Prokurorluqda “özünüöldürmə həddinə çatdırma” maddəsilə cinayət işi qaldırılıb" />

Həbsxanada naməlum şəraitdə vəfat edən müxalif fəal ictimaiyyətdən gizlin dəfn edilib

Prokurorluqda “özünüöldürmə həddinə çatdırma” maddəsilə cinayət işi qaldırılıb

Kürdəxanı İstintaq Təcridxanasında saxlanıldığı kamerada meyiti tapılan 40 yaşlı müxalif fəal Mehman Qələndərov aprelin 30-da ictimaiyyətdən gizlin dəfn edilib. Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində yazıb. Qələndərovun ölümü ilə bağlı ilk həyəcanlı xəbəri də o vermişdi.

Mehman Qələndərovun həyatına Kürdəxanı təcridxanasında son qoyulub. Elə həmin təcridxananın yanında da onu gizlincə dəfn ediblər. Amma qoy bu ölümə səbəb olanlar və onu gizlincə dəfn edənlər düşünməsinlər ki, bu cinayəti ört-basdır edə biləcəklər. Qoy heç kim şübhə etməsin ki, cinayətin üstünün açılması və cəzalandırılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”, – Gülalıyev yazıb.

Hüquq müdafiəçisi dəfn baş tutandan sonra mərhumun məzarını tapa bilib.

Qələndərov fevralın 7-də qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq həbs edilmişdi.

Gülalıyev xatırladıb ki, Qəlındarov “Kral istəmirik!” “Gəlin hamımız Qiyas olaq!” şüarları altında bir neçə etiraz aksiyasının təşkilatçısı olub. “NİDA!” müxalif gənclər hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin heykəlinə etiraz şüarı yazandan sonra həbs olunmuşdular və hazırda onlar da narkotik saxlama ittihamı ilə cəza çəkir.

İlk gün Penitensiar Xidmət əməkdaşları sosial şəbəkələrdə Qələndərovun intiharı ilə bağlı gedən məlumatları təkzib etmişdi. Amma iki gün keçəndən sonra Sabunçu Rayon Prokurorluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsilə (özünüöldürmə həddinə çatdırma) cinayət işi qaldırdı.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hesab edir ki, blogerin ölümünə görə Azərbaycan hökuməti məsuliyyət daşıyır, – Turan informasiya agentliyinin məlumatında deyilir.

Facebook-da hakimiyyətin tənqidinə görə həbslər Azərbaycanda sistematik xarakter almağa başlayıb. Çox vaxt fərqli düşünənlər, blogerlər “narkotiklərin saxlanması və dövriyyəsində” günahlandırılır. Mehman Qələndərova qarşı da eyni ittiham irəli sürülüb”, – Sülh və Demokratiya İnstitutunun bəyanatında deyilir.

1 saylı Kürdəxanı təcridxanasının kamerasında 16 aydan çox saxlanmış bir adam kimi deyirəm ki, bu kameralarda kənar müdaxilə olmadan özünü asmaq mümkün deyil”, – Turan Yunusun sitatını verib.

Qələndərovun doğmaları blogerə “yas mərasimi düşmədiyini” deyərək, jurnalistlərlə ünsiyyətdən imtina edib və mətbuat nümayəndələrini onlardan əl çəkməyə çağırıblar, – Contact.az saytı yazır. Yerli fəallar mərhumun qohumlarına təzyiq olunduğunu istisna etmirlər.

Blogerin öz ailəsi olmayıb. Onun nəşi bacısının ailəsinə verilib.


More on JAMnews