Keçmiş çex barmeni fake xəbərlərin media imperiyasını necə yaratdı
Budeyovisdən olan keçmiş barmen əvvəlcə etiraz edən tələbələr haqqında reportajlar yazmağa, sonra da “Sputnik”i yayımlamağa, sui-qəsd nəzəriyyələrini xəbər və araşdırma kimi təqdim etməyə, Ukraynanı faşizmdə ittiham etməyə başlayan media imperiyası yaratdı.
Budeyovisdən olan Ondrjey Qerşl pivəxanada barmen işləyirdi, əfsanəvi pivə zavodları şəhərində heç də nadir karyera deyil. Qerşl pivə süzür, qonaqların siyasətlə bağlı mübahisələrini dinləyir və onda bu söhbətlərə ciddi qoşulmaq istəyi yaranır. Özü kimi “xəbər narkomanları” üçün sayt yaradır və indi, illər ötəndən sonra ən populyar və ziddiyyətli alternativ xəbər saytları imperiyasına sahibdir.
“İndiki media çox vaxt vacib faktları izləyicilərdən gizlədir. Biz cavab veririk”, – AC24 nəşrinin “Facebook” səhifəsində, “sayt haqqında” bölmədə belə yazılıb. Bu nəşr Qerşlin imperiyasının təməl daşıdır.
•Gürcüstanın milli azlıqlar yaşayan regionlarında Rusiya təbliğatı necə işləyir
•Rusiya təbliğatı Avropa üçün qorxuludurmu?
•Gürcüstanda hepatit C – “sakit qatil”ə qalib gəlmək mümkün olacaqmı?
Ondjrey deyir ki, onun mediadakı uğurlu karyerası yaxşı işgüzarlıq qabiliyyəti, başqa yerdən alınan xəbər və hekayələri dəyişməklə və qalmaqallara fokuslanmaqla xərcləri azaltmaq istəyinin nəticəsidir. 2019-cu ilin yanvar ayında AC24-ün bir milyon izləyicisi var idi: doqquz milyonluq əhalisi olan ölkə üçün gözəl nəticədir. “Facebook”da AC24-ün yüz mindən çox abunəçisi var. Son iki ildə Qerşl artan gəlirindən danışır.
Media imperatorunu sevməyənlər isə bütün bunlara daha bədbin yanaşır. Onlar AC24-ün populyarlığını təhlükəli siqnal hesab edir. Müasir seqmentlənmiş media dünyasında bu saytın nümunəsi göstərir ki, alternativ baxışları təbliğ edən, bir vaxtlar marginal olan nəşr aqressiv dezinformasiya fabrikinə çevrilə bilər.
Çexiyanın “Avropa dəyərləri” qeyri-kommersiya analitik mərkəzi 2016-cı ilin aprel ayında AC24 haqqında bunları yazıb: “Sayt qəsdən dezinformasiyadan tutmuş sui-qəsd nəzəriyyələrinin ciddi xəbər kimi təqdim olunmasına qədər bir neçə manipulyasiya texnikalarından istifadə edir”.
Dezinformasiya ilə məşğul olan çex və slovak saytlarının kütləvi bazası olan Kospiratori.sk AC24-ü Kremlin ruporu adlandırır. Bu il fevralın 13-də saytda dərc olunan on məqalədən üçü Rusiyanın “Sputnik” informasiya agentiliyinin çex versiyasına istinad edib.
AC24 Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə vacib rol oynaya bilər, xüsusən də son prezident seçkilərində mandatın taleyi cəmi 150 min səslə həll olunandan sonra. Fəaliyyətdə olan prezident-populist Miloş Zeman AC24 saytının böyük səylə tənqid etdiyi iki ittifaq – Avropa İttifaqı və NATO-da Çexiya Respublikasının iştirakı ilə bağlı referendum təşəbbüsünü irəli sürdü.
Qerşl deyir ki, onun missiyası cəmiyyətdə çaxnaşma salmaqdır. Həm də pul qazanmaq. Skype-la verdiyi müsahibə zamanı o deyib ki, heç bir siyasi hərəkat və partiya ilə bağlı deyil. Həm də heç bir ideologiyaya qulluq etmir. Deyir ki, sadəcə çexlərin böyük maraq göstərdiyi qalmaqallı və alternativ xəbərlər bazarında pul qazanır.
Həm də etiraf edir ki, AC24-də dərc olunan xəbərləri yoxlamır.
“Qulaq asın, bizim sayt ən dürüst və etibarlı sayt deyil”, – Qerşl deyir. “Biz sadəcə istəmirik ki, oxucularımız ancaq bir informasiya mənbəyindən asılı olsun. Onların müxtəlif mənbələrdən olan xəbərləri müqayisə etmək imkanı olmalıdır”.
Qerşl özünün media biznesinə 2011-ci ildə, çexlər başqa avropalılar kimi, Ərəb baharı inqilabları və “Occupy Wall Street” hərəkatına böyük maraq göstərəndə başlayıb.
O, özünün birinci saytını bu və bir neçə başqa hərəkatın müzakirəsi üçün açıb, hansılar ki, onun dediyinə görə, ənənəvi mediada kifayət qədər yaxşı işıqlandırılmayıb. AC24-ün əvvəlki versiyaları onun sözlərinə görə, “siyasi narkomanları” cəlb edir və o qədər də çox oxunma sayı gətirmirdi.
Onda Qerşl işə daha iki nəfər götürərək, uzun jurnalist mətnləri və esselər üçün platforma olan “Şüur” jurnalı buraxır. Nəşrin devizi “Həqiqətən azad olmaq istəyən insanlar üçün jurnal” olub, Qerşl deyir ki, məqsədi cəmiyyəti oyandırmaq idi.
Çex jurnalist, fəal, başqa nəşrlərdə fake xəbərlərin ifşa olunması ilə məşğul olan “Manipulatori.cz” saytının baş redaktoru Yan Tsemper AC24-ü yarandığı gündən izləyib. O, Qerşllə “Occupy”nin mitinqində rastlaşıb və keçmiş barmenin nəşrinin necə sürətlə dəyişdiyini diqqətlə izləyib.
“Əvvəlcə onlar mitinq iştirakçılarının tələbləri barədə informasiya dərc edirdilər”, – Tsemper deyir. “Onlar sistemi yaxşılaşdırmağa çalışan bütün tələbə hərəkatlarına səs hüququ veriblər”.
AC24-ün kontenti 2014-cü ildə Rusiya Ukraynaya soxulandan sonra dəyişməyə başlayıb. Saytdakı məqalələr münaqişəni Ukraynada artan faşizmin nəticəsi kimi göstərirdi – bu da Kreml məmurlarının ən vacib tezislərindən biridir.
Tsemper deyir ki, məqalələrin tonu Qərb institutları və dəyərlərə münasibətdə açıq düşmənçiliyə doğru dəyişdi. “Onlar Qərb demokratiyasının fundamental prinsiplərinə hücum etməyə başladı”, – fəal deyir. AC24 elə bir sayta çevrilib ki, burada NATO, Avropa İttifaqı və xarici maliyyələşməsi olan QHT barədə tənqid tapmaq daha asandır. Bundan başqa, AC24 Amerika və başqa bazarlar üçün səciyyəvi olan nəşr trendləri kimi işləyir. Hekayələr orada qısa olur və çox vaxt video ilə müşaiyət olunur.
Qerşl deyir ki, onun onlayn biznesi jurnaldan daha gəlirlidir. “Şüur”un son buraxılışı 2016-cı ilin may ayında dərc olunub.
“Bizim daha çox uzun mətnlərimiz olub, amma bunu daha heç kim oxumur. Mən pulu başqa şeyə sərmayə qoymaq istədim”, – Qerşl deyir. “İşgüzar dildə desək, əlavə dəyərdən daha çox”.
İndi AC24 saytında tipik hekayə nadir hallarda beş abzasdan böyük olur və Avropanın hər yerində sağ radikal siyasətçilərin kritik təhdid olaraq qəbul etdiyi – immiqrasiyadan tutmuş islam dəhşətlərinə qədər – mövzulara hiss olunan fokus var.
“ABŞ dağılır və heç kim buna fikir vermir” və ya “Bill Qeyts və qlobal elitalar öz uşaqlarına peyvənd vurmur. Və bunun öz səbəbləri var” kimi qışqıran başlıqlar saytda saysız-hesabsız reklam bannerləri arasında görünür.
Eyni zamanda Qerşl deyir ki, gəlirləri artır. 2015-ci ildə AC24 100 min çex kronu [təxminən $4 min] qazandı. 2017-ci ildə gəlir 11 dəfə, 1,1 milyon çex kronuna qədər artdı.
Qerşl onu fake xəbərləri yaymaqda ittiham edən Tsember kimi tənqidçilərlə razı deyil. O deyir ki, AC24 gəlir gətirdiyi müddətcə işləyəcək. “Biz sadəcə media sənayesində dəyişikliklərə uyğunlaşırıq”, – Qerşl deyir. “Nə qədər ki, insanlara bu cür informasiya lazımdır, biz onu onlara verəcəyik”.
Filip Brokeş müstəqil araşdırmaçı jurnalistdir. Əslən praqalı olan Filip bir sıra ciddi nəşrlərdə Mərkəzi və Şərqi Avropadakı postsovet ölkələrini işıqlandırır.