Gürcüstanlı ekspertlər bu haqda nə deyir?" />

Gürcüstanın baş naziri Abxaziya və Cənubi Osetiya məsələləri ilə bağlı Kremlə məktub ünvanlayıb

Gürcüstanlı ekspertlər bu haqda nə deyir?

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili xüsusi bəyanatla Rusiya hakimiyyətinə müraciət edib.

Kvirikaşvili öz bəyanatında Kremli Arçil Tatunaşvilinin naməlum şəraitdə həlak olması ilə bağlı birgə tədbir görməyə çağırıb.

“Rusiya Federasiyası hakimiyyətinə müraciət edirəm ki, bugünkü və sabahkı nəsillər qarşısındakı məsuliyyət naminə yaranmış mürəkkəb vəziyyətin öhdəsindən gəlmək üçün birgə tədbirlər görək”, – bəyanatda deyilir.

Gürcüstanın baş naziri Arçil Tatunaşvilinin ölümündən iki həftə sonra bu bəyanatla çıxış edib. Gürcüstan vətəndaşı Arçil Tatunaşvili fevralın 23-də Sxinvali həbsxanasında naməlum şəraitdə vəfat edib. Cənubi Osetiyanın de-fakto hakimiyyəti bu günə qədər Tatunaşvilinin cənazəsini ailəsinə verməkdən imtina edir, bu da mərhumun ölümünə Cənubi Osetiya hakimiyyətinin bildirdiyi kimi ürək tutmasının yox, zorakılığın səbəb olduğuna dair Tbilisinin şübhəsini daha da artırır.

“Təəssüf ki, bu gün biz ağır reallıqla üz-üzəyik. Biz ikitərəfli ticari-iqtisadi münasibətləri bərpa etmişik, amma faciəvi olaylar zəncirini qırmaq mümkün olmayıb. Bu, Gürcüstan-Rusiya münasibətlərinin nizamlanması perspektivi üzərindən xətt çəkir. Sonuncu faciəvi nümunə iki həftə əvvəl bizim vətəndaşımız Arçil Tatunaşvilinin naməlum şəraitdə ölümü oldu. Onun cənazəsinin ailəsinə təhvil verilməsinə hələ də nail olunmayıb, hətta Katolikos-Patriarx İkinci İliyanın dəfələrlə müraciətinə və beynəlxalq ictimaiyyətin səylərinə rəğmən”, – baş nazirin bəyanatında vurğulanır.

Giorgi Kvirikaşvilinin bəyanatında Gürcüstan və Rusiyanın 2008-ci il müharibəsindən sonra gərginləşən münasibətləri yoluna qoya bilmələrinə dair arzu ifadə olunub. Onun sözlərinə görə, müharibənin 10 illiyini tərəflər qarşılıqlı ittihamlarla qarşılamasalar, “Münasibətlərin ovsunlanmış çevrədən çıxarılması üçün böyük olmasa da, ağıllı addımlar atsalar” daha yaxşı olar. Gürcüstanın baş naziri Kremlə çağırış edir.

RF hakimiyyətinə müraciətində Kvirikaşvili abxazlarla və osetinlərlə birbaşa danışıqlara hazır olduqlarını ifadə edir və bu məsələdə Rusiya tərəfindən də konstruktiv yanaşma gözləyir:

“Rusiya tərəfinin konstruktiv yanaşması nikbinliklə qəbul edilə bilər”, – bəyanatda bildirilir.

Baş nazirin sözlərinə görə, Gürcüstan tərəfi Cenevrə danışıqlarının real irəliləyişində maraqlıdır və o, şəxsən bu prosesə qoşulmağa hazırdır.

Giorgi Kvirikaşvilinin bəyanatının dəyərləndirilməsi

Əgər iqtidar partiyasının nümayəndələri baş nazirin müraciətini “reallığın diktəsi ilə vaxtında səsləndirilən işgüzar bəyanat” adlandırsalar da, müxalifət bunun təslimçilik ifadəsi olduğunu deyir.

“Təsllimçilik”, “öz acizliyinin etirafı”, “ardıcıl olmayan siyasətin nəticəsi” –  müxalifət arasında və ekspert çevrəsinin bir qismində məhz bu cür dəyərləndirmələr səslənir.

Respublikaçılar partiyasının nümayəndəsi Levan Berdzenişvili:

“Bu, Gürcüstan hakimiyyətinin öz acizliyini etiraf etməsinin bilavasitə sübutudur… Əgər Gürcüstan daha çox güzəştlərə getməyə hazırdırsa, o zaman Gürcüstanın baş naziri istefaya getmək, kürsünü baş nazir vəzifəsinin öhdəsindən daha yaxşı gələcək biri üçün azad etmək haqda düşünməlidir. Gürcüstanın Rusiya ilə münasibətdə güzəştə gedəsi bir şeyi yoxdur. Rusiya təcavüzkardır və ümumiyyətlə hansı danışıqlardan söhbət gedə bilər? Nə haqda razılığa gəlməlidirlər?!… Baş nazir intihar etdi. Öldürülən oğlanın meyitini vermirlər, çünki rusların özlərinin çəkinən yeri var, onlar bizə gülürlər… Mən ümumiyyətlə təsəvvür eləmirəm, hansı təkliflərdən söhbət gedə bilər?! Mənim zənnimcə, baş nazirin istefası məsələsini təcili gündəmə salmaq lazımdır”.

Giorgi Baramidze, “Milli hərəkat”:

“Bu bəyanat Gürcüstan hakimiyyətinin alçaldıcı vəziyyətini nümayiş etdirir və bu, naxoş emosiyalar doğurur. Baş nazirin Gürcüstanın öz maraqlarını müdafiə etmək üçün hansı addımları atmalı olduğu nəzərdə tutduğu aydın deyil. Düşünürəm ki, baş nazirin beynəlxalq aləmə müraciət edərək, Rusiyaya beynəlxalq öhdəliklərin mövcud olduğunu xatırlatmaq daha məqsədəuyğun olardı. Bəyanatda ifadə olunan minnətçi, alçaldıcı, taleyilə barışmış ton Rusiya üçün keçərli deyil. Boş yerə deyilməyib ki, Moskva göz yaşlarına inanmır”.

Qiqa Bokeriya, “Avropa Gürcüstanı”:

“Bu müraciət heç bir ciddi nəticə verməyəcək. Əgər Putin belə müraciətlərə reaksiya versəydi, Rusiyanın siyasəti çoxdan dəyişərdi. İvanişvili hökuməti qısa müddətdə Rusiya ilə münasibətləri nizamlayacaqlarına dair boş vədlərlə hakimiyyətə gəldi. Amma aydın oldu ki, bunlar yalan vədlərdir və onların irəli sürdüyü siyasət Gürcüstanın maraqlarına ciddi zərbə vurdu – söhbət Gürcüstan məsələsinin yüksək ranqın gündəmindən çıxarılmasından gedir. Abxaziya ilə inzibati sərhəddə Otxozoriyanın amansızca qətlinə daha kəskin reaksiya vermək lazım idi. İndi də hakimiyyətin baş verən hadisəyə reaksiyası ardıcıl deyil. Atalar sözündə deyildiyi kimi, canavarı İncil oxutmaqla tərbiyələndirmək olmaz, eləcə də Rusiya siyasətinə bu cür müraciətlə təsir etmək mümkün deyil”.

Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə biləcək və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır


More on JAMnews