İkinci İliya hesab edir ki, mövcud sərt narkosiyasəti dəyişmək lazımdır " />

Gürcüstan patriarxı Milad bayramı müraciətində narkosiyasət haqqında danışıb

İkinci İliya hesab edir ki, mövcud sərt narkosiyasəti dəyişmək lazımdır

Patriarx İkinci İliya Müqəddəs Üçlük məbədində Milad Bayramı ayinində. Tbilisi 07.01.2018 REUTERS/David Mdzinarişvili

Öz Milad Bayramı müraciətində Gürcüstan Patriarxı İkinci İliya müxtəlif mövzulara toxunub. Onlardan biri də narkosiyasətdir.

Müraciətin son hissəsində belə deyilir:

“Elə bir narkosiyasət işləyib hazırlamaq lazımdır ki, bu problemə mənfi münasibət yaratsın və gəncləri qorusun. Reabilitasiya mərkəzləri tikilməli,  həm də hələ məktəbəqədər yaşdan uşaqların sayıqlığını artırmaq və başqa tədbirlər görmək lazımdır. Ölkə qarşısında demoqrafik fəlakətin dayandığı bir vaxtda, bu problemin həllinə kompleks şəkildə yanaşmaq və həqiqətən nəticə verən addımlar atmaq üçün hamımız daha uzaqgörən və ehtiyatlı olmalıyıq” – İkinci İliyanın  arxidiakon Demetre Davitaşvilinin oxuduğu müraciətində belə deyilir.

Bu mövzu ilə bağlı həm də paytaxt meri Kaxa Kaladze, parlament sədri İrakli Kobaxidze, nazirlər və prezident Giorqi Marqbelaşvili fikir bildirib.

“Artıq uzun illərdir ki, cəzanın və məcburiyyətin heç bir nəticə vermədiyini, əksinə bir çox insanın həyatını məhv etdiyini gördükcə, yəqin ki, biz narkosiyasəti necə humanistləşdirməli olduğumuz haqqında düşünməliyik” – “Exo Kavkaza” Gürcüstan prezidentinin sözlərini dərc edib.

Gürcüstan narkoistifadəçiləri şəbəkəsinin nümayəndəsi Giorgi Qaqua danışır ki, hələ Milad bayramından əvvəl patriarxat nümayəndələri icma ilə görüşüb. O güman edir ki, patriarxın fikri vəziyyətə təsir etməyə bilməz:

“Hakimiyyət hər hansı bir qərar qəbul etdikdə həmişə səs itirib-itirməyəcəyi  haqda düşünür. Nəzərə almalıyıq ki, patriarx cəmiyyətdə böyük etibar sahibidir və Gürcüstan əhalisinin əksəriyyəti onun fikrinə hörmətlə yanaşır. Onun mövqeyi həqiqətən də həm sadə insanlara, həm də hakimiyyət nümayəndələrinə təsir edəcək”.

Yeri gəlmişkən, Gürcüstan parlamentində qırxa yaxın QHT və bu işdə maraqlı olan qrupları birləşdirən Milli Narkosiyasət Platforması tərəfindən hazırlanan qanun layihəsinin müzakirəsi gedir. Platforma narkotik istifadəsinə görə cinayət məsuliyyətindən azad etməyi təklif edir. Hökumətin hazırda qanunun liberallaşdırılmasını dəstəkləməsinə baxmayaraq, müəyyən mərhələdə təşəbbüs bir qədər səngidi. Məlum olan odur ki, qanun layihəsinə qarşı çıxan yetərincə nüfuzlu şəxslər var və ya ən azı olub.


More on JAMnews