Müxalifət və fəallar yeni etiraz aksiyalarına çağırırlar" />

Gürcüstanda siyasi böhran. Parlament etirazçılara verdiyi vədi pozaraq, proporsional sistemə keçidi təmin edə bilməyib

Müxalifət və fəallar yeni etiraz aksiyalarına çağırırlar

Gürcüstan parlamentinə təqdim edilmiş proporsional seçki sisteminə keçidə aid konstitusiyaya düzəlişlər layihəsi birinci oxunuşdan keçməyib. Beləliklə də, hakimiyyətin 2019-cu ilin iyununda etiraz aksiyalarının iştirakçılarına verdiyi vəd pozulub.

Bu qərara etiraz əlaməti olaraq deputatların bir hissəsi, o cümlədən bir neçə parlament komitəsinin sədrləri parlament çoxluğunu tərk ediblər.

Müxalifət küçə etirazlarına hazırlaşır və tərəfdarlarını tam səfərbərliyə çağırır. Siyasətçilər əmindirlər ki, bütün bu proseslərin arxasında qeyri-rəsmi lider Bidzina İvanişvili durur.

• Gürcüstanda siyasi böhran. Oliqarxa daxildən və xaricdən zərbələr

____________________

Plenar iclasda 141 deputat qeydiyyatdan keçib.

101 deputat, o cümlədən müxalifəti təmsil edənlər, proporsional seçki sisteminə keçidi dəstəkləyiblər. Üç deputat bunun əleyhinə səs verib. Lakin qərarın qəbul edilməsi üçün 113 səs tələb olunurdu, müvafiq olaraq, layihə rədd edilib.

Qanun layihəsinin səsvermədən keçməməsi zalda səs-küyə və həyəcana səbəb olub.

Proporsional sistemə keçid 2019-cu ilin iyununda Tbilisinin mərkəzində baş tutmuş etirazların iştirakçılarının əsas tələblərindən biri idi. O zaman qeyri-rəsmi lider və hakim “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvili bu tələbi yerinə yetirməyi vəd etmişdi.

İki ay əvvəl “Gürcü arzusu” proporsional sistemə keçid haqqında konstitusiyaya düzəlişlər zərfinin layihəsini qeydiyyatdan keçirmişdi. Sənədi əksəriyyəti təmsil edən 93 deputat imzalamışdı.

Lakin debatlar başlayandan sonra məlum oldu ki, deputatların bir qismi “fikrini dəyişib” və dəyişiklikləri “ölkə üçün təhlükəli” hesab edirlər, buna görə də, düzəlişləri dəstəkləməyəcəklər.

Fəqət Gürcüstanda az kimsə inanır ki, bu vaxta qədər kifayət qədər passiv olan “Gürcü arzusu” deputatları (o cümlədən Bidzina İvanişvilinin biznesinə yaxınlığı ilə seçilənlər) konstitusiya düzəlişi kimi prinsipial məsələdə öz liderlərinə qarşı çıxmağa cəsarət ediblər.

Müxalifət və ictimai fəallar parlamentin önünə toplaşırlar və hamını küçəyə çıxmağa səsləyirlər.

“Tam səfərbərlik elan olunub, parlamentin önünə gəlin”, – iyun etirazlarının təşkilatçılarından biri Şota Diqmelaşvili bildirib.

Deputatlar parlament çoxluğunu tərk edirlər

Hakim partiyanı təmsil edən yeddi deputat – vitse-spiker Tamar Çuqoşvili, İrina Pruidze, Georgi Mosiaşvili, Dmitri Tskitişvili, Tamar Xulordava və Sofio Katsarava “Gürcü arzusu”nu və parlamentdəki vəzifələrini tərk etmək qərarına gəliblər.

«Bu düzəlişlər bizim üçün çox vacib idi. Bu konstitusiya düzəlişlərinin səs toplamamasına səbəbin nə olmasından asılı olmayaraq. Bizim parlament vəzifələrimizdən və çoxluqdan getməkdən başqa seçimimiz yoxdur, çünki bu düzəlişin keçməməsi çox ağır məsələdir və buna görə biz məsuliyyəti üzərimizə götürə bilmərik», — Tamar Çuqoşvili deyib.

Bir neçə ay bundan əvvəl “Gürcü arzusu”nu tərk etmiş deputat Zviad Kvaçantiradze bu prosesi “siyasi intriqa” adlandırıb. Keçmişdə çoxluğun üzvü olmuş Eka Beseliya isə hadisələri “taleyüklü səhv” kimi dəyərləndirib.

Müxalifətdə olan Avropa Gürcüstanı partiyasının lideri David Bakradze bildirib ki, müxalifət hakim partiyanın bu addımına necə cavab verəcəyini müzakirə edəcək:

«Biz ən pis siyasi böhrana daxil olmuşuq. Təəssüf ki. biz hamımız, bütün Gürcüstan buna görə böyük qiymət ödəyəcəyik. Lakin bu ödənişi həmin böhranı yaradanlar – “Gürcü arzusu”, onun siyasi rəhbərliyi və şəxsən Bidzina İvanişvili etməlidirlər. Odur ki, yaxın günlərdə biz addımlarımızı müzakirə edəcəyik. Mən seçkilərin boykotundan başlamış heç nəyi istisna etməyəcəyəm. Bizim addımlarımız sərt olacaq. Öz hərəkətləri ilə “Gürcü arzusu” bizə alternativ qoymayıb».

Tbilisidə etirazlar və İvanişvilinin vədi

Tbilisidə kütləvi etiraz aksiyaları iyunun 20-də spontan olaraq başlamışdı. Buna səbəb Gürcüstan parlamentinin binasında Parlamentlərarası pravoslav assambleyanın iclasında ölkənin qanunverici orqanının spikerinin kreslosuna Rusiya Dövlət dumasının deputatı Sergey Qavrilovun əyləşməsi olmuşdu.

Nümayiş polislə toqquşmaya gətirib çıxarıb ki, bunun nəticəsində 200-dən çox adam yaralanmış, bir neçə nümayişçi gözünü itirmişdi.

Baş verənlər üzündən Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze istefa vermişdi.

Aksiyalar Gürcüstanşn mərkəzində iyunun 20-dən sonra da davam etmişdi. Hakim partiyanın sədri Bidzina İvanişvili proporsional sistemə keçidi elan etmiş və bununla da etirazçıların tələblərindən birini təmin etmişdi. Lakin digər tələbi – daxili işlər naziri Giorgi Qaxariyanın istefası tələbini hakimiyyət yerinə yetirmədi. Sentyabrda Qaxariya parlament tərəfindən baş nazir vəzifəsinə təyin olundu.

Etiraz aksiyalarının təşkilatçıları və iştirakçıları bildirirlər ki, parlamentdə söz verilmiş seçki sisteminin dəyişdirilməsi haqqında düzəlişlərə səs vermədikdən sonra hakimiyyət və şəxsən İvanişvili ikiüzlücəsinə xalqa verdikləri vədi pozublar.

Təşkilatçlar Tbilisi vaxtı ilə saat 19:00-da yeni etiraz aksiyasının başlanmasını elan ediblər.


More on JAMnews