Ermənistanda növbəti qalmaqal. Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri arasındakı şəxsi danışığın səs yazısı şəbəkələrdə yayılıb

Baş nazir Paşinyan bəyan edib ki, bu strukturların rəhbərlərinin telefonlarının dinlənilməsini vətən xainləri təşkil edib

Ermənistanda Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri Artur Vanetsyan və Sasun Xaçatryanın telefon danışığının audioyazısı qızğın müzakirələrə səbəb olub.

Audioyazıda Vanetsyan və Xaçatryan Ermənistanın eks-prezidenti Robert Koçaryanın, keçmiş müdafiə naziri Mikael Harutunyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun ittiham olunduğu “1 martla” bağlı cinayət işini müzakirə edirlər.

KTMT Rusiyanın himayəsi altında mövcud olan təşkilatdır, tərkibinə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

2008-ci il 1 mart hadisələri 2008-ci il fevralın 19-da keçirilən prezident seçkiləri ilə əlaqədardır. Seçki nəticələri elan olunandan sonra ölkədə etirazlar başlayıb. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blok tərəfdarları bildiriblər ki, əslində seçkilərdə məhz o qalib gəlib və seçki nəticələrinə yenidən baxılmasını tələb ediblər.

 

Mərkəzi Seçki Komissiyası Serj Sarqsyanı qalib elan edib. Amma həmin vaxt ölkə prezidenti hələ Robert Koçaryan idi. O, fövqəladə hal elan edib. 2008-ci il martın 1-də nümayişi dağıdarkən silah tətbiq edilib, səkkizi mülki şəxs, ikisi isə polis əməkdaşı olmaqla 10 nəfər həlak olub.

Xüsusi İstintaq Xidmətinin rəhbəri Xaçatryan audioyazıda Robert Koçaryana qarşı ittiham irəlü sürmək və məhkəmədən eks-prezidentin həbsinə imkan verən qərar almaq niyyətində olduğunu bildirir. O həmçinin deyir ki, eyni işlə bağlı KTMT baş katibi Xaçaturovu da təqsirləndirilən şəxs qismində cəlb etməyi düşünür. Cavabında MTX rəhbəri Artur Vanetsyan Xaçaturova toxunmamağı məsləhət görür, əks halda Rusiya ilə münasibətlərin pozulacağı haqda xəbərdarlıq edir.

“Axı o KTMT şefidir, toxunmaq lazım deyil – biabır olarıq. Heç olmasa ölkəni tərk etməməsi haqda iltizam”, – Vanetsyan deyir.

“Qapatmayaq onu? Artıq bizdədir. Onda baş nazirlə [Paşinyanla] danış, çünki ona dedim ki, haqqında həbs qətimkan tədbiri seçiləcək”, – Xüsusi İstintaq Xidmətinin rəhbəri cavab verir.

Bütün dialoq ingilis dilinə tərcümə olunmaqla səs yazısı Youtube-da yayılıb. Sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri artıq fikir veriblər ki, erməni ad və soyadları titrlarda rus dili artikulyasiyası ilə yazılıb, halbuki ingilis dilində erməni dilinə uyğun səslər və hərflər mövcuddur.

Səs yazısı yayılan kimi Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatla çıxış edib. O, bildirib ki, dinləməni təşkil edənlərin kimliyini müəyyən etmək lazımdır.

Bir neçə saat sonra Artur Vanetsyan və Sasun Xaçatryan mətbuat konfransı keçirib. Onlar səs yazısının həqiqiliyini təsdiq ediblər, üstəlik söylədiklərinə görə, bu zaman MTX rəhbəri xaricdə olub.

“Bu söhbət həqiqətən olub. Bu narahatedici faktdır və bununla bağlı ciddi araşdırma aparılır. Səs yazısının mənbəyi və onu hazırlayan təsbit ediləcək. Əgər səhv etmirəmsə, bu faktla bağlı artıq cinayət işi açılıb və prokurorluğa göndərilib”, – Artur Vanetsyan deyib.

O həmçinin söhbətin yüksək vəzifəli məmurların: Ermənistanın ikinci prezidenti və KTMT baş katibinin də məhkəmə qarşısına çıxarılacağı səs-küylü “1 mart” hadisələri ətrafında getdiyinə aydınlıq gətirib, müvafiq olaraq, “işdə çatışmazlıqların olmadığına 100 faiz əmin olmaq lazım idi”.

Vanetsyan və Xaçatryan da bəyan ediblər ki, sözügedən səs yazısının yayılması bu strukturların zəiflədilməsi və “1 mart” işinə mane olmaq məqsədi güdür.

“Məhkəməyə müraciət etmək niyyətləri varmı” sualına Vanetsyan və Xaçatryan hələlik belə niyyətlərinin olmadığını bildiriblər.

“Mən bu vəzifədən yapışmışam. Mən bu vəzifəni böyük məsuliyyətlə tutmuşam və hələ böyük işə ehtiyac var. Amma əgər ictimaiyyət və ya siyasi rəhbərlik belə tələb irəli sürərsə, mən getməyə hazıram”, – Vanetsyan deyib.

Axşam baş nazir Paşinyan yayılmış səs yazısını bir daha şərh edib. O bildirib ki, dinləmə təşkilatçıları vətən xainləridir:

“Xüsusi xidmət orqanları rəhbərlərinin dinlənilməsi qəsddir, Ermənistan dövlətçiliyinə qarşı cinayətdir. Mən Milli Təhlükəsizlik Xidmətinə və polisə  tapşırmışam ki, ən qısa müddətdə sui-qəsdçilər tapılsın və ən sərt məsuliyyətə cəlb olunsunlar. Bütün bu “xüsusi xidmət orqanları” və qanunsuz silahlı qruplaşmalar aşkarlanacaq və məhv ediləcək”.

Paşinyan da qalmaqalın mərkəzində qalan xüsusi xidmət orqanlarının rəhbərləri kimi ehtimal edir ki, bu insidenti korrupsiya ifşalarının qarşısını almaq cəhdi kimi də dəyərləndirmək mümkündür. Son zamanlar Vanetsyan və Xaçatryanın rəhbərlik etdyi strukturlar bir-birinin ardınca nəhəng korrupsiya hallarının ifşası haqda məlumatlar yaymaqla məşğuldur.

Baş nazir Ermənistan polisi və MTX-nin rəhbərlərinə oliqarxların və yüksək vəfifəli məmurların mühafizəçilərinə qarşı reydə başlamaq haqda da göstəriş verib.

“Bu mühafizəçiləri asfalta uzatmaq və hamısını tərksilah etmək lazımdır. İki saatdan sonra MTX rəhbəri Artur Vanetsyan və polis rəisi Valeri Osipyan görülən iş və əldə olunan nəticələr haqda mənə məruzə etməlidir. Heç kim ədalətdən qaça bilməyəcək. Bizdə polis və MTX var, onlardan bütün Ermənistanda qayda-qanun yaratmalarını tələb edirəm. Əgər görsəm ki, onlar bunun öhdəsindən gəlmir, mən bilirəm necə etmək lazımdır. Yenidən kamuflyaj geyinəcəm və bütün Ermənistanda qayda-qanun yaradacağıq: küçəbəküçə, evbəev”.

Polis və Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibləri hələlik işlə bağlı yeni bir şey səsləndirməyib.


More on JAMnews