Robert Koçaryanın müdafiəsi hüquq-mühafizə orqanlarının vəziyyəti müdaxiləsiz müşahidə etməsindən narazıdır" />

Ermənistanın həbs edilmiş keçmiş prezidentinin vəkilləri öz ünvanlarına hədələrdən və təhqirlərdən xəbər verirlər

Robert Koçaryanın müdafiəsi hüquq-mühafizə orqanlarının vəziyyəti müdaxiləsiz müşahidə etməsindən narazıdır

Ermənistanın həbs edilmiş keçmiş prezidentinin vəkilləri öz ünvanlarına hədələrdən və təhqirlərdən xəbər verirlər. Onlardan biri – Hayk Alumyan bildirib ki, Robert Koçaryanı müdafiə etməyə başladığı andan etibarən ünvanına hədələr gəlməyə başlayıb.

“Yazırlar ki, sən cəzalanacaqsan. Sən milləti satırsan, Robertlə birlikdə mühakimə olunacaqsan. Xalqa qarşı çıxmısan və biz bilirik ki, harada yaşayırsan”, – Hayk Alumyan deyir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan konstitusiya quruluşunun devrilməsində və digər şəxslərlə əvvəlcədən əlbir olmaqda ittiham olunur. Söhbət 2008-ci ilin 1-2 mart hadisələrindən gedir. 2008-ci ilin 19 fevralında keçirilmiş prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blokun tərəfdarları seçkilərin nəticələrinə yenidən baxılmasını tələb ediblər. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə görə Serj Sarkisyanın qalib gəldiyini elan etmişdi. Lakin həmin ana olan vəziyyətə görə o, vəzifəsinin icrasına başlamamışdı.

 

Bu hadisələr vaxtı Robert Koçaryan ölkənin prezidenti olaraq qalırdı. O, fövqəladə vəziyyət tətbiq etmişdi. 2008-ci il martın 1-də nümayişin dağıdılmasında silahdan istifadə edilmiş, 10 nəfər – 8 mülki şəxs və 2 polis əməkdaşı həlak olmuşdu.

Alumyan hesab edir ki, hüquq-mühafizə orqanlarının sosial şəbəkələrdəki çoxsaylı təhqir və hədələmə hallarından məlumatı var, lakin günahkarların cəzalandırılması istiqamətində heç bir tədbir görülmür. O həmçinin hesab edir ki, onların ünvanlarına hədələr məhkəməyə dolayı yolla təzyiq göstərmək cəhdidir.

“Heç vaxt görməmişəm ki, vəkillərə belə münasibət bəslənsin. Mənim üçün bu təhlükəli presedentin simptomlarıdır. Hər tərəfdən deyirlər ki, məhkəməyə təzyiq olmayacaq. Mən görürəm ki, hakimiyyət tərəfindən məhkəməyə, deyəsən, təzyiq, həqiqətən də, yoxdur. Lakin məhkəmələrə bu cür sərt ictimai təzyiq göstərilirsə, nədən söhbət gedə bilər. Axı qərar verən hakim özünə qarşı təzyiqi hiss etməyə bilər”.

Həmkarları və hüquq müdafiəçiləri Koçaryanın vəkillərini müdafiə ediblər.

\Vəkil Argişti Kiviryan özünün “Facebook” səhifəsində yazıb:

“Belə başa düşürəm ki, “Facebook”da səsvermənin nəticələrinə əsasən, milləti gözü götürməyənləri müəyyən etmək və onları məhkəməsiz və istintaqsız güllələmək lazımdır. Müdafiə necədirsə, vəkil də o cürdür…”

Hüquq müdafiəçisi Avetik İşxanyan güman edir ki, hər şeyin səbəbi əhalinin müəyyən qisminin hüquqi savadının olmamasıdır:

“Cəmiyyətimiz hələ bilmir ki, hüquqi dövlət və ədalətli araşdırma nədir. Mən çox təəssüflənirəm ki, onların arasında kütlə içərisində fəaliyyət göstərən insanlar da var”.

Qeyd edək ki, artıq iki həftədir, “Facebook”un erməni seqmentində Robert Koçaryanın həbsi ilə bağlı müzakirələr davam edir. Bir çox istifadəçilər keçmiş prezidentin vəkillərini tənqid edərək bildirirlər ki, onlar keçmiş prezidentin müdafiəsinə girişməməli idilər.

“Ömrünüz boyunca cinayətlərin gizlədilməsinə kömək etmisiniz. Təəssüf ki, indi bəhs etdiyiniz 37-ci il deyil, yoxsa Koçaryanı çoxdan güllələmişdilər”, – istifadəçilərdən biri yazır.

“Pul sizi kor edib? Hər şeyin bir həddi var. Təsəvvür edin ki, qurbanların arasında sizin də doğmalarınız var”, – digər istifadəçi əlavə edir.


More on JAMnews