Turistlərin Gürcüstana marağı ildən ilə artır " />

Köhnə Tbilisi: Gürcüstanda turizm haqqında

Turistlərin Gürcüstana marağı ildən ilə artır

Məqalənin orijinalı “Kavkazski uzel” saytındadır 

Gürcüstan və onun paytaxtına turistlərin marağı ildən ilə artır və burada bu gün turistlərin sayı gürcülərin özündən çoxdur: 2016-cı ildə 3,7 milyon əhalisi olan ölkəyə 6 milyona yaxın qonaq səfər edib. Və bu da son hədd deyil! – Gürcüstan hakimiyyəti buna əmindir. Yerli hökumət proqnoz edir ki, on ildən sonra xarici turistlərin sayı təxminən iki dəfə artacaq. Gürcüstan turizminin inkişaf strategiyasına əsasən, 2020-ci ilə qədər onların sayı səkkiz milyon, 2025-ci ildə isə 11 milyon olacaq. Həmin vaxta qədər də Gürcüstan hakimiyyəti ilin istənilən fəslində dünya səviyyəli xidmət vəd edir… Amma bu vədlər Tbilisi və Gürcüstanın başqa turizm yerləri üçün nə dərəcədə realdır? Hakimiyyəti turizm strategiyasının işləyib hazırlaması yolunda hansı çətinliklər gözləyir və sadə tbilisililər onun reallaşdırılmasında necə kömək edir? “Kavkazski uzel” JAMnews-un müxbiri Eka Minasyandan Tbilisi turizm mərkəzinin içərisinə baxmağı xahiş edib. 

 

Turist mətbəxi: “tələlər” necə hazırlanır

Turistlərin cəlb edilməsi işində hakimiyyət daha çox marketinq kampaniyasından istifadə edir. Hər il informasiya kampaniyalarına, turist Gürcüstanının təbliğinə ayrılan məbləğlər artır.

“Bu il dövlət 25 milyon xərcləyib”, – Gürcüstanın Milli Turizm Administrasiyası rəhbərinin müavini Rusudan Mamatsaşvili “Kavkazski uzel”ə bildirib. Müqayisə üçün, 2016-cı ildə marketinq kampaniyalarına 22,5 milyon lari ayrılmışdı.  

“Ötən il müxtəlif ölkələrdən 600 jurnalist bura səfər edib”, – Mamatsaşvili deyir.

Tbilisidə ənənəvi evi eyvansız təsəvvür etmək mümkün deyil. İsti havada Tbilisi sakinləri vaxtlarının böyük hissəsini eyvanda keçirirlər

Onun sözlərinə görə, martda iyunun 30-na qədər davam edəcək yay marketinq kampaniyası işə düşüb. Bu kampaniya çərçivəsində Gürcüstanın turizm potensiyalı barədə 14 ölkə, o cümlədən Rusiya, Almaniya, İtaliya, Ukrayna, Belarus, Qazaxıstan öyrənəcək.

“Gürcüstan hökumətinə marketinq siyasətini həyata keçirməyə Google şirkəti kömək edir”, – Mamatsaşvili deyir. Burada birgə yay marketinq kampaniyasının hazırlanması, həm də planlaşdırma, təhlil və Google mütəxəssislərinin məsləhətləri nəzərdə tutulur.

Apartamentlərin daxili həyətdən görünüşü

Winter in Georgia” reklam çarxı üç beynəlxalq turizm kino festivalında şöhrət qazanıb: klipdə əyani şəkildə göstərilir ki, Gürcüstanın unikal iqlimi sayəsində ölkədən çıxmadan, dağ-xizək kurortlarında istirahət etmək, yüksək dağ regionlarına baş çəkmək və Qara dəniz çimərliklərində qaralmaq olar.  

Köhnə Tbilisi

Deyirlər ki, Tbilisini anlamaq mümkün deyil, onu ancaq hiss etmə olar, bunun üçün də hansısa köhnə rayonda məskunlaşmaq və onun dar və kələ-kötür yollarıyla piyada gəzintilərə çıxmaq lazımdır. Köhnə şəhərin belə rayonlarından biri də Betlemskaya küçəsidir. Küçə adını Betlemi məhəlləsindən götürüb, bu məhəllənin daha bir adı da var – Kldisubani, tərcüməsi “qayalar rayonu” deməkdir.

Abanotubani şəhərin tarixi mərkəzində kükürd hamamlar rayonu. Əfsanəyə görə, Tbilisi məhz buradan başlayıb

Bu gözəl dar küçə sanki həqiqətən də qayanın içində yonulub. Bu küçənin başından, Çörək  meydanı tərəfdən gəzintiyə başlasan, sağ tərəfdə başının üstündə şəhərin ən əsas görməli yeri ucalır – Narikala qalası, sol tərəfdə isə şəhərə gözəl mənzərə açılır.  

Tbilisinin köhnə məhəllələrinin 25 illik tənəzzüldən sonra geniş miqyaslı restavrasiyasına Mixail Saakaşvilinin prezidentliyi dövründə başlanılıb. 2007-ci ildə start götürən “Köhnə şəhərin yeni həyatı” layihəsi çərçivəsində Tbilisinin mərkəzi hissəsində – Sololaki, Kalaubani və Çuqureti rayonlarında daha qəzalı vəziyyətdə olan məhəllələr restavrasiya olundu.

Ğomi küçəsində aparmanetlərin terassası

Restavrasiya işlərinin keyfiyyətinə Saakaşvili komandasının siyasi opponentləri şübhə ilə yanaşdılar. Hakimiyyətə gələndən sonra isə onlar Tbilisinin yenilənməsi kampaniyasını davam etdirdilər, düzdür, miqyas daha kiçikdir: indiki siyasi komandanın beş illik hakimiyyəti dövründə gördüyü işlərin içərisində Qurucu David prospektinin yarısının bərpasını nəzərdə tutan “Yeni Tiflis” layihəsi var. Şəhərin bu hissəsində restovratorlar inqilabdan əvvəl salamat qalan afişalar, yazılar və rəsmləri aşkar və bərpa edə bildilər.

Betlemi küçəsində hostel otağının pəncərəsindən açılan mənzərə

Hər həyətin öz Tbilisisi

Marina Mesxinin anadan olduğu, Betlemskaya-17 ünvanında yerləşən binanı 2011-ci ildə restavrasiya etməyə başladılar. Həmin vaxta qədər o, köhnəlib dağılmışdı. Binanın əslində neçə yaşının olduğunu Marina bilmir, amma çox qədim olduğunu deyir.

Əvvəllər Marinanın ailəsi heç hostel açmaq barədə düşünmürdü də. Pul yoxuydu, bankda borca düşmək istəmirdilər. Bu zaman da Peterburqda yaşayan qohumları köməklərinə gəldi. Marina əri ilə birlikdə qonşularından otaqları pulla aldılar və dizayn üzərində işləməyə başladılar. Binanın fasadını dəyişmək qadağandır – ev mədəni irs siyahısına daxildir. İçəridən bəzəmək tam yolveriləndir. Hostelin dizaynı ilə də Marinanın oğlu, ixtisasca rəssam-qrim ustası olan Qiqa məşğul oldu.  

Qiqa hostellərinin dizaynı üzərində binanın yerləşməsini, şəraitini və yaşayış sahəsini nəzərə almaqla işləyirdi. Kiçik həyəti qonşulardan kərpic divar ayırır. Sahibləri buranı kiçik fənərlər, gül dibçəkləri və çərçivəyə salınan gips pişiklərlə bəzəyiblər. Hostelin həyəti daha çox Avropa üslubunda olsa da, evin içində gürcü motivləri üstünlük təşkil edir: ikinci mərtəbəyə qalxan taxta pilləkənin üstündə Pirosmaninin illüstrasiyalarından kompozisiya var, ikinci mərtəbənin verandasında kiçik masalar və stullar düzülüb…

Betlemi küçəsində hostelə giriş

Doqquz otaqlı xudmani bir hostel alındı, burada ən sadə ikinəfərlik otaqda qalmaq 120 lari – təxminən 50 dollardır. Səhər yeməyi daxildir. Marina çaxırın pulunu da almır – burada mütləq artıq gedən qonaqlara çaxır bağışlayırlar, hosteldə olanda da qonaq istədiyi qədər çaxırdan içə bilər.

“Amma nahar və şam yeməyini artıq hazırlamıram, çünki bu, əlavə xərcdir, aşpaz dəvət etmək lazımdır, biz isə hələ yenicə işimizi yoluna qoyuruq, – Marina danışır, – cəmi il yarımdır ki, bu biznesdəyik”.

Hostelin sahibi Marina Meshi

Hostel ucuz olsa da, buradakı xidmət ulduzlu oteldən heç də pis olmaya bilər. “Çoxları ev rahatlığı, Tbilisinin ab-havasını axtardıqları üçün bizi seçirlər. Tipik həyəti olan ənənəvi gürcü evində qalmaq istəyirlər. Təxminən bunun kimi”, – Marina deyir.

Hostel və kiçik otellərin əhəmiyyətli üstünlüyü Tbilisi həyətləri sayəsində yaranan təkrarolunmaz ab-havadadır. Qəşəng darvazanın məhəccəri arasından sənə Fridanın özü baxırsa, bu cür apartamentlərdən necə yan ötüb keçmək olar!

Apartamentlərin sahibəsi Mariam Saponyan Gürcüstandan 25 il əvvəl köçüb. Tbilisiyə ötən il gəlib. Uzun müddət burada qalmaq fikri yoxuydu. Moskvada onu həyat yoldaşı və şəxsi biznesi gözləyirdi. Mariam xalasının mənzilini təmir etdirib, getməyi planlaşdırırdı. Amma planları birdən dəyişdi, Tbilisidə bəzən belə hallar olur. Qadının anadan olduğu və yaşadığı ev bu qədim və koloritli küçədə yerləşən bir çox evlər kimi restavrasiya olunub. Mariam danışır ki, evin ən azı 200 yaşı var…

“Bir dəfə, artıq təmir başa çatandan sonra verandada durub, şəhərə baxırdım. Düşünürdüm ki, nə gözəl mənzərə açılır buradan, necə də qəşəng həyətimiz var, – qadın danışır. – Mənzil də yenicə təmirdən çıxıb. Səhəri gün isə əvvəlcə bir qonşum gəldi, sonra o birisi – hər ikisi də ucuz qiymətə evlərini satmağa hazırıydılar…”

Tbilisidə ən qədim hamamlardan birinin kümbəzi

Mariam razılıq verdi. Çoxları ona evi ənənəvi, milli üslubda bəzəməyi təklif edirdi. O, isə təkrarlılığa yol vermək istəmədi, axı milli kolorit bu küçədəki demək olar ki, hər bir həyətdə var. Əvəzində Maryan eklektikaya üstünlük verdi. Hazırda bu, çox kiçik ölçülərdə Tbilisi həyətində həm İspaniya var, həm İtaliya və hətta Kamboca. Burada ikinəfərlik ən ucuz otaq 120 laridir, yeddi nəfərlik dupleks mənzil isə sutkada 240 lariyə icarəlik verilir. Ümumilikdə apartamentlərdə 40 nəfər yaşaya bilər. Düzdür, eyni vaxtda 40 qonaq ancaq yay fəslində olur. Bu apartamentlərdə ən populyar yer güllü verandadır. Buradan şəhərə gözəl bir mənzərə açılır. Buna görə də axşamları turistlər əsasən verandada keçirir.

Düzdür, Maryam Moskvaya getdi, amma bundan əvvəl Tbilisidə biznesini qeydiyyatdan keçirdi, menecer təyin etdi və ilk qonaqlarını qəbul etdi.

Apartamentlərin direktoru David Qaribyan

“Əvvəlcə Moskvada yaşayandan sonra yadırğadığım Tbilisinin mentallığı ilə barışmaq çox çətiniydi, – o danışır. Misal üçün, mənim kanalizasiyanın təmiri ilə bağlı adi bir iradımdan menecer çox incidi. Elə incidi ki, dərhal da işdən çıxdı”.

“Bu gün bəlkə də ən böyük problem ondadır ki, Gürcüstanda gecələr sakitliyə riayət etmək haqqında qanun işləmir”, – yeni menecer David deyir.

“O, qonşuluqda yerləşən otelə eyham vurur, həmin oteldə qalanlar hər gecə səs-küy salır. “Patrul xidməti ekipajı gəlir, bir az durur və gedir, bir də növbəti şikayətə qədər”, – David izah edir. Elə olub ki, Maryamın qonaqları daha sakit yer axtarışı ilə buradan çıxıblar, apartamentlərin reytinqi isə buna görə düşüb.

Rəqəmlərin diliylə

Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatlarına görə, 2016-cı il ərzində ölkə 6 milyon 350,8 min əcnəbi qəbul edib. Bu da 2015-ci illə müqayisədə 7,6% çoxdur. 2017-ci ilin yanvar ayında turistlərin sayı rekordu vurdu – Gürcüstana 387 min qonaq gəldi (artım 19,8%), fevralda daha az oldu —368 mindən çox (artım 2,1%), martda isə növbəti turizm bumu oldu – ölkəyə 511 min adam səfər etdi (artım 13,1%). Bu, da ötən ilki göstərici ilə müqayisədə 59,3 min çoxdur.

2017-ci ilin mart ayı ərzində Gürcüstana daha çox qonaq Azərbaycandan gəldi (artım 11,1%), ikinci yerdə Ermənistandan olan qonaqlardır (artım 11, 2%). Sonra Türkiyə (göstərici 17,1% azalıb), Rusiya (artım 16,5%) və İrandan (artım 194,8%) olan nümayəndələr gəlir. Rəqəmlər hər şey deyir…

Ölkəyə gələn turistlərin sayı ildən ilə stabil olaraq artır. İlk dəfə onların sayı Gürcüstan əhalisinin sayını 2013-cü ildə üstələdi. O vaxt ölkəyə 5 milyondan çox turist səfər etdi. Müqayisə üçün: 2012-ci ildə 4 milyon 428,2 min qonaq qeydiyyata alınmışdı ki, bu da 2011-ci illə müqayisədə 56,9% çoxdur.

Sayəsində məşhur Tbilisi hamamlarının fəaliyyət göstərdiyi təbii hidrogen sulfidli bulaqlar yerin dərinliyindədir, buna görə hamamlar da yer səviyyəsindən aşağıda yerləşir. Tikilinin yerin üstündəki hissəsi təpəsində ventilyasiya və işıqlandırma üçün bir neçə pəncərə var…

Gid gid üstündə…

Gürcüstanda turizm sahəsində işləyən insanların sayı turistlərin sayı ilə birlikdə artır. Şərti olaraq bu sahənin işçilərini əlacsızlıqdan və başqa işlə məşğul ola bilmədiyinə görə gid olan və həm özünün peşəkar inkişafına, həm də yeni maraqlı marşrutların axtarışına resurs qoyan peşəkarlara bölünür.

Öz kadrlarından başqa son illər Gürcüstanın turizm potensialı çoxlu sayda gəlmələri, əsasən də keçmiş ittifaq respublikalarının nümayəndələrini cəlb edib. Gürcüstanda yarım saat ərzində ölkədə nə şəxsi mülkiyyətin, nə vətəndaşlığın olmadan, öz şəxsi biznesini qeydiyyatdan keçirməyə imkan verən cəlbedici biznes mühiti həm peşəkarları, həm diletantları cəlb edir. Nəticədə xarici vətəndaşlar turizm firmalarını açırlar, öz ölkələrində olan əlaqələri isə onlara müştəri axınını təmin edir və üzdə qalmağa imkan verir. Bəzən gəlmə gidlərin uğuru yerli həmkarlarında qıcıq oyadır…

Əncir dərəsində (Leqvtaxevi) “sevgililər körpüsü” şəhərin bu yaxınlara qədər tamamiylə əlçatmaz olan ən koloritli yerlərindən biridir, dərəni tam rekonstruksiyadan sonra 2011-ci ildə açdılar

Tbilisili ər-arvad Valentina Semilet və Roland Kartvelişvilinin artıq dörd ildir ki, birgə biznesləri var. Valentina müştəriləri tapır, onlarla yazışır, turlar təşkil edir, Roland isə sürücü gid rolunda çıxış edir. O, Gürcüstanda çox az sayda sertifikatlaşdırılmış gidlərdən biridir.  

“Rolandın Gürcüstanın Gidlər Assosiasiyasının sertifikatı var, amma dörd il ərzində onu ancaq bir dəfə təqdim etməli olub, – Valentina danışır. – Adətən bu, təəssüf ki, Gürcüstanda turizm şirkətləri tərəfindən tələb olunmur, halbuki bu sahədə vicdansız insanlar çoxdur. Çox vaxt belə olur: bir həftə əvvəl Gürcüstana gəlib, artıq sosial şəbəkədə status yazır, ölkədə tur keçirməyi təklif edir”.

“Qonaqlarım arasında artıq Gürcüstana gəlib, qeyri-peşəkar gidlərin xidmətlərindən istifadə edənlər olub – axı bu xidmətləri ölkəmizdə mübaliğəsiz hər ikinci taksi sürücüsü təklif edir, – Roland izah edir. – İndi bu insanlar öz ölkələrində bütün turistlərə məsləhət görürlər ki, ekskursiyalarda qənaət etməsinlər və peşəkar gidlərə müraciət etsinlər”.

Lisenziyalaşdırma və ya təbii seçim?

“Gürcüstanda bürokratiyanın qarşısını almaq məqsədiylə turizm biznesi lisenziyalaşdırma və ya məcburi sertifikatlaşdırmadan azad olunub, – turizm administrasiyasının nümayəndəsi Rusudan Mamatsaşvili deyir. – Halbuki bu məsələdə hələlik vahid mövqe yoxdur, müzakirələr gedir”.

Gürcüstanda hər kəs gid ola bilər və bu, yaxşıdır, – Gürcüstanın Gidlər Assosiasiyasının prezidenti Keti Meladze hesab edir. “Bazar hamı üçün açıqdır. Giddən xoşu gəlməyən turizm şirkəti bir daha onu əməkdaşlığa dəvət etməyəcək. Təbii seçim baş verəcək”, – o əminliklə deyir.

Gürcüstanda Gidlər Assosiasiyası 2010-cu ildən mövcuddur. İldən ilə assosiasiyanın üzvü olmaq istəyənlərin sayı artır. Bu gün isə Gidlər Assosiasiyasının sıralarında 200 gid var.


“Gidlər Assosiasiyasının sertifikatını ixtisas üzrə üç imtahan verməklə almaq mümkündür. Bundan başqa, sertifikat almaq üçün ən azı bir xarici dil bilmək lazımdır. İmtahanlarda adətən beynəlxalq məşqçi və turizm administrasiyasının nümayəndəsi olur. Bizim yüksək standartlarımız var, amma fərqli vəziyyətlər olur: elə adamlar var ki, öyrənir, amma imtahandan keçə bilmirlər. Bəzən də küçədən biri gəlir və asanlıqla imtahandan keçir”, – Meladze danışır.  

Abanotubaninin yerli sakinləri bildirir ki, məhz burada ən çox selfi çəkdirirlər

Turizm sahəsində ekspert Maya Sidamonidze əvvəllər Milli Turizm Administrasiyasına rəhbərlik edib, son bir neçə il ərzində isə özəl sahibkarlıqla məşğul olur – Tbilisidə mehmanxana sahibidir. O, hesab edir ki, gidlərin lisenziyalaşdırılması geriyə atılan addımdır.“Bu, korrupsiya mənbələrindən biridir. Başqa ölkələrin təcrübəsinə baxıb, yeni biliklərə yiyələnməyi necəsə stimullaşdırmaq olar. Bu cür sertifikatların olması mütləq deyil, amma daha peşəkar səviyyəyə çıxmaq və əmək bazarında özünə daha rahat iş tapmaq üçün yararlıdır, – Sidamonidze deyir. – Təhsil səviyyəsini qaldırmaq, özəl şirkətlərlə müqavilələr bağlamaq daha vacibdir ki, tələbələr ali məktəbdə təhsil aldıqları müddətdə mütləq təcrübə keçə bilsinlər. Vacibdir ki, turizm şirkətləri menecmentdə öz kadrlarının ixtisasının artırılması üçün əlavə resurslar tapsınlar. Təhsil istənilən sahədə, xüsusən də turizmdə prioritet olmalıdır”.

Bu zaman turistlərin özləri heç də həmişə məqsədyönlü şəkildə peşəkar gid axtarmırlar. Çoxları üçün milli istirahət koloriti və elementar xidmət daha vacibdir.

“Gürcüstan gözəldir, amma böyük turist axınına tam hazır deyil, – Kiyevdən Oksana Miroşniçenko deyir. – Tbilisidə qaldığımız bir həftə ərzində oteldəki otaqda telefonu təmir etdirməyə nail ola bilmədik. İşçilər əllərini yelləməklə kifayətlənirdilər. Ekskursiya və hava limanından transfer sifariş etdiyimiz turizm şirkəti gəliş vaxtımızı səhv saldı və bizi qarşılamadı. Bax bu cür məqamlarda çox aydın hiss olunur ki, insanlar hələlik böyük qonaq axınının öhdəsindən gələ bilmirlər”.

“Gürcüstanın cazibədarlığı super-peşəkar gidlərin sertifikatlarında və “hər şey daxil” sistemində deyil, – artıq üçüncü dəfədir ki, Gürcüstana Barnauldan gələn Vladimir Suxovey hesab edir. – Buranın ən böyük gözəlliyi gürcülərin özlərinin səmimiyyəti, yerli sakinlərin hər bir qonağı qarşılayarkən, göstərdiyi mehribanlığındadır”.

Məqalənin orijinalı “Kavkazski uzel” saytındadır 


More on JAMnews