Onun yeni rəhbəri bu sahəni korrupsiyadan təmizləmək üçün gəlmişdi, lakin uzun müddətə qaldı və uzunmüddətli inkişaf planlarını irəli sürür" />

«Futbolda inqilab» – Ermənistan federasiyasının iddialı planları

Onun yeni rəhbəri bu sahəni korrupsiyadan təmizləmək üçün gəlmişdi, lakin uzun müddətə qaldı və uzunmüddətli inkişaf planlarını irəli sürür

Ermənistan futbol federasiyasının başçısı və eyni zamanda, ölkənin Milli təhlükəsizlik xidmətinin rəhbəri olan Artur Vanetsyan 2025-ci ilə qədər dövrdə Ermənistan futbolunun kifayət qədər iddialı inkişaf planını təqdim edib. Federasiyanın növbəti forumunda o bildirib ki, tək-tük uğurları deyil, uzunmüddətli proqramları qiymətləndirir.

 Qarşıya hansı məqsədlər qoyulub

Ermənistan futbolunun funksionerləri ümid edirlər ki, milli komanda 2024-ci ilə qədər dünya, yaxud Avropa çempionatına vəsiqə qazana biləcək. Bu məqsədə çatmaq üçün federasiya, hər şeydən əlavə, beynəlxalq standatlara cavab verən yeni stadion tikmək niyyətindədir. İlkin məlumata görə, stadion 32 min tamaşaçı tutacaq.

Federasiya rəhbəri bəyan edib ki, UEFA standartlarına cavab verən stadionların sayını hazırkı dörd ədəddən səkkizə çatdırmaq lazımdır. Ermənistanın hər bir vilayətində ən azı bir futbol akademiyası tikiləcək. Futbol rəhbərliyi uşaq-gənclər dərnəklərində məşğul olan uşaqların sayını indiki 5 mindən 10 min nəfərə qədər artırmaq niyyətindədir.

Ermənistanın vilayətlərində artıq indidən futbol meydançaları açılır. Federasiya həvəskar futbolun inkişafı üçün süni örtüklü 300 yeni meydança tikmək niyyətindədir. O ki qaldı həvəskar səviyyədə idmançılara, onların sayı indiki 10 mindən 80 minə qədər yüksəlməlidir.

«Ermənistan futbolunun nəhəng gələcəyi olacaq… Yeni layihələr [federasiyanın] maliyyə yükünü artıracaq, lakin biz gözlənilən tərəqqi naminə buna hazırıq. Hazırda biz futbolda institusional inqilaba gedirik», – futbol federasiyasının başçısı deyib.

 Qadın futbolu öncül məsələ kimi

Ermənistan futbol federasiyası qadın futboluna da xüsusi diqqət ayırmaq niyyətindədir:

«Biz qadın milli komandasının yaradılması üzərində ciddi iş aparırıq. Qadın futbolunun kütləviliyi əsas məqsədlərimizdən biridir».

 Vanetsyana qədər nə olmuşdu

Artur Vanetsyanın gəlişi futbol federasiyasının rəhbəri postunda Ruben Ayrapetyanın başçılığı altında uzun illər davam etmiş dövrün sonu demək oldu.

Milli təhlükəsizlik xidmətinin başçısı bu vəzifəni Ermənistan futbolunun korrupsiyadan təmizlənməsi adı altında tutdu. Mütəxəssislər güman edirdilər ki, o, bu vəzifədə bir neçə ay qalacaq, lakin Vanetsyan artıq 1 ildən artıqdır ki, həmin postdadır.

Federasiyanın keçmiş rəhbəri Ruben Ayrapetyanın adı ilə çox qalmaqallı hadisə bağlıdır. Ələlxüsus, o, futbol oyunları vaxtı futbolçuların döyülməsi ilə məşhurdur. Ayrapetyanı həmçinin məhz özünə məxsus olan “Pünik” futbol klubundan (2018-ci ildə satıb) oyunçuların milli komandaya dəvət olunmasında ittiham edirdilər.

Media dəfələrlə yazıb ki, o, digər klubarın inkişafına maneələr törədib. Belə bir məlumat da var idi ki, Ruben Ayrapetyan məşqçinin əvəzinə komandanın heyətini müəyyənləşdirir və səlahiyyətlərinə aid olmayan digər məsələləri həll edirdi.


More on JAMnews