İnsanların fərqli gözləntiləri, amma bir məqsədi varıydı " />

Ermənistanda məxməri inqilabı həyata keçirənlər haqqında beş hekayə

İnsanların fərqli gözləntiləri, amma bir məqsədi varıydı

Aprelin 13-dən Ermənistanda fəaliyyətdə olan hakimiyyətə qarşı hərəkat başladı. Onun təşəbbüskarı parlament deputatı Nikol Paşinyan oldu. Xalqın müxalifətin mübarizəsinə qoşulacağına az adam inansa da, minlərlə insan küçələrə çıxdı. Onlar demək olar ki, bir ay üsyan edir, hər gün Yerevanda küçələri, vaxtaşırı dövlətlərarası yolları bağlayırdı, bir gün isə aeroport işləmədi. Nəticədə kütləvi dinc aksiyalar məqsədinə çatdı. Aprelin 23-də baş nazir, hakim Respublika Partiyasının lideri Serj Sarqsyan istefa verdi. Mayın 8-də isə parlament yeni baş naziri  seçdi. Bu, itaətsizlik hərəkatının lideri Paşinyan oldu. Bu məqalə onu dəstəkləyən və “erməni məxməri inqilabı”nın iştirakçısı olan adamlar haqqındadır.

Ani

Seçiləndən dərhal sonra baş nazir Nikol Paşinyan Respublika meydanına tələsir. Burada onu minlərlə hərəkat iştirakçısı gözləyir. Amma Abovyan küçəsində baş nazirin maşını tıxaca düşür. Xəstəxanadan qaçmış Ani də yolda qalan maşınlardan birindəydi.

Ani Vardanyanın 18 yaşı var. O, “EDU Restart” tələbə təşəbbüsünün üzvüdür. Heç vaxt siyasi aksiyalarda iştirak etməyib. Hakimiyyətə qarşı hərəkat yenicə başlayanda, o da küçələrə çıxmağa hazırlaşmırdı. Amma ona hərəkata qoşulmağa qadağan edəndən sonra hər şey dəyişdi.  

“Aprelin 13-də dərsdəydik, eşitdik ki, universitet rəhbərliyi binanın qapılarını bağlayıb, heç kimi çölə buraxmır. Həmin gün anladım ki, indi küçəyə çıxmasam, mənim üçün bütün qapılar həmişəlik bağlanacaq. Heç vaxt hansısa siyasi aksiyalarda iştirak etməmişdik. Təşəbbüsümüzün yeganə məqsədi keyfiyyətli təhsil sistemi uğrunda mübarizə olaraq qalır, amma elə həmin sistem öz hərəkətləri ilə bizi küçələrə çıxmağa vadar etdi”.

Bu tələbə hərəkatı tez bir zamanda təşkil olundu və on minlərlə adamı küçələrə çıxardı. Gənclər inqilabın əsas simvoluna çevrildilər.

Aprelin 16-da Ani dostları ilə birlikdə Baqramyan prospektində, parlament binasının qarşısındaydı. Dostunun çiyinlərinə çıxıb, yaxınlaşan polis kordonunu gördü, qızın arxasında isə minlərlə hərəkat iştirakçısı varıydı.  

Saylı dəqiqələrdən sonra polis xüsusi əməliyyata başladı. Səs qumbarası Aninin düz ayaqlarının altında partladı:

“Ayağım ciddi zədələnmişdi, təcili olaraq xəstəxanaya çatdırdılar məni. Həmin gündən evdən çıxa bilmirdim – ağrı imkan vermirdi. Mayın 8-də sarğımı dəyişirdilər, həkim dedi ki, əməliyyat lazım ola bilər.

Xəstəxanada canlı yayımda parlamentdə səsverməni izləyirdim, Paşinyanın seçiləcəyini – sualların olmayacağını biləndə, taksiyə  oturub, meydana getmək istədim. Bu qələbəni görmək istəyirdim, amma gedib çıxa bilmədim. Qələbəni rəfiqəm və tanımadığım sürücü ilə tıxacda qeyd etdim”.

Qəti qələbə isə Aninin fikrincə, insanların yaşamaq istədiyi ölkənin yaradılması olacaq:  

“İstəyirəm ki, kimlər tərəfindən təmsil olunmasına baxmayaraq, yeni hökumət yaxşı başa düşsün ki, əvvəlki hökumətin səhvlərini təkrar etsə, onu da eyni aqibət gözləyir. Biz artıq hakimiyyətə qarşı dəqiq tələbləri olan hazır və güclü müxalifət olmuşuq”.

Edik

Yeni baş nazir artıq meydandadır. Bir ay sürən küçə döyüşlərində ilk dəfədir ki, burada Ermənistan himni səslənir.  

Edik meydanda toplaşan on minlərlə insan arasındadır.    

Onu tanımaq çətin deyil: başında lələkli enli şlyapa var. Edik Poqosyan Ermənistana 2007-ci ildə İrandan köçüb. Rəssamdır, amma vətənində daha çox müasir İran ədəbiyyatının tərcümələri ilə məşhurdur.

Edik deyir ki, himn səslənəndə vətənə köçməyin doğru qərar olduğunu anladı.

“İnqilab sözünü tam da qəbul eləmirəm, çünki İran islam inqilabını görmüşəm. Bu tamamilə fərqli şeylərdir. Baş verən dəyişikliklərə şadam, onlar lazımıydı”, – Edik deyir.

Onun fikrincə, yeganə əsl inqilab günü hərəkatın lideri Paşinyanın saxlandığı gün, aprelin 22-si oldu. Həmin gün insanların təfəkküründə inqilab baş tutdu.

“Həmin gün meydanda daha çox adam toplaşmışdı, çünki məhz onda insanlar başa düşdü ki, mübarizə şəxsən onlara toxunur. Həmin gün vətəndaş formalaşdı. Mübarizənin mərkəzi yoxuydu, insanlar lidersiz təşkilatlanırdı. Həmin gün hər kəs başa düşdü ki, Nikol Paşinyanın deyil, öz uğrunda mübarizə aparır”.  

Etirazlar günü heç nə Edikin fikrindən yayınmadı:

“Yürüş zamanı bir nəfər ətrafdakılara tum paylayırdı. İlk baxışdan bu, əhəmiyyətsiz epizoddur, amma aydınıydı ki, çoxtəbəqəli cəmiyyət qarşılıqlı əlaqədə ola bilər, onun ümumi məqsədi ola bilər.

Mitinq zamanı həm Komitasın gözəl musiqisi, həm də müğənni Tatın pop-mahnıları səslənirdi, həm də tum, kabab və şokolad varıydı. Əsl inqilab o vaxt olacaq ki, bütün bu mədəni müxtəliflik bir-birini qəbul edəcək və balansda mövcud olmağa öyrənəcək. İnsanlar bir-biriylə salamlaşmağı, küçələrə zibil atmamağı, icazə verilməyən yerlərdə yolu keçməməyi  öyrənəndə”.

Edik inqilabdan sonra “siyasi möcüzələr” gözləmir, amma yeni hökumətin verdiyi vədlərə əməl etməyini tələb edir.

Leyla

Meydanda minlərlə insanın iştirakıyla nümayiş gedir, səhnənin qarşısında tikiş maşını var. Ağ köynəkli qadın elə buradaca Ermənistanın böyük üçrəngli bayrağını tikir.

  

Mitinq iştirakçılarının birinci sıralarında Leylanın nənəsi onun işini izləyir.

O həmişə mitinqlərin keçirildiyi meydana onlar başlamazdan bir neçə saat əvvəl gəlirdi ki, ön sıralardan baş verənləri izləsin. O, zəif eşidir və buradan çıxış edənlərin dediklərini dodaqlarının tərpənməsindən oxuya bilir.

Leylanın nənəsinin ilk şəkilləri sosial şəbəkələrdə mayın 1-dən yayıldı. Hamı 12 saat ərzində Respublika meydanında dayanan 78 yaşlı qadına fikir verdi. Həyatsevər, enerji dolu qadın həyatı boyu çox şey görüb: repressiya illəri, müharibə. Mitinqlərdə 2008-ci ildən iştirak edir.  

“Martın 1-də mitinqdəydim və hər şeyi görürdüm. Həmin gün hətta üstümə tank da gəldi, amma qorxmadım, yerimdə qaldım. Onda da Nikolu gördüm. İnsanlar çoxuydu, amma onun rəhbər olacağını bilirdim”, – nənə danışır.

19 fevral prezident seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Serj Sarqsyan qalib oldu. Prezident postuna digər namizəd Levon Ter-Petrosyanın tərəfdarları seçkilərin elan edilmiş nəticələri ilə razılaşmadılar. Onlar səsvermənin nəticələrinin saxtalaşdırıldığını və onların namizədlərinin qalib gəldiyini hesab edirdilər. Fevralın 20-dən kütləvi etiraz aksiyaları başladı. 1 mart 2008-ci il tarixində nümayiş dağıdılan zaman 10 nəfər həlak oldu.  

Ədalətli ölkədə yaşamağa olan ümidi o, gənclərlə bağlayır – onlar ruhən daha güclü, daha ağıllıdırlar.  

Öz yüzilliyini yeni Ermənistanda qeyd etmək niyyətindədir:

“Nəvələrimin, nəticələrimin yaxşı, dinc Ermənistanda yaşadığını öz gözlərimlə görmək istəyirəm. Çətin olacaq, amma Nikol mütləq bizi daha yaxşı gələcəyə gətirəcək”.

Levon

Səhnənin qarşısında, birinci sırada yeni baş naziri hərbi geyimli Qarabağ müharibəsi veteranları qarşılayır. Kimisi əlil arabasında, kimisi çəliklə. Dostları ilə yanaşı Levon Martirosyan da durub.

Qarabağdakı hərbi əməliyyatlarda həm 1990-cı illərdə, həm də 2017-ci ilin aprel ayında iştirak edib.  

“İki dəfə köçmək barədə ciddi fikirləşmişəm. İlk dəfə iki il əvvəl. Amma müharibə başlayanda qaldım, döyüşməyə getdim. İkinci dəfə bir neçə ay bundan əvvəl düşündüm. Ermənistandan uzaqda yaşamağa çalışdım, amma bacarmadım.

Amma ölkəni o vəziyyətə salıblar ki, övladının gələcəyini burada sadəcə təsəvvür edə bilmirsən. Müharibə vaxtı ac, soyuq illəriydi, amma insanlar bu qədər ümidsiz deyildilər, çünki nəyin uğrunda bu məhrumiyyətlərə dözdüklərini bilirdilər. Sual yaranır: bəs indi nəyin uğrunda?”, Levon deyir.      

Mübarizənin ilk günündən nümayişlərdə iştirak edib. Onu daha çox gənclərin iştirakı sevindirir.   

“Deyirlər ki, Ermənistan qocalan ölkədir. Amma qocalandırsa, bu qədər gənc hardandır? İndi bir ümid onadır ki, bu yeni baş nazirin yanında gənclər var və o, qocalara arxalanmayacaq”, – Levon zarafatla deyir.   

O, artıq 2-3 ay sonra müsbət dəyişikliklərin olacağına inanır. Yeni hökumətdən ilk gözləntisi də pensiyaların qalxmasıdır.  

David

Meydanda insanların başı üstündə rəngbərəng çətirlər qalxır. Bir neçə saat ərzində insanlar dörd qızın şiddətli yağışın altında sevinclə rəqs etdiyini izləyir.

David səhnədə durur, həmişəki kimi başqalarından daha təmkinlidir.

David Ohanesyan MIND ictimai təşkilatına rəhbərlik edir. Vətəndaş mübarizəsində çoxdan iştirak edir. 1 mart 2008-ci il hadisələrindən sonra demək olar ki, bütün vətəndaş etirazlarında iştirak edib. David bu inqilabın əsas şüarını fikirləşib – #serjirəddet.

“Bu il də mübarizəmiz martın 1-də başladı. Hər il baş tutan yürüşdən sonra dostlarla yığışdıq, siyasi vəziyyəti müzakirə edirdik. Ermənistanın Türkmənistan olmadığını sübut etmək istəyirdik, burada türkmənbaşı ola bilməz, burada əvəzolunmaz adamlar yoxdur.

Bu müzakirələrin nəticəsində “Serji rədd et” təşəbbüsü yarandı, sonradan da Nikol Paşinyanın “Mənim addımım” təşəbbüsünə birləşdi. Qarşımıza minimum və maksimum proqramı qoyduq. Minimum müqavimət göstərmək, Serj Sarqsyanın növbəti dəfə seçilməsini mümkün qədər çətinləşdirmək, maksimum buna imkan verməmək istəyirdik”.

Mübarizənin əvvəlində David anladı ki, yaşlı nəsil artıq ümid etmir və dəyişikliklərə inanmır. Gənclərə daha çox arxalanırdılar.

“2007-ci ildən deyirdim: “Mübarizəmiz dönməz, qələbəmiz isə qaçılmazdır. İnsanlar məni dəli ya da yadplanetli hesab edirdi, amma mən təbiət qanunlarına inanıram. Reqress təkamülə qalib gələ bilməz”, – David deyir.

O hesab edir ki, Ermənistanda unikal inqilab baş verib. Hakimiyyət dəyişikliyi hələ yenicə başlayıb. Davidin fikrincə, yekun məqsəd xalqın istəyini ümumiyyətlə əks etdirməyən parlamentin buraxılması və ədalətli seçkilərin keçirilməsi olacaq:  

“Serj Sarqsyanın istefası ilk addımıydı. Bundan sonra aydın oldu ki, indən sonra siyasi iradə xalqa məxsusdur. Bundan sonra bütün hadisələrin gedişatını, gündəmi vətəndaşlar müəyyənləşdirir və diktə edirdi. Bu, inqilabın əsas nailiyyətidir”.


More on JAMnews