“Məxməri” inqilabdan sonra inqilab lideri və baş nazir tərəfindən təyin edilən və onun sadiq silahdaşları sayılan polis və MTX rəhbərləri işdən azad edilib" />

Ermənistanın güc strukturlarında səs-küylü istefalar – rəsmi səbəblər elan olunmur

“Məxməri” inqilabdan sonra inqilab lideri və baş nazir tərəfindən təyin edilən və onun sadiq silahdaşları sayılan polis və MTX rəhbərləri işdən azad edilib

Artur Vanetsyan, Ermənistan MTX, Nikol Paşinyan, Mikael Minasyan
Artur Vanetsyan, Ermənistan MTX, Nikol Paşinyan, Mikael Minasyan

Vanetsyan, Paşinyan, Osipyan (from left to right)

Ermənistanın baş naziri sentyabrın 16-da keçirdiyi mətbuat konfransında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın səs-küylü istefası haqda açıqlama verməsinin ardınca polis rəhbəri Valeri Osipyan işdən azad edildi.

Bu istefalar ona görə sensassiyalı oldu ki, hər iki güc strukturu rəhbəri “məxməri” inqilabdan sonra şəxsən inqilab lideri və hazırkı baş nazir Paşinyan tərəfindən vəzifəyə təyin edilmişdi. Üstəlik onlar cəmiyyətin təəccübünə və hətta bir qism siyasətçinin onların bu vəzifələrə uyğun olmadığı haqda fikirlərinə rəğmən qurumların başına gətirilmişdilər. Baş nazir isə niyə məhz bu namizədlərin üzərində dayandığını izah etməli olmuşdu. məsələn, o bildirmişdi ki, bu şəxslər keçmiş hakimiyyətlə bağlı deyillər və buna görə də ləkələnməyiblər.

“İnqilabçıların” hökuməti və Nikol Paşinyanın şübhəli təyinatları haqda

Ermənistanın yeni hökumətində köhnə və yeni simalar

Polis şefinin mümkün istefası haqda söz-söhbət Ermənistan mediasında artıq sentyabrın 17-də yer almışdı. Səhəri gün yazılanlar təsdiqləndi. Amma hər iki istefanın rəsmi səbəbləri açıqlanmır.

Polis şefinin istefasının səbəbləri haqda ehtimallar

Mediada bununla bağlı hələlik sadəcə bir ehtimal var. Deyilir ki, polis rəhbəri Valeri Osipyanın istefasına onun Amulsar qızıl mədəninə gedən yolu bağlayan etirazçıları dağıtmaqdan imtina etməsi səbəb olub.

“Məxməri” inqilabdan dərhal sonra mədənə yaxın ərazilərdə yaşayan sakinlər ora gedən yolu bağlayıblar. Məsələ burasındadır ki, qızıl hasilatı üçün ildə təxminən 100 ton natrium siyanid istifadə olunmalıdır və insanlar öz həyatları və övladlarının gələcəyi üçün narahatdır.

Amma baş nazir artıq dəfələrlə Facebook sosial şəbəkəsindəki səhifəçsində çıxış edərək fəallardan yolu açmağı xahiş edib. O bildirib ki, mədən ərazisindəki tikinti işləri 2020-ci ilin aprelindən tez bərpa olmayacaq. O, həmçinin deyib ki, hər hansı pozuntular baş verərsə, 90 gün ərzində mədən qapadılacaq.

Amma mədənə gedən yol hələ də bağlı saxlanılır. Artıq yolun açılması ilə bağlı inzibati məhkəmə qərarı da var. Belə bir şayiələr də dolaşır ki, baş nazir artıq nə olursa-olsun, mədənə gedən yolun açılması göstərişini verib.

Amulsar mədənində işlərin qadağan edilməsi üçün əsas yoxdur – baş nazir yolu açmağı xahiş edir

İstefasından sonra MTX rəhbərinin ilk açıqlaması

Ermənistan medaisında Vanetsyanın istefasını ilk növbədə Ermənistanın keçmiş hakimiyyəti ilə bağlayıblar. Bu, qəribədir, şünki inqilabdan sonra məhz o, vaxtaşırı olaraq “keçmişdəkilərlə” bağlı növbəti səs-küylü korrupsiya qalmaqalları haqda açıqlama verirdi.

Artur Vanetsyanın özü də bu şayiəni artıq şərh edib:

“Mən istefa vermək haqda qərar qəbul edəndə heç bir siyasi qüvvə ilə məsləhəətləşməmişəm. Öz istefam barədə ailəmlə – həyat yoldaşımla, uşaqlarımla və valideynlərimlə danışmışam, onlara istefam haqda bildirmişəm və bu qərarı qəbul etmişəm. Bu qərar düşünülmüş və qəti olub”.

Vanetsyan keçmiş hakimiyyət nümayəndələrinə məsləhət görüb ki, onun hazırkı hakimiyyətlə münasibətlərinə qarışmasınlar. O, həmçinin üçüncü prezident Serj Sarqsyanın kürəkəni və Vatikandakı keçmiş səfirlə əlaqəsini də təkzib edib:

Qoy heç kim məni Mikael Minasyanla əlaqələndirməyə çalışmasın, çünki bu insan qanun qarşısında bir çox suallara cavab verməlidir. İstintaq gedir (Paşinyanın artıq dediyi kimi) və cavablar veriləcək: Mikael Minasyan qanun qarşısında məsuliyyət daşımalıdır, ya yox?”

Bu bəyanlara cavab olaraq Mikael Minasyan da Facebook səhifəsində açıqlama verib:

“Artur Vanetsyan – Nikol Paşinyan epopeyasını izləyirəm. Mən heç bilmirəm, haçı “çox suallara” cavab verməliyəm, çünki formalaşdırılmış hüquqi sualların mövcudluğundan xəbərsizəm və bu suallar ümumiyyətlə yoxdur. Bunun əvəzinə məsuliyyətsiz bəyanatlar və əsəbi ictimai “göstərişlər” var…

Vanetsyan tezliklə müxtəlif insanlara qarşı siyasi sifarişlə hazırlanan saxta işlərlə bağlı izahat verməli olacaq”.

MTX rəhbərinin istefasının səbəbi nədir?

Artur Vanetsyan vəzifədən getmək qərarının konkret səbəblərini yenə də açıqlamayıb:

“Mən hesab edirəm ki, hazırkı vəziyyətdə və gələcək kontekstində bu qərar mənim Ermənistana və xalqıma xidmətin üçün ən arzuolunan və əsaslı qərardır…” – Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

Amma onun açıqlamasında tənqid də səslənib:

“Kor-koranə qərar qəbul etmək, əməllərdə xaos, prioritetləri ikinci dərəcəlilərdən ayıra bilməmək məqsədlərə aparan yol deyil. Bunun zabit şərəfi ilə heç bir əlaqəsi yoxdur. Zabit poqonları və hadisələrin bu cür inkişaf prosesi bir araya sığmaz. Qoy mənim istefam ayıldıcı “Dayan” siqnalı olsun, bütün qalan variantlarda isə Vətən qarşısında borc qalib gələcək. Ölkəmiz üçün sülh və əminamanlıq!”

Paşinyan deyib ki, Vanetsyanın öz bəyanatında nəyi nəzərdə tutduğunu anlamayıb və MTX rəhbərinin istefasının təfərrüatlarını müzakirə etmək istəməyib. O, bildirib ki, “bu, ictimai şəkildə müzakirə oluna biləcək” vəzifə deyil. Baş nazir yalnız keçmiş güc strukturu rəhbərinin gələcək fəaliyyəti haqda danışıb və bu açıqlamanı Ermənistan ictimaiyyəti Vanetsyanın ünvanına təhqir kimi qəbul edib:

“Artur Vanetsyanın bundan sonrakı fəaliyyətilə bağlı bir neçə ssenari müzakirə olunub. Hazırda Vanetsyan bütün diqqətini böyük ehtimalla Ermənistan yığmasını Avropa birinciliyinin finalına çıxarmaq üzərində toplayacaq [Vanetsyan həmçinin Ermənistan Futbol Federasiyasının prezidentidir – JAMnews]”.

MTX rəhbərinin istefasının səbəbləri ilə bağlı əsas ehtimallar bunlardır, mətnin ardında onlar haqda daha təfərrüatlı danışacağıq:

• Vanetsyan və Xüsusi İstintaq Xidməti rəhbərinin şəxsi telefon danışığının dinlənilməsi ilə bağlı qalmaqal, bu zaman onlar Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi haqda danışıblar;

• Paşinyanın korrupsiya işlərinin açılması tempindən narazı olduğu haqda bəyanatı;

• Nikol Paşinyanın “məxməri” inqilab zamanı silahdaşlarından olan, daha sonra Dövlət Nəzarəti Xidmətinin rəhbəri təyin edilən David Sanasaryana qarşı cinayət işi;

• Vanetsyanın yanacaq biznesindəki payı.

Ermənistan baş nazirinin komandasında sensassiyalı istefa – Paşinyan MTX rəhbərinin işdən getdiyini bəyan edib

Qalmaqallı dinləmə

Artur Vanetsyan MTX rəhbəri olduğu bütün həmin dövr ərzində Paşinyanın komandasında ən populyar məmurlardan biri olub. O, korrupsiya ifşaları sayəsində öz reytinqini və güc strukturlarının imicini yüksəldə bilib.

Vəziyyət onun Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanla telefon danışığının dinlənilməsi ilə bağlı qalmaqaldan sonra dəyişib. O zaman güc strukturlarının rəhbərləri öz aralarında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsini müzakirə ediblər.

Ermənistanda yeni qalmaqal – sosial şəbəkədə iki güc strukturu rəhbərinin telefon danışığının audioyazısı yayılıb

2019-cu ilin iyununda Vanetsyan etiraf edib ki, danışığın dinlənilməsi faktına görə utanır, amma danışığın məzmununa görə yox:

“Ən güclü dövlətlərin liderlərindən tutmuş digərlərinə qədər bu cür vəziyyətə düşüb. Və biz bu gün gələcəkdə bu cür halları istisna etmək üçün əlimizdən gələn hər şeyi edirik”.

İki güc strukturu rəhbərinin telefon danışığının dinlənilməsini kimin təşkil etdiyi və kimin bu audioyazını sosial şəbəkədə yaydığı hələ də bəlli deyil və ya açıqlanmır.

Paşinyan nədən narazıdır?

Sentyabrın 16-da Vanadzorda keçirdiyi mtbuat konfransında Nikol Paşinyan özü 2019-cu ilin iyununda korrupsiya ilə mübarizə miqyasından narazı olduğu haqda verdiyi bəyanatı xatırladıb.

O zaman Anti-korrupsiya Siyasəti Şurasının ilk iclasında baş nazir bildirmişdi:

“Bu gün Ermənistan hökuməti korrupsiya ilə prinsipial mübarizə üçün maksimum siyasi iradəyə malikdir. Amma Ermənistanda korrupsiya əleyhinə mübarizə bu siyasi iradəyə uyğun gələcək miqyasda getmir və o qədər effektiv deyil”.

Korrupsiya işlərinin açılmasına görə əsas məsuliyyət MTX üzərinə düşdüyü üçün çoxları hesab edib ki, bu, Vanetsyanın istefa səbəblərindən biridir.

David Sanasaryanın işi

Dövlət Nəzarəti Xidmətinin keçmiş rəhbəri David Sanasaryan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə məsuliyyətə cəlb olunub.

Ermənistanda korrupsiya ilə mübarizə baş nazirin komandasına gedib çıxıb

Çoxları hesab edir ki, bu iş Paşinyanın nüfuzuna xələl gətirib, çünki Sanasaryan “məxməri” inqilab zamanı baş nazirin ən yaxın silahdaşlarından biri olub.

Cinayət işi MTX tərəfindən aparılan yoxlamaların yekununa əsasən qaldırılıb.

2019-cu ilin aprelində Vanetsyan bildirib ki, David Sanasaryana qarşı irəli sürülən ittiham tam əsaslıdır.

O zaman Ermənistan mediasında Vanetsyan və Paşinyanın arasından “qara pişik keçdiyi” haqda xəbərlər yayıldı.

Vanetsyan dərhal bu şayiələri təkzib etdi:

“Məgər siz nəsə belə bir şey sezmisiz?”

Amma David Sanasaryanın işi faktiki olaraq dalana dirəndi. Sentyabrın 5-də məlum oldu ki, Dövlət Nəzarəti Xidmətinin keçmiş rəhbəri vəkilləri ilə birlikdə ona qarşı qaldırılan işin materiallarını nəzərdən keçirib və cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırmaq qərarına gəlib. Onun sözlərinə görə, cinayət işinin materiallarında su-istifadə ilə bağlı faktlar yoxdur.

Yanacaq biznesində pay

2019-cu ilin yazında Ermənistan mediası yazırdı ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan yanacaq biznesində paya sahibdir. Nikol Paşinyanın hökumətinin bu sahədə yeni oyunçuların yaranması üçün ona yanacaq biznesindən çəkilməyi təklif etdiyi haqda xəbərlər dərc olundu.

Martın sonunda Vanetsyan brifinq zamanı bu şayiələri təkzib edib  və bildirib ki, onun “ailəsinin yanacaq və neft məhsulları bazarı ilə heç bir əlaqəsi yoxdur”:

“Əgər mən haqqımda bunları yazan insanları məhkəməyə versəm, bu, biabırçılıq olacaq. Mən dərc olunan məlumatları təksib edirəm və bu resurslara məsləhət görərdim ki, onlar da təkzib versinlər, çünki onlar çox baxış qazanmaq üçün mənim adımdan istifadə ediblər. Bu sadəcə rüsvayçılıqdır”.

Yeri gəlmişkən, elə həmin vaxt o, hüquq-mühafizə orqanlarının fəaliyyətini şərh edib:

“Mən də hüquq-mühafizə orqanlarının, xüsusən də Ermənistan MTX-nin işindən narazıyam, çünki ilkin dövrdə gördüyümüz işlərin əvvəlki tempinin azaldığı göz qabağındadır… Bu, onunla izah olunur ki, daha sonra bizim apardığımız istənilən işlə spekulyasiya etmək, bunu mübahisələndirmək və bizim özbaşına hərəkət etdiyimizi demək mümkün olmasın deyə hüquqi əsaslar möhkəm olmalıdır. Biz isə qanun çərçivəsində hərəkət edirik”.

Sosial şəbəkələrdə nə yazırlar?

Facebook sosial şəbəkəsinin Ermənistan seqmentinin istifadəçiləri Vanetsyanın istefasını fəal şəkildə müzakirə edir.

Bəzi şərhləri təqdim edirik:

“Yaxşı insandır, heyf ki, belə istefa verdi. Nə olursa olsun, yenə də hörmət edirik və ümid edirik ki, əsaslı səbəb olub”.

“Əsl kişi və zabit. Bravo!”

“Məhz kəşfiyyat dövlətin gözləri və qulaqlarıdır. Buna görə də ənənəvi olaraq respublikamızın tarixində həmişə xüsusi xidmət orqanları və xarici siyasət orqanlarına dövlətin birinci şəxsləri tərəfindən prioritet diqqət yetirilib. Şəxsən mənim fikrimcə, ola bilər ki, bu, xaricdən olan amildir, yəni ölkənin əvvəlki rəhbərliyindən”.

“Ümid edirəm ki, siz gələcəkdə Ermənistanın baş naziri olacaqsız”.


More on JAMnews