Hesabata görə, “Gürcü arzusu” hakimiyyətə gələndən sonra demokratiya keyfiyyəti bir qədər yaxşılaşıb" />

Freedom House: Gürcüstan yenə də qismən azad ölkələr sırasındadır

Hesabata görə, “Gürcü arzusu” hakimiyyətə gələndən sonra demokratiya keyfiyyəti bir qədər yaxşılaşıb

Freedom house beynəlxalq hüquq müdafiə təşkilatının hesabatına görə, Gürcüstan yenə də qismən azad ölkələr sırasında qalmaqdadır. “Dünyada azadlıq 2017” hesabatında bildirilir ki, Gürcüstanın ümumi göstəricisi 100-dən 64 təşkil edir. Ötən ildən təşkilatın Gürcüstanla bağlı dəyərləndirməsi dəyişməyib.

Freedom House-un hesabatına görə, Gürcüstan demokratiya nöqteyi-nəzərindən qonşuları ilə müqayisədə daha yaxşı vəziyyətdədir, Gürcüstanda 2012-ci ldəki hakimiyyət dəyişikliyindən və hakimiyyətə “Gürcü arzusu” koalisiyası gələndən sonra isə ölkədə demokratiya səviyyəsi bir qədər yaxşılaşıb.

“Gürcüstanda telekanal sahiblərilə [əsas müxalif kanal olan “Rustavi-2” üzərində sahibkarlıq hüququ ilə bağlı məhkəmə prosesi], həmçinin qanunun aliliyi ilə bağlı problemlər var. Zaman-zaman siyasi motivli hökmlərlə bağlı ittihamlar ortaya çıxırdı. Bununla belə Gürcüstan qonşuları ilə və digər Avrasiya ölkələrilə müqayisədə yetərincə yaxşı durumdadır. Biz ümumilikdə Gürcüstanın [inkişaf] istiqamətindən və onun mürəkkəb mühitdə demokratik mühitə sahib olmasından razıyıq”, “Rustavi-2” telekanalı ilə söhbətində Freedom House təşkilatının nümayəndəsi Arçi Padinqton deyib.

Freedom House azadlıq səviyyəsinə görə ölkələri üç kateqoriyaya bölür: azad, qismən azad və azad olmayan ölkələr. 2017-ci i hesabatına görə,  195 ölkənin 87-i (45 faiz) azad, 59-u (30 faiz) qismən azad, 49-u isə (25 faiz) azad olmayan ölkələrə aiddir.

Gürcüstanın qonşularına gəlincə, Rusiya 100-dən 20, Azərbaycan isə 14 xalla azad olmayan ölkələr kateqoriyasına daxil olub. Türkiyə (38 xal) və Ermənistan isə (45 xal) qismən azad ölkələrə aid edilib.


More on JAMnews