Səhiyyə naziri bu şayiələri təkzib edib" />

Ermənistanda tütünün marixuana ilə əvəz olunması haqda danışmağa başlayıblar

Səhiyyə naziri bu şayiələri təkzib edib

İctimai yerlərdə siqaret çəkməyin tamam qadağan edilməsi haqda qanun layihəsi son aylarda Ermənistanda ən çox təbliğ olunan layihə olub. Bununla əlaqədar olaraq, ölkədə tütünün tamam qadağan edilməsi və marixuana ilə əvəzlənməsi haqda şayiələr dolaşmağa başlayıb.

JAMnews konkret nəyin qadağan edildiyini və qaydaları pozanları hansı cərimələrin gözlədiyini aydınlaşdırmağa çalışıb.

Ermənistanda cavan kişilər arasında insult diaqnozu çoxalıb

Gürcüstanda marixuana çəkmək olarmı? Yeni qanun nə deyir?

Azərbaycanda qohum nikahlar: təhlükəli ənənə

Şayiələr və təkziblər

Tütünün marixuana ilə əvəzlənməsi haqda şayiələr çox fəal şəkildə yayılıb və cəmiyyətdə mənfi reaksiya doğurub. Bununla əlaqədar olaraq səhiyyə naziri Arsen Torosyan Facebook səhifəsində bunları yazıb:

“Şəbəkələrə növbəti manipulyasiya atılıb – guya tütün qadağan ediləcək ki, marixuanaya icazə verilsin – özləri də öz yalanlarına sevinirlər”.

Torosyan Ermənistanda siqaret çəkməyin tamam qadağan ediləcəyi haqda şayiələri də şərh edib:

“Heç kim siqaret çəkməyi qadağan etmir, baxmayaraq ki, bu vərdiş hər il minlərlə vətəndaşımızı öldürür. Tütün məmulatlarının istifadəsi yalnız qapalı ictimai məkanlarda qadağan ediləcək ki, bu “qırğının” qarşısı alınsın”.

Narkotiklərin azad satışı ilə bağlı şayilərin müəlliflərinə nazir öz zəngin təxəyyüllərini özlərinə saxlamağı təklif edib:

“Narkotiklərin azad satışı, dövriyyəsi və istifadəsi ilə bağlı heç bir təşəbbüs yoxdur, ola da bilməz. Əgər belə bir şey kiminsə ağlına gəlsə, mən özüm belə təşəbbüsü qadağan edəcəm, çünki hələ ki, hökumət üzvüyəm. Əminəm ki, bütün hökumət eyni cür davranacaq”.

Sosial şəbəkələrdə necə reaksiya veriblər?

Arsen Torosyanın paylaşımının altında əsl diskussiya başlayıb. İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsini sosial şəbəkə istifadəçilərinin çoxu bəyənib.

Bu şərhlərdən bəzilərini təqdim edirik:

“Açıq yerlərdə də siqaret çəkməyi qadağan etsəydilər lap yaxşı olardı. Bütün Yerevan tüstü içindədir. Parkda uşaqla gəzirsən, bütün ətraf tüstüdür”.

“Ölkədə müsbət dəyişikliklər bunların xoşuna gəlmir də”.

“Hökuməti bilmirəm, amma biz səninləyik!”

“Bu informasiya çirkabına görə kimsə cəzalanacaqmı? Feyklərə qarşı bu tolerantlıq təhlükəli ola bilər!”

Kişilərin yarıdan çoxu siqaret çəkir

Avropa ölkələri üzrə Ermənistan kişilər arasında siqaret çəkənlərin sayı ən yüksək olan ölkədir. Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatında deyilir ki, erməni kişilərinin 51,5 faizi siqaret çəkir.

Ermənistan hökuməti hələ bir il əvvəl ictimai yerlərdə siqaret çəkməyi məhdudlaşdıran qanun layihəsini dərc edib ki, ölkə sakinləri onun müzakirəsinə başlasın. Hələ o zaman qaydaları pozanlar üçün nəzərdə tutulan böyük məbləğli cərimələr çoxlarını qorxutmuş və qəzəbləndirmişdi.

Təklif olunan cərimələrin məbləği qayda pozucusunun siqareti harada çəkməsindən asılı olaraq müəyyən ediləcək:

Lift, kafe və ya ofisdə – 250 min dram (520 dollar);

Avtomobildə – 50 min dram (104 dollar);

Nəqliyyatda, taksidə – 100 min dram (208 dollar).

Qanun layihəsinə əsasən, yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkmək olar və bu yerlər müvafiq qaydada təşkil olunmalıdır.

Siqaret çəkməklə yeni mübarizə strategiyası, müəlliflərin fikrincə, çəkənlərin sayını 30-40 faiz azaltmalıdır.


More on JAMnews