Ermənistanda Rusiya hərbi bazasından müqaviləli hərbçi yoxa çıxıb

İctimaiyyət 2015-ci ildə baş vermiş qanlı hadisəni – yoxa çıxmış Rusiya hərbçisinin Gümridə bütöv bir ailəni qətlə yetirməsini narahatlıqla xatırlayır

Ermənistanda üç gündür Gümridəki Rusiya hərbi bazasından yoxa çıxmış hərbçinin axtarışları davam edir. 35 yaşlı Dmitri Loşmanov bazar günü aprelin 16-da yerli vaxtla səhər 9:30-da hərbi hissədən ərzaq almaq üçün çıxıb və geri qayıtmayıb. Amma onun yox olması haqda polisə ancaq iki gün sonra, dünən, aprelin 18-də məlumat verilib.

Bildirilir ki, Loşmanovun üzərində boz idman forması, qara gödəkcə və idman ayaqqabısı olub.

Politoloq Qaqik Ambaryan Lragir.am informasiya-analitik saytına verdiyi şərhdə qeyd edib ki, “Gümridəki Rusiya hərbi bazasının komandanlığı şəhər sakinlərini yoxa çıxmış hərbçinin silahsız olduğuna inandırmağa nə qədər çalışsa da, şəhərdə yenə də narahatlıq var, üstəlik onun silahlı olduğu haqda məlumatlar dolaşır”.

“Dünən şəhərin küçələrində əllərində Loşmanovun fotosu ilə Rusiya hərbçilərinin ən çox gedib-gəldiyi müxtəlif obyektləri gəzən dəstə-dəstə rus hərbçilərini gördüm. Amma Gümri kimi balaca yerdə hərbçinin yox ola bilməsi və bir neçə gün ərzində axtarılsa da, tapılmaması narahat etməyə bilməz”, – Ambaryan deyir.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 102 saylı hərbi bazası 1994-cü ildən Gümridə yerləşir. Bazanın sayca tərkibi 5 min hərbi qulluqçudan ibarətdir. Ermənistandakı Rusiya hərbi bazasının vəzifəsi Rusiyanın cənub cinahının müdafiəsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistanın müdafiəsinin təmin edilməsidir.

Rusiya hərbi qulluqçuları əvvəllər də dəfələrlə hərbi bazanı tərk ediblər və çox vaxt tabel silahları ilə birlikdə.

1999-cu il aprelin 14-də əli avtomatlı iki Rusiya sərhədçisi sərxoş vəziyyətdə Gümri bazarına gəlib nizamsız atəş açmışdılar, nəticədə iki nəfər həlak olmuş, doqquz nəfər yaralanmışdı.

2015-ci il yanvarın 12-də Rusiyanın 102 saylı bazasından əli silahlı həqiqi hərbi xidmət çəkən əsgər Valeri Permyakok qaçaraq Gümridə Avetisyan ailəsinin evinə gəlmiş, ailənin altı üzvünü silahla öldürmüşdü. Permyakov altı aylıq körpəni silahın süngüsü ilə qətlə yetirmişdi.

Bir müddət əvvəl JAMnews Ermənistanda Rusiyanın Gümridəki hərbi bazası ilə bağlı baş verən faciəvi hadisələr və cinayətlər haqda icmal dərc etmişdi.

Gümri: Rusiya bazası yerli sakinləri necə məhv edirdi


More on JAMnews