“Öz ailəm məndən yan gəzirdi, mənim üçün boşqab və fincan ayırmışdılar”, - Zazanın 32 yaşı var, HİV-ə yoluxduğu 7 il əvvəl məlum olub " />

Gürcüstanda HİV-ə yoluxmuş insanlar necə yaşayır

“Öz ailəm məndən yan gəzirdi, mənim üçün boşqab və fincan ayırmışdılar”, - Zazanın 32 yaşı var, HİV-ə yoluxduğu 7 il əvvəl məlum olub

Bu gün bütün dünyada HİV-lə mübarizə gününü qeyd edirlər. Gürcüstanda birinci HİV/QİÇS-ə yoluxma halı 1989-cu ildə qeydə alınıb. O vaxtdan bu günə çox şey dəyişib. Yeni yaranan müalicə metodları və dərmanların köməyi ilə  HİV xroniki, idarə edilə bilən xəstəliyə çevrilib.  Bununla belə, Gürcüstanda cəmiyyətin HİV-ə yoluxmuş insana münasibətində az şey dəyişib. Onlar üçün stiqma və diskriminasiya hələ də keçilməz problem olaraq qalır.  

HİV hələ də ölümlə assosiasiya olunur, çoxları hələ də infeksiyanın necə ötürüldüyünü bilmir və yoluxanlarla əlaqədən qaçırlar.

JAMnews illərlə HİV diaqnozu ilə yaşayan, həm də onlarla bilavasitə əlaqədə olan insanlarla söhbət edib.

Tamuna, 34 yaş:

Bu gün başqa yoluxanlara yardım edən Tamuna özü  9 il əvvəl həbsxanada yoluxub. Bu günə qədər də yoluxma səbəblərini bilmir, ya kor bağırsağına olunan əməliyyat, ya da stomatoloqun qəbulunda yoluxduğundan şübhələnir. O vaxtdan onun həyatı dəyişib.  

Tamuna danışır: “Mən açıq şəkildə HİV-ə yoluxduğumu deyən gündən qadın koloniyasının 1800 məhbusundan mənimlə tək-tük adamlar ünsiyyət qurdu. Mən yaxın dostlarımın necə uzaqlaşdığını, onlar üçün necə yadlaşdığımı görürdüm. Adamların mənimlə münasibətdən qaçdığını görürdüm, buna görə də özümü artıq hiss edirdim”.

Deyir ki, diaqnozunu yaxınları belə çətinliklə qəbul etdi: “Axı bilirsiz, Gürcüstanda belə bir stereotip var ki, QİÇS-ə yoluxan adam ya narkoman, ya da seks biznes işçisidir”.

Tamuna tək məhbuslar tərəfindən deyil, həkimlər tərəfindən də diskriminasiya ilə qarşılaşdığını deyir. Azadlığa çıxandan sonra özünə iş tapa bilmirdi – deyir ki, öz sağlamlığı ilə bağlı heç nəyi gizlətmədiyinə görə bütün qapılar üzünə bağlanırdı.

Çətinliklərin öhdəsindən gəlməyə Tamunaya art-terapiya kömək edir. “Şəkil çəkirəm, tikiş tikirəm, dekorativ yastıqlar düzəldirəm və bu mənə çox kömək edir. Müalicə alıram, dərmanlar qəbul edirəm və bilirəm ki, onları ömrümün sonunadək qəbul etməliyəm. İndi mənim qanımda virus yoxdur, hamı kimi yaşayıram. Sadəcə öz sağlamlığımı həmişə nəzarət altında saxlayıram və tez-tez analizlər verirəm”.

Tamuna deyir: “Mən öz statusumu gizlətmirəm.Hamı üçün nümunə olmaq istəyirəm və HİV-ə yoluxmuş bütün qadınlara demək istəyirəm ki, onlar sağlam uşaq dünyaya gətirə bilər və öz xoşbəxtliklərindən imtina etməməlidirlər. Mənim üç uşağım var və onların ikisini yoluxduqdan sonra dünyaya gətirmişəm. Hər iki uşaq da sağlamdır. Mən HİV-ə yoluxmuşam, amma cəmiyyət üçün təhlükəli deyiləm”.

  

Art-terapiya Tamunaya və başqa yoluxmuş insanlara daimi stressin öhdəsindən gəlməyə kömək edir, foto Nino Memanişvili, JAMnews

Tariel 39 yaş:

Yoluxduğumu 2015-ci ilin sonlarında bilmişəm. Ondan əvvəl bir necə ay xəstə oldum, yeni ilə bir gün qalmış isə HİV analizinin nəticələrini aldım. Nə hiss etdiyimi təsəvvür etmək çətindir. Çox qorxdum, hətta ağladım da. Cəhənnəmi görüb gəldim. Diaqnozla barışmağım üçün iki ay vaxt lazım oldu. Yanımda məsləhət və ya məlumat verəcək heç kim yoxuydu. Axırda internetdə HİV-ə yoluxanların yığışdığı rusdilli qrup tapdım. Onlar öz təcrübələrini bölüşdülər, məsləhətlər verdilər, məni sakitləşdirdilər. İndi mən müalicə alıram, dərmanları ömrümün sonunadək qəbul etməliyəm. Əlbəttə həyat tərzini dəyişməyə məcbur oldum. Yaxşı tamadaydım və içkini sevirdim. İndi içmirəm. Başqa özümü heç nədə məhdudlaşdırmıram, başqaları kimi yaşayıram. Yoluxduğumu gizlətmirəm. Bilməyən yeganə adam anamdır. O xəstədir, narahat olmağını istəmirəm. İndi hamıya deyirəm ki, sağlamlıqlarının qeydinə qalsınlar. Mən qorunmadan cinsi əlaqədə olarkən yoluxmuşam və istəyirəm ki, başqaları üçün mənim bu səhvin dərs olsun. İndi HİV-ə yoluxan və şokdan çıxa bilməyənlərə səslənirəm, qorxmayın, HİV ölüm hökmü deyil!    

Zaza, 32 yaş:

Məndə HİV-i yeddi il əvvəl aşkarlayıblar. Necə yoluxduğumu bilmirəm –  qorunmadan cinsi əlaqədə olmağımdan başqa, həm də stomatoloq xidmətlərindən istifadə etmişəm. Mən hətta ailə üzvlərim tərəfindən də diskriminasiya qurbanı oldum: onlar mənimlə fiziki kontaktdan qaçır, mənə ayrıca fincan və boşqab ayırdılar. Mən uzun müddət onları inandıra bilmədim ki, öpüşməklə və ya qucaqlaşma ilə HİV-ə yoluxmursan. Sevgilim varıydı, mən öz diaqnozum barədə ona danışmağı lazım bildim. Bundan sonra o, mənimlə əlaqəni kəsdi. Müalicə alıram, özümü yaxşı hiss edirəm, amma öz diaqnozum barədə açıq danışmıram. Hələ ki cəmiyyətin bunu qəbul etmə səviyyəsi bu qədər aşağıdır, yəqin ki, deməyəcəm də.

İnfeksionist Maya Butsaşvili

O, Gürcüstanda HİV-ə yoluxmuş insanları müalicə edən ilk həkimlərdən biridir. Maya deyir ki, HİV-ə yoluxanlar indiyə qədər də diskriminasiyadan əziyyət çəkir.

“1996-cı ildə HİV-ə yoluxan adamın öldüyünü xatırlayıram, onun yasına heç kim gəlmədi. Xəstənin evinin yandırıldığı hal da olub. Həkimlər onları müalicə etməkdən imtina edirdi. 15 il əvvəl Tbilisidə HİV-ə yoluxan qadınları qəbul edən bircə nəfər ginekoloq varıydı. Deyə bilmərəm ki, HİV-ə yoluxan adamlara qarşı münasibət çox dəyişib. Demək olmaz ki, onlar təqib olunur və ya sıxışdırılır, buna baxmayaraq, cəmiyyət HİV-ə yoluxanlara qarşı tolerant deyil”.

Statistika: 2018-ci ildə 606 yeni yoluxma halı

Hər gün servis mərkəzləri çox sayda HİV-ə yoluxan qəbul edir. Foto: Nino Memanişvili, JAMnews

Gürcüstanda HİV-ə yoluxanların təqribi sayı 7 mindir. Dünya statistikasına görə, Gürcüstan HİV/QİÇS-in aşağı yayılma səviyyəsi olan ölkələrə aid edilir və onların arasında axırıncı yeri tutur.  Amma 7 min belə balaca bir ölkə üçün yenə də böyük rəqəmdir.

Son statistika belədir:

Gürcüstanda 27 noyabr 2018-ci il tarixinə olan məlumata görə, İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Mərkəzində 7368 HİV-ə yoluxma hadisəsi qeydə alınıb. Onlardan 5517-ü kişi, 1851 nəfəri qadındır. Pasientlərin əksəriyyəti 20-40 yaş arasındadır.

1989-cu ildən indiyədək Gürcüstanda QİÇS-ə 3816 nəfər yoluxub, onlardan 1500-ü vəfat edib. 2018-ci ildə 606 yeni hadisə qeydə alınıb. 4524 nəfər antiretrovirus müalicəsi alır (onlardan 526 nəfəri Abxaziyadandır).  

QİÇS mərkəzinin məlumatına görə, yoluxanların 40.1 faizi inyeksion narkotik istifadəçisi, 46.2%-i heteroseksual əlaqə, 11 faizə yaxını homo və biseksual əlaqə, 1,5 faizə yaxın “vertikal üsulla”, başqa sözlə anadan hamiləlik dövründə yoluxublar. Gürcüstanda HİV-ə yoluxmuş 103 uşaq var. Qan köçürülməsi nəticəsində 0,5% HİV-ə yoluxmuş var.   

HİV nə deməkdir?

“НЕРА +” servis mərkəzində HİV-in qan analizi, foto: Nino Memanaşvili, JAMnews

Adamların əksəriyyəti bu günə qədər insanda immun çatışmazlığı virusunu (HİV infeksiyasıni) ölümlə, yoluxanları isə narkotik istifadəçisi, homoseksuallar və fahişələrlə assosiasiya edir.  İnsanlar hələ də inana bilmir ki, bu xəstəliyə başqa kateqoriyadan olan insanlar da yoluxa bilər. Çoxları hələ də HİV-in hansı yollarla keçdiyini bilmir və virus daşıyıcılarıyla adi ünsiyyətdən belə qaçırlar.

İnsanın immun çatışmazlığı virusu keçən əsrin sonlarında aşkarlanıb. Onun epidemiyası 1981-ci ildə ABŞ-da başlayıb, sonradan bütün dünyaya yayılıb. ABŞ-a virusun Afrikadan gəldiyi güman edilir.

Yoluxma nəticəsində bədənin immuniteti zəifləyir. Bir neçə il ərzində proses hiss olunmadan gedir və QİÇS-ə  – qazanılmış immun çatışmazlığı sindromuna çevrilir. İnsanın HİV-ə yoluxması onda QİÇS olması anlamına gəlmir. İnfeksiyaya yoluxmuş müalicə almadığı halda QİÇS xəstəliyinə tutulur – immuniteti o dərəcədə zəifləyir ki, heç bir xəstəliklə mübarizə apara bilmir.

Bu gün HİV artıq ölüm hökmü demək deyil. Hələlik virusdan tam qurtulmağın yolu yoxdur, amma onun çoxalmasının və immunitetin zəifləməsinin qarşısını almaq tam mümkündür.

Müasir müalicə metodları sayəsində HİV xroniki xəstəliyə çevrilib. Virus bədəndə qalır, amma ona zərər yetirmir. Müalicə nəticəsində pasientlər hamının yaşadığı həyatı yaşayırlar.

Virus nə qədər tez tapılsa, müalicə də bir o qədər effektiv olar. Yoluxanlar gündə bir və ya iki həb qəbul edir, preparatların əks təsiri demək olar ki, yoxdur. Əsası da odur ki, müalicə olunan adam artıq virusu yaymır.

Hamiləliyin ilkin mərhələsində xəstəliyin aşkarlanması çox vacibdir: yoluxmuş ana hamiləliyin birinci üç ayında lazımi preparatlar qəbul etsə, uşaq yoluxmayacaq.

Müasir müalicə həm də ona görə əhəmiyyətlidir ki,  insan immun çatışmazlığı virusu yayılmasının prevensiyasına imkan yaradır — nəticədə orqanizmdə virusun olması minimuma enir və pasient infeksiyanın yayılma mənbəyi olmur.

Gürcüstanda HİV/QİÇS-in diaqnostikası və müalicəsi pulsuzdur. Proqram Gürcüstan hökuməti və Qlobal Fond tərəfindən birgə maliyyələşir.

Fond həm də zərərin aşağı salınması proqramlarını maliyyələşdirir.  “Riskin aşağı salınması şəbəkəsi”  çərçivəsində Gürcüstanın 11 şəhərində inyeksyon narkotik istifadəçilərinə müxtəlif xidmətlər – birdəfəlik şprislər, müxtəlif tibbi yardım təklif edən 14 mərkəz fəaliyyət göstərir. Mərkəzlərdən biri “HEPA+”dur. Onun rəhbəri, professor Manana Soloqaşvili mərkəzə gələn HİV-ə yoluxan adamların öz diaqnozu ilə bağlı qarşılaşdığı problemlərdən danışır.

HİV/QİÇS-ə yoluxmağın üç yolu:

  1.  Qorunmadan sekslə məşğul olmaq;
  2. Qan vasitəsi ilə (steril olmayan tibbi alətlər, şprislər, yoluxmuş qanın köçürülməsi );
  3. Vertikal – anadan uşağa;

HİV/QİÇS hava-damcı, əl sıxma, qucaqlaşma, öpüş, ümumi hamam-tualet istifadəsi və təhlükəsiz seks yolu ilə keçmir.

Gürcüstanda üzə çıxan son tendensiyalar

  1. Son araşdırmalar HİV-in inyeksyon narkotiklərin qəbulundan artmadığını göstərir. “Zərərin azaldılması şəbəkəsi”nin meneceri Maka Qoqiyanın sözlərinə görə, bu, pulsuz şprislərin paylanmasının nəticəsidir.   
  2. HİV-in heteroseksual münasibətlər yolu ilə kişidən qadına keçməsi halları artıb.
  3. Kişilərlə seksual münasibətləri olan kişilər kimi əlçatan olmayan qrupda yoluxanların sayı artıb.

Əsas çağırışlar

“HEPA+” mərkəzindən qanın HİV analizi foto: Nino Memanişvili, JAMnews

  1. Gec diaqnostika. “Açıq cəmiyyət-Gürcüstan” Səhiyyə fondu  proqramının koordinatoru Mari Çoxeli deyir ki, “analar vaxtında müayinədən keçsəydi, 103 uşaq HİV-lə doğulmazdı”.
  2. Əhalinin məlumatsızlığı bir tərəfdən virusun çoxalmasına, digər tərəfdən də yoluxanlara damğa qoyulmasına və diskriminasiyasına səbəb olur.
  3. Gürcüstanda QİÇS, vərəm və malyariyanın müalicəsini maliyyələşdirən Qlobal fond mərhələli olaraq (2020-ci ilə qədər) ölkədə işini yekunlaşdırır. Bu proqramların maliyyələşdirilməsini dövlət tam olaraq öz üzərinə götürməlidir. Hazırda dövlət dərmanların alışını qismən öz üzərinə götürür, amma zərərin azaldılması proqramlarını da maliyyələşdirib-maliyyələşdirməyəcəyi hələlik məlum deyil.
  4. Gürcüstanın narkotik istifadəçilərinin cinayət təqibini nəzərdə tutan narkosiyasəti. Mütəxəssislər dövlətin ziyanın aşağı salınması proqramının maliyyələşdirməsinin çətin olacağını deyir, belə ki, benefesiarlar dövlətə inanmır. “Hazırda Qlobal fond şprisləri anonim paylayır, amma hökumət anonim istifadəçilərə pul xərcləyəcəkmi? Proqram anonim olmadıqda da narkotik aludəçiləri şpris dalınca gəlməyəcək”, – Maka Qoqiya deyir.

More on JAMnews