Rəsmi versiyaya görə, bu, Rusiya hərbi bazasında intizamın qorunması üçün lazımdır. Müxalifət isə başqa fikirdədir " />

Ermənistanda Rusiyanın hərbi polis hissələri yerləşdiriləcək

Rəsmi versiyaya görə, bu, Rusiya hərbi bazasında intizamın qorunması üçün lazımdır. Müxalifət isə başqa fikirdədir

Foto: Gevorq Kazaryan, JAMnews

Ermənistanda Rusiya hərbi polis hissələrinin ölkə ərazisində yerləşdirilməsi məsələsi müzakirə olunur. Verilən məlumata görə, hərbi polis hissələri Rusiyanın Gümridəki 102 saylı hərbi bazasının və Yerevan Hərbi Qarnizonunun ərazisində yerləşdiriləcək.

Rusiyanın rəsmi mənbəyi – Cənub Hərbi Dairəsinin mətbuat xidməti Rusiya hərbi polisinin Ermənistanda yerləşdirilməsi haqda artıq baş tutmuş fakt kimi məlumat verib. Ermənistanın Müdafiə Nazirliyindən isə bildirirlər ki, hələlik Rusiya hərbi polisinin ölkə ərazisində yerləşdirilməsi haqda sənəd yoxdur.

Ermənistanda iqtidarda olan Respublikaçılar Partiyasının üzvü Miqran Akopyan yalnız hakimiyyətin bu məsələ ilə bağlı hazırda danışıqlarda iştirak etdiyini təsdiqləyib.

Rusiya tərəfi isə artıq hərbi polisin Yerevanda işə başlayacağı tarixi elan edib.

Ermənistan müxalifəti hadisələrin bu cür inkişafından narahatdır, onlar hesab edirlər ki, əvvəlcə Rusiya hərbi polisi Ermənistana gələcək və yalnız bundan sonra bu haqda saziş bağlanacaq.

Ekspertlər qeyd edirlər ki, Rusiya hərbi polisinin Ermənistan ərazisində mövcud olması üçün heç bir əsas yoxdur. Rusiya tərəfi bununla bağlı vurğulayır ki, hərbi polis Ermənistandakı Rusiya hərbi bazası və qarnizonu çərçivəsində fəaliyyət göstərəcək.

Ermənistan müxalifəti isə buna cavab olaraq bildirib ki, Ermənistan və Rusiya arasında 1995-ci ildə imzalanan müdafiə və hərbi əməkdaşlıq haqda sazişlərdə Rusiya hərbi polis hissələrinin Yerevan və Gümridə yerləşdirilməsi haqda heç nə qeyd olunmayıb.

“Rusiya hərbi polisinin Ermənistan ərazisində heç bir səlahiyyəti yoxdur. Yəni Rusiya hərbi polisinin buradakı səlahiyyyətləri, məsələn, Seneqal hərbi polisinin səlahiyyətləri qədərdir. Mən hesab edirəm ki, beynəlxalq sazişlərdə nə deyildiyi Rusiya Müdafiə Nazirliyini çox da maraqlandırmır”, – “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin əlaqələndiricisi Daniel İoanissyan bildirib.

Hakimiyyəti təmsil edən deputat Miqran Akopyan təqdiqləyib ki, sözügedən sazişdə Rusiya hərbi polisinin Ermənistan ərazisində yerləşdirilməsi haqda müddəa yoxdur, ola da bilməz. Rusiyada hərbi polis 2011-ci ildə yaradılıb, saziş isə 1995-ci ildə, bu struktur hələ mövcud olmayan vaxt bağlanıb.

Eyni zamanda Akopyan bildirib ki, sazişdə yeni razılaşmaların imzalanmasının mümkünlüyü haqda maddə var və hərbi polis hissələrinin ölkə ərazisində yerləşdirilməsi üçün Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu nizamlayan bütün sazişin yenidən nəzərdən keçiriləcəyini istisna etməyib.

“Biz hələ hərbi polisin statusunun nədən ibarət olacağını anlamaq üçün müzakirələr mərhələsindəyik. Düşünürəm ki, daxili nizam-intizamla, xidmət edənlərin davranışı ilə məşğul olmaq üçün Rusiyanın hərbi polis hissəsinin burada olmasına ehtiyacı var. 102-ci bazaya girib, bu məsələləri biz həll edə bilmərik axı”, -Miqran Akopyan deyib.

Rusiyanın rəsmi mənbəyi hərbi polisin funksiyasına nələrin daxil olduğu haqda da məlumar verir:

  • Rusiya hərbi bazasında nizam-intizamın bərqərar olması,
  • hərbi bazanın obyektlərinin mühafizəsi,
  • yol hərəkətinin təhlükəsizliyinin təminatı.

Daha əvvəl bu funksiyanı ayrı-ayrı patrul xidmətləri yerinə yetirirdi, amma yeni hissələr xüsusi hazırlanmış hərbçilərdən – müqaviləli zabitlərdən, yalnız standart silahlarla yox, həm də polis üçün xüsusi avadanlıqlarla təchiz olunan serjant və polislərdən təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan da hesab edir ki, hərbi polisin burada yerləşdirilməsi Gümridəki 102 saylı hərbi bazada mövcud olan nizam-intizam problemləri ilə şərtlənib.

JAMnews dəfələrlə Rusiya hərbi bazasında xidmət edənlərin intizam qaydalarını pozması və ümumiyyətlə Ermənistanda sərgilədikləri davranış haqda materiallar dərc edib.

Ermənistan müxalifəti isə hesab edir ki, bu güc strukturu Rusiya hərbi bazasında nizam-intizamı təmin etmək əvəzinə Ermənistanın suverenliyinin məhdudlaşdırılması üzrə növbəti rıçaqa çevriləcək.

“Real dəyərləri olan ölkədə öz müstəqilliyinə hörmət edən Xarici İşlər Nazirliyi Rusiyaya nota verərdi… Birincisi, bu, müzakirə edilməlidir. İkincisi, bizim ölkəmizdə müvafiq qanunvericilik sahəsi olmalıdır, yəni qanunvericiliyimiz buna uyğunlaşmalıdır. Yalnız bundan sonra onlar dislokasiyaya iddia edə bilərlər.

Dünyanın hansı ölkəsində başqa bir ölkənin hərbi polisinin yerləşdirildiyi və bunun hansı qanuni əsasla həyata keçirildiyini aydınlaşdırmaq niyyətindəyəm”, – müxalif “Yelk” fraksiyasının deputatı, Ermənistanın keçmiş baş naziri Aram Sarqsyan bildirib.

Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan başqa bir məsələ ilə bağlı narahatlığını ifadə edib. O, Qarabağ-Azərbaycan təmas xəttində 2016-cı ilin aprelində baş vermiş geniş miqyaslı hərbi əməliiyyatı xatırladıb. Onun fikrincə, Rusiya hakimiyyəti aprel müharibəsindən sonra nəticələr çıxarıb və Ermənistanda hərbi polisin yerləşdirilməsi düşünülmüş addımdır:

“Məhz bu kontekstdə əgər Rusiya sabah bizim Azərbaycana ciddi güzəştlərə getməyimizi istəsə, onlar bilirlər ki, hakimiyyətimizə təzyiq göstərə biləcəklər – onların bunun üçün müvafiq rıçaqları da var, amma sadə vətəndaşlara və cəmiyyətə təzyiq rıçaqları yoxdur. Budur, hərbi polis hissələri bu cür rıçaqlardan biri ola bilər”.


More on JAMnews