Yeni pensiya sistemi həm Gürcüstan vətəndaşlarına, həm də ölkədə daimi yaşayan əcnəbilərə aid ediləcək" />

Gürcüstanda yığım pensiya sistemi işə düşəcək

Yeni pensiya sistemi həm Gürcüstan vətəndaşlarına, həm də ölkədə daimi yaşayan əcnəbilərə aid ediləcək

2018-ci ilin yayında Gürcüstanda əməkhaqqının bir hissəsinin pensiya üçün yığılmasını nəzərdə tutan yeni  pensiya sistemi tətbiq olunacaq.

İlin sonunda artıq parlamentin müzakirəsinə veriləcək “Yığım pensiyası haqda” qanun layihəsi Gürcüstanın İqtisadiyyat və Maliyyə Nazirliyi ilə Milli Bankın müştərək işidir.

Qanun qüvvəyə minəndən sonra Gürcüstanın hər bir daimi sakini üçün pensiya hesabı açılacaq və hər ay oraya pul köçürüləcək.

Məbləğ bu cür hesablanır: işçinin özü təsbit edilmiş aylıq əməkhaqqının 2 faizini, onun işverəni əlavə 2 faiz, dövlət də daha 2 faiz pensiya hesabına köçürəcək.

Yeni pensiya sistemi həm Gürcüstan vətəndaşlarına, həm də ölkədə daimi yaşayan iş yeri ilə təmin olunmuş və ya öz işini qurmuş və gəlir əldə edən qeyri-vətəndaşlara aid ediləcək.

Hələ 40 yaşını haqlamamış şəxslərin islahata daxil edilməsi məcburi olacaq. 40 yaşından yuxarı şəxslər üçün isə islahatda iştirak könüllü xarakter daşıyacaq.

Yeni pensiya sisteminə şəxsi işlə məşğul olan insanlar da qoşulacaq, amma onlar aylıq gəlirlərinin 4 faizi qədərində ödəmə etməli olacaqlar, çünki qanun layihəsinin müəlliflərinin sözlərinə görə, bu vəziyyətdə şəxsi iş sahibi həm işçi, həm iş verən sayılır. Bu 4 faizdən başqa şəxsi iş sahibinin pensiya hesabına dövlət də ayda 2 faiz əlavə edəcək.

Yeni pensiya sistemi hazırda ayda 180 lari (70 dollara yaxın) təşkil edən köhnə təsbit edilmiş pensiyanın ləğvi demək deyil. Bu, bir növ əsas pensiya məbləğinin üzərinə əlavə olacaq.

Pensiya yığan şəxs öldüyü təqdirdə onun maliyyə əmanəti birbaşa varislərinə ötürüləcək.

Yeni sistem insanlara pensiyaya çıxmaq zamanını ertələmək və əmanətlərini yığmağa davam etmək imkanı verir. Amma şəxs pensiya yaşına çatandan sonra dövlət və işverən onun hesabına 2 faizlik ödəməni dayandırır. Bu şəxs yalnız öz ödəmələri ilə əmanətinin həcmini artıra bilər.

Yeni pensiya sistemi tərkibinə qəyyumluq və investisiya şuralarının daxil olduğu pensiya agentliyinin yaradılmasını nəzərdə tutur. İlk üç il ərzində pensiya agentliyi dövlət tərəfindən maliyyələşdiriləcək, daha sonra isə deyilənə görə, vətəndaşların ödəmələri hesabına mövcud ola biləcək.

Qanun layihəsini hazırlayanlar yeni sistemin tətbiqindən sonra ilk büdcə ilində daxilolmaların ümumi həcminin 4000 milyon lariyə (15,3 milyon dollardan çox) çatacağına ümid edirlər.


More on JAMnews