Ona nə kömək edəcək və nə mane olacaq?" />

Kriptovalyuta Abxaziyaya gəlmək istəyir

Ona nə kömək edəcək və nə mane olacaq?

Son həftələrdə Abxaziyada yeni pul növünün – milli kriptovalyutanın yaranmasının mümkünlüyü qızğın müzakirə olunur.

“Abxaziya dünyada milli kriptovalyutasını buraxmış ilk ölkə ola bilər, həm də yaxın həftələr içində”, – Abxaziyanın iqtisadiyyat naziri Adqur Ardzinba bildirib.

Təqribən bir ay əvvəl Moskvada keçirilən konfransda Abxaziya dəyəri bir milyard dollar olan blokçeyn-startapını təqdim etdi. Konfrans BCSG şirkəti tərəfindən təşkil edilmişdi və rəmzi olaraq “Blockchain: geriyə dönüş yoxdur” adlandırılmışdı.

Abxaziya təqdimatı bildirib ki, respublikanın bütün ehtiyacları üçün milyard dollar lazım olacaq. Bu məbləği ARC adı altında (açması “Abkhazian Republic Coin” deməkdir) məhdud sayda token buraxmaqla əldə etmək planlaşdırılır. Ən çoxu səkkiz milyard virtual sikkə buraxılması ehtimal olunur.

Layihə müəllifləri hesab edirlər ki, abxaz kriptovalyutasının yaradılması yerli iqtisadiyyatı xarici sərmayəçilər üçün maraqlı edəcək, hələlik mövcud beynəlxalq sanksiyalara görə Abxasiyaya yatırım qoymaqdan çəkinirlər. Əsas arqument ondan ibarətdir ki, adi pullardan fərqli olaraq kriptovalyutanın hərəkətini hələlik izləmək mümkün deyil. Müvafiq olaraq nəzəri cəhətdən sərmayəçi mümkün təqibdən azad olmuş olacaq.

«Sıçrama yalnız qeyri-ənənəvi vasitələrdən istifadə etməklə mümkün ola bilər»

“Biz iqtisadi vəziyyətimizi və məhdudiyyətləri nəzərə almalıyıq”, – Abxaziyanın iqtisadiyyat naziri Adqur Ardzinba deyir. – “Bizi siyasi cəhətdən geniş çevrədə tanımırlar və biz mütəmadi olaraq labüd inkişaf səviyyəsinə çıxmaq üçün qeyri-standart həll yolları axtarışındayıq. Standart sxemlər də vacibdir, amma sıçrama yalnız qeyri-ənənəvi vasitələrdən istifadə etməklə mümkün ola bilər”.

Potensial sərmayəçilər üçün ucuz elektrik enerjisi stimullaşdırıcı amil ola bilər. Hüquqi şəxslər üçün yerli tarif kilovat/saatı cəmi 80 qəpiyədir [15 sent]. Bundan başqa sərmayəçilərə üç il müddətində bütün növ vergilərdən azad olacaqlarını da vəd edirlər.

Kriptovalyutanın Abxaziya üçün yarada biləcəyi potensial çətinliklər

Bir kilovat elektrik enerjisinin 80 qəpiyə olması Abxaziyanı çox sərfəli variant edir. Amma kriptovalyutanın yaradılması üçün böyük həcmdə elektrik enerjisi tələb olunur, bu sarıdan isə respublika ciddi problem yaşayır.

Elektrikin tez-tez kəsilməsi, şəbəkədə aşağı gərginlik – Abxaziyada həyatın bu xüsusiyyətləri böyük həcmdə virtual valyutanın yaradılması prosesinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinin mümkünlüyünü şübhə altına qoyur.

Layihənin minusları arasında Abxaziyanın öz valyutasının olmaması da var. Burada bank kartlarının normal sistemi işləmir – 2018-ci ilin ortalarında kriptovalyutanın dövriyyəyə buraxılmasına hazırlaşan və virtual valyutanın yuanı balanslaşdıracağına və ümumilikdə maliyyə vəziyyətini yaxşılaşdıracağına ümid edən Çindən fərqli olaraq.

“İstənilən dövlətdə valyuta yaratmaq və istədiyin kimi adlandırmaq mümkündür, amma əsas sual bu valyutanın dəyərinin olub-olmamasıdır”, – Abxaziyada fəal iş görən rusiyalı biznesmen İqor Varov JAMnews-a bildirib.

“Venesuelada bir ay ərzində valyutanın dəyəri yüz faiz düşür. Hamımızın hətta dövlət valyutasının da qorxunc sürətlə ucuzlaşdığı, devalvasiyaya uğradığı və sair çoxsaylı hallardan xəbərimiz var. Burda isə hər şey şişirdilib, təbii deyil. Bu bitkoinlər heç nə ilə təmin edilməyib”.

Varovun fikrincə, bu layihə əvvəlindən çox mürəkkəbdir və çox da aydın deyil – “ölkədə maliyyə sistemi otruşmayıbsa, bu layihə nəyə lazımdır?”

O bildirir ki, sərmayəçilər üçün “vergisiz cənnət” yaratmaq daha da mənasızdır.

“Abxaziyaya vergilər çox lazımdır. Məəhz vergi sayəsində ölkə yaşayır və inkişaf edir. Dövlət adından konkret “bir yığın insanın” pul qazanacağı layihə yaratmaq doğru deyil”, – Varov deyir.

Və əlavə edir: “Əslində, mən inanmıram ki, bu layihə həyata keçiriləcək”.

Abxaziyanın iqtisadiyyat naziri bu yanaşma ilə qəti razı deyil.

“Biz zəmanət veririk ki, bütün cəlb olunmuş vəsaitlər Abxaziya iqtisadiyyatının inkişafına, infrastrukturun modernləşdirilməsinə yönəldiləcək. Bu isə öz növbəsində ölkəmizin iqtisadi yüksəlişinə və müvafiq olaraq Abxaziya kriptovalyutasının dəyərinin dünya bazarında qalxmasına gətirib çıxaracaq”, – Adqur Ardzinba deyir.

Abxaziya jurnalisti Anton Krivenyuk deyir ki, nazir şəxsən onu inandıra bilməyib:

“Əvvəlcə ağır iş olmalıdır, iqtisadiyyatın inkişafı. Əlbəttə ki, öz kriptovalyutasını yaratmaq ideyası fırıldaq deyil. Amma bir növ fürsət var ikən qabaq düşmək istiqamətində sadəlövh niyyətdir”.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews