Nüfuzlu QHT ictimai tədqiqatının nəticələrini elan edib" />

Gürcüstanda əhali kilsəyə parlament, prezident və baş nazirdən daha çox etibar edir

Nüfuzlu QHT ictimai tədqiqatının nəticələrini elan edib

Gürcüstan vətəndaşları kimə etibar edir, korrupsiya, narko-siyasət və Əfqan Muxtarlı işinə münasibəti necədir? JAMnews “Beynəlxalq şəffaflıq – Gürcüstan” təşkilatının sifarişi ilə keçirilmiş sorğunun nəticələrinin xülasəsini təqdim edir.

_____________________

Korrupsiya – var, ya yox?

Rəyi soruşulanların 99 faizi qeyd edir ki, son 12 ay ərzinadə nə özləri, nə də ailə üzvləri rüşvət vermək məcburiyyətində qalmayıblar. Amma bununla belə 36 faiz sorğu edilən əmindir ki, məmurlar və dövlət qulluqçuları öz bizneslərini irəli aparmaq üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər.

Xalq kimə etibar edir?

Əhali arasında ən az inam parlamentə -17 faiz və məhkəmələrədir- 20 faiz. Autsayderlər arasında üçüncü yeri KİV tutur. Bununla belə rəyi soruşulanların 60 faizinin mass-mediaya münasibəti birmənalı deyil. Bir hissəsi ona etibar edir, bir hissəsi yox.  Rəyi soruşulanların qənaətincə ən nüfuzlu institut Gürcüstan pravoslav kilsəsidir. Əhalinin 76 faizi kilsəyə etibar edir. Etibar olunanların ilk üçlüyünə isə 65 faiz səslə pedaqoqlar və 50 faiz səslə həkimlər daxildir. Respondentlərin 36 faizi polisə, 32 faizi isə yerli hakimiyyət orqanlarına etibar edir.

Konsitutsiyaya görə məhdud səlahiyyətləri olan Gürcüstan prezidentinə isə daha çox adam etibar edir (41 faiz). Baş nazirə isə 27 faiz. (Yeri gəlmişkən, sorğu mart ayında keçirilib və prezidentin ailə zorakılığına görə məhkum edilən şəxsi əfv etməsi ilə bağlı qalmaqal sorğu nəticələrinə təsir etməyib. Həmin şəxs əfv olunandan az sonra ögey qızını öldürdüyü üçün yenidən həbs olunub). Sorğuda həmçinin Gürcüstanın qeyri-formal hakimi Bidzina İvanişvilinin bir neçə gün əvvəl siyasi kulisləri tərk edərək hakim partiyanın rəhbərliyinə gəlməsi barədə suallar yer almayıb.

Dövlət institutları siyasiləşib. Onları hakim partiya idarə edir

Əhalinin böyük əksəriyyəti hesab edir ki, dövlət institutları hakim partiyanın sifarişlərini yerinə yetirir,  onların maraqlarına qulluq edir.

Sorğu edilənlərin 58 faizi hesab edir ki, məhkəmə sistemi “özəlləşdirilib”.  Respondenlər əmindirlər ki, hakim “Gürcü arzusu” partiyası prokurorluğa (57 faiz), DİN-ə (55 faiz), Təhlükəsizlik xidmətinə (55 faiz) nəzarət edir.

Narkotik istifadəçiləri həbsdə yatmalıdılarmı?

Sorğunun nəticələri göstərir ki, hələ də Gürcüstanda polisin vətəndaşların cibinə narkotik atması hallarına rast gəlinir. Respondentlərin böyük hissəsi (45 faiz) hesab edir ki, polis bu metoddan vətəndaşları saxlamaq üçün istifadə edir. Rəyi soruşulanların 36 faizi isə belə polis reydlərinin keçirilməsində,  küçədən keçənlərin üst-başının, maşınların yoxlanılmasında, bəzən isə narkotestlərdən keçmək üçün müşaiyət olunmasında heç bir problem görmür.

Sorğu edilənlərin 72 faizi hesab edir ki, marixuanadan istifadə etməyə görə, cəza verilməsi düzgün deyil. Rəyi soruşulanların 56 faizi də əmindir ki, MDMA, ekstazi kimi narkotiklərin qəbuluna görə, həbs cəzası vermək olmaz. Amma 36 faiz rəyçinin fikrincə narkotik qəbul edənlərin yeri türmədir.

Damardaxili narkotiklərdən (morfi, heroin və s.) istifadə edənlərlə bağlı isə fikirlər təzadlıdır. 53 faiz rəyi soruşulan onların həbsdə yatmağının tərəfdarıdır, 46 faiz isə başqa fikirdədir.

Əfqan Muxtarlının başına nə iş gəlib?

“Beynəlxalq şəffaflıq – Gürcüstan” təşkilatının sorğusunda suallardan biri ötən il Tbilisinin mərkəzində yoxa çıxan, daha sonra isə bir sıra ittihamlarla Azərbaycanda həbsdə olduğu aşkarlanan azərbaycanlı jurnalist Əfqan muxtarlının taleyi ilə bağlı olub.

Sorğu edilənlərin 36 faizi jurnalistin yox olması və “qəflətən” Azərbaycanda türmədə peyda olması ilə bağlı öz baxışını açıqlaya bilməyib. 18 faiz hesab edir ki, Muxtarlı Gürcüstan xüsusi xidmət orqanları tərəfindən oğurlanıb və Azərbaycan tərəfinə təhvil verilib. 15 faiz ehtimal edir ki, bunu Azərbaycan xüsusi xidmət orqanları gürcüstanlı həmkarlarının köməyi ilə edib. Azərbaycan tərəfinin Muxtarlının Gürcüstan-Azərbaycan sərhədini özü qanunsuz olaraq keçdiyinə dair rəsmi açıqlamasına respondentlərin yalnız 6 faizi inanır.

“Beynəlxalq şəffaflıq – Gürcüstan” qeyri-hökumət təşkilatının sifarişi ilə sorğunu Resursların Tədqiqi üzrə Qafqaz Mərkəzi 2018-ci il 3-28 mart arasında həyata keçirib. Sorğuda bütün Gürcüstan üzrə 1843 respondent iştirak edib. Sorğunun orta yanılma həddi 2,8 faizdir.


More on JAMnews