banki”də, TBC Bankda bir Amerika dolları, 3.0150 laridir.

Fərdi mübadilə məntəqələrində 1 Amerika dollarının dəyəri 2,97 lariyə bərabərdir.

• Türk lirəsinin düşməsi Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına necə təsir edəcək?

Gürcüstanın Milli Bankının iyulun 30-a olan rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları 2.9507 laridir.

“Blumberg”də 1 dollar 2,96 laridir.

1995-ci ilin oktyabrından bu günə qədər, yəni bütün tarixi boyu Gürcüstanın milli valyutası heç vaxt bu cür dəyərdən düşməyib. Larinin dəyərdən düşməsi ilk dəfə 2013-cü ildə başlayıb. O zaman 1 dollar 1,66 lari idi.

Lari niyə dəyərdən düşür?

Ekspertlər, müxalifət və hökumət milli valyutanın dəyərdən düşməsinin fərqli səbəbləri haqda danışırlar.

Hakimiyyət nümayəndələri larinin dəyərdən düşməyini iyunun 20-dən sonra parlament qarşısında keçirilən etiraz aksiyaları ilə əlaqələndirirdigər xarici amilləri də sadalayırlar (iyunun 20-dən başlayaraq bu günə qədər Gürcüstan parlamenti qarşısında hər gün etiraz aksiyaları keçirilir. Aksiyada səsləndirilən əsas şüarlardan biri “İşğalçı Rusiya”dır. Xüsusi təyinatlı polis dəstəsi güc tətbiq edərək mitinqi dağıdandan sonra aksiya iştirakçıları DİN rəhbəri Georgi Qaxariyanın istefasını tələb edirlər – JAMnews).

Parlament sədri Arçil Talakvadze larinin dəyərdən düşməsində müxalifəti ittiham edir.

“Müəyyən siyasi qruplar tərəfindən stabilliyin pozulması və zorakılığın təşkili bilavasitə dövlətə, vətəndaşların rifahına, iqtisadiyyata və təhlükəsizliyə qarşı yönəlib”, – Arçil Talakvadze bildirib.

Milli Bankın prezidenti Koba Qvenetadze deyir ki, larinin dəyərdən düşməsi “xarici şokla” bağlıdır və əhəmiyyətli amillərdən biri turistlərin sayının azalmasıdır (iyulun 8-dən Rusiya prezidentinin qərarı ilə Rusiya və Gürcüstan arasında hava əlaqəsi dayandırılıb və bu da Rusiyadan gələn turist axınını əhəmiyyətli dərəcədə azaldıb – JAMnews). 

Onun sözlərinə görə, vəziyyətdən çıxış yolu dedollarlaşmadır.

“Bu gün Gürcüstan xarici şokdan keçir. Gürcüstana gözlənilən turist axınının həcmi azalıb. Bu, təbii olaraq mübadilə məzənnəsinə təsir edib. Şok durumlar həmişə gözlənilən istiqamət olduğu üçün dedollarlaşma vacibdir. Gəlir milli valyutada əldə edildiyi təqdirdə kreditlər də milli valyutada verilməlidir”, – Qvenetadze deyib.

Müxalifət və ekspertlər hesab edirlər ki, larinin dəyərdən düşməsinin hazırkı dalğası bilavasitə TBC Bank ətrafında baş veriən hallarla, həmçinin ölkədə investorların sayının azalması, hakimiyyətin “heç bir iqtisadi siyasətə malik olmaması” ilə bağlıdır.

Bitərəf parlament deputatı Levan Koberidzenin dəyərləndirməsinə görə, larinin dəyərdən düşməsinə görə məsuliyyətin parlament qarşısında keçirilən etiraz aksiyalarının üzərinə qoyulması qeyri-ciddi və məsuliyyətsizcədir.

“Lari bir il ərzində tədricən stabil şəkildə dəyərdən düşüb. Proses may ayından daha da kəskinləşib, ayın əvvəlində məzənnə 2,7; ayın sonunda isə 2,8 lari olub. Yalnız may ayı ərzində lari 10 vahid ucuzlaşıb, o zaman 20 iyun hadisələri var idi?”, – Koberidze deyib

Onun sözlərinə görə, siyasi vəziyyət larinin məzənnəsinə təsir edir, amma bu, əsas amil deyil.

“Hakimiyyətin heç bir iqtisadi siyasəti yoxdur”, – Koberidze qeyd edib.


More on JAMnews